Bala, o əlindəki «Qurani Kərim»ə and içib, deyə bilərsənmi səni xalq seçib?
Bu yaxınlarda bir kitab mağazasında tələbəlik illərindən tanıdığım və hazırda Milli Məclis üzvü olan bir tanışımla qarşılaşdım(!). Son dəfə 16 il əvvəl görüşmüşdük, ona qədərki münasibətlərimiz normal olmuşdu. Etiraf edim ki, onunla bu qədər ayrılıqdan sonra təmas qurmaq mənə çox maraqlı idi, hətta baxışlarımızın toqquşacağı zaman salam verməyi belə düşünürdüm. Mağazadakı personalın və alıcıların qəribə baxışları altında qiyabi tanıdığım bir deputatla kitab seçirdilər…
O da məni fərq etmişdi, təxminən on dəqiqə “gizlənqaç” oynadıqdan sonra, seçdiyim kitabın pulunu ödəmək üçün kassaya yaxınlaşdım və son dəfə “keçmiş” dostuma baxdım. Əlində də nəfis tərtibatlı “Qurani-Kərim” olan “dostum” mənə yaxınlaşırdı. Onu da qeyd etmək yerinə düşərdi ki, əhvalat məlum Gülər Əhmədova olayından öncə olmuşdu…
15 ildir ki, görüşməyən tanışlar adətən hal-əhval tuturlar, ötən bunca illərdə həyatlarında hansı yeniliklərin olduğu ilə maraqlanırlar. Təkrar edirəm, bizim çox normal münasibətlərimiz olmuşdu, bu yaxınlığın nəticəsi kimi mən onun qardaşları ilə də tanış olmuşdum.
Təkcə salam verdi və başladı məni danlamağa. Ittiham o qədər “güclü” idi ki, kassada oturan qız alacağım kitabın çekini vurmağa tələsmədi.., kitabı kənara qoydu. Köhnə dostum yanındakı deputat yoldaşına mənim ixtisasca tarix müəllimi olduğumu dedi və bayaqdan söhbətə müdaxilə etməyə fürsət axtaran kəs mənə “niyə gedib müəllim işləmirsiniz” sualını verdi. Xeyrimə yaranan stiuasiyadan istifadə edərək, ona Bakıda orta məktəbə müəllim düzəlmək üçün tələb olunan rüşvətin məbləğini xatırlatdım. Təsdiqə bənzər jestlə mənim fikrimlə razılaşdığını ifadə edən həmkarından fərqli olaraq, əlində müqəddəs kitab (!) tutan köhnə tanışım isə səsini ucaldaraq, bunu böhtan və iftira adlandırdı.
Bayaqdan bizi maraqla müşahidə edən bir ahıl kişi üzünü deputatlara tutaraq mehribancasına söz istədi. Əvvəl fikirləşdim ki, o, deputatları və rejimi müdafiə edərək, sonunda onlardan nəsə bir şəxsi xahiş edəcək. Ziyalı adama bənzəyirdi, qalstuk da taxmışdı, rəhbər “görkəmi” vardı, hətta mənə elə gəldi ki, onu televiziyada danışan da görmüşəm. Televiziyaya isə, belə qocaları ancaq rejimə məddahlıq etmək üçün çıxarırlar. Məlum oldu ki, deputat tanışım da mənim kimi “fikirləşirmiş”, o səbəbdən də dərhal reaksiya verərək, “Buyur, ağsaqqal” dedi və barmaq işarəsi ilə məndən susmağı tələb etdi.
Özümə söz verdim ki, qanımı qaraltmayacam, iki deputata və bu qocaya baş qoşmayacam, heç söhbətin sonunu da gözləməyəcəm. Qoca dedi ki, mən Azərbaycanın əməkdar müəllimiyəm, sizin kimi (deputatlara işarə edirdi, arxasını mənə çevirmişdi, mənə elə gəldi ki, məni qıcıqlandırmaq istəyir – X.Ə.) minlərlə şagirdim olub, 40 ilə yaxın direktor işləmişəm, halal zəhmətimlə xalqa xidmət etmişəm. Deputatlar az qala “kövrəlmişdilər”. Söhbətin hansı məcrada davam edəcəyindən iyrəndiyimə görə çıxıb getmək istədim, lakin dostum qüvvətli əlləri ilə qolumdan yapışıb, məni saxladı. Bu 16 ildən sonra bizim ilk toxunuşumuz idi. Hiss etdim ki, qoca nitqini qurtarmamış qolumu buraxan deyil…
Odur ki, xoş şeylər haqqında fikirləşməyə başladım, xatirələrə daldım, bu deputatla necə tanış olmağımızı yadıma salmağa çalışdım və hərdən ona baxmaqla yaddaşımı vərəqləyirdim. Qocanın nədən danışdığının fərqində belə deyildim. Qəflətən dostumun sifətindəki məmnunluğun sürətlə itməyə başlaması diqqətimdən yayınmadı. Sanki yuxudan ayıldım, sən demə, qoca rejimi yıxıb-sürüyürmüş…
Fikir verdim, qolum sərbəst idi, dostum qolumu buraxmışdı, qoca isə 5 dəqiqəlik nitqini, 125 deputatın yuxusunu qaçıra biləcək möhtəşəm bir sualla tamamlayırdı:
Bala, o əlindəki «Qurani Kərim»ə and içib, deyə bilərsənmi səni xalq seçib?
“Bala” çıxılmaz vəziyyətə düşmüşdü, o diqqətlə (!) əlindəki müqəddəs kitaba baxdı, məni dəhşət bürüdü, əlləri titrəyirdi, halı göz-görəti dəyişirdi, köksü sürətlə qalxıb-enirdi…
Qoca isə, gülümsəyərək, məğrur halda mağazanı tərk etdi. Mən illərdir susmaq bilməyən, ağa qara deyən deputatı tək kəlməylə çökdürən bu müdrik qoca ilə yaxından tanış olmaq üçün özümü bayıra atdım, bu dəfə məni dəhşət bürüdü – bir neçə saniyə əvvəl qapıdan çıxan qoca yoxa çıxmışdır…
Desəm ki, bu hadisədən 40 gün sonra, Gülər Əhmədovanın mandat bazarlığını əks etdirən video işıq üzü gördü, inanarsınızmı?