Daxili işlər nazirliyinin mətbuat xidmətinin işçisi, Lider televiziyasının keçmiş əməkdaşı Sahil Kərimlinin facebook sosial şəbəkəsində qoyduğu statusları oxudum və etiraf edim ki, boyu bir metr yarım olan bu polis işçisinin(!) gələcəkdə nələrə qadir ola biləcəyi məni vahimələndirdi. Rejimdən narazı olan insanları topun lüləsinə qoyub parça-parça etməyə hazır olduğunu yazan bu… asayiş keşikçisi mənə ömürlük həbsdə olan keçmiş polis müstəntiqi Hacı Məmmədovdan da qorxunc göründü. Çünki bu, daha gəncdir, hədəfi Hacı Məmmədov kimi varlılar deyil və o səbəbdən ola bilsin ki, onun bir gün bizim övladlarımızla yolu kəsişsin. Inanmıram ki, onu nazirlikdən kənarlaşdırsınlar, hətta ola bilsin ki, ara sakitləşəndən sonra onu daha yüksək vəzifəyə aparacaqlar. Nə isə, yazımı ona həsr etmək fikrində deyiləm, daxili işlər nazirliyinin onun barəsində “bilmədikləri” varsa, bu, onların məsələsidir…
…Mənim həyatda ən çox qorxduğum şeylərdən biri, bəlkə də birincisi, övladlarımızın bizdən sonra bu rejimlə baş-başa qalmasıdır. Çünki bayırda totalitarizm at oynadır, biz isə, bu reallıqları “görməyərək”, bəlkə də özümüzdən asılı olmayaraq, övladlarımızı demokratik, azad bir mühitə hazırlayırıq. Səhvmi edirik, düzmü edirik, bunu zaman göstərəcək, hələlik yeganə təsəllimiz budur ki, bacardıqca övladlarımızı rejimin eybəcərliklərindən uzaq tutmağa çalışırıq, işçilərinin reputasiyası yaxşı olan bağçası, direktoru nisbətən ədalətli və ən əsası, xanım olan orta məktəb axtarırıq. Lakin uşaqlar böyüdükcə, həmin məktəb və bağçalar azalır, suallar da artır, onları cavablandırmaqda çətinlik çəkirik…
Hər dəfə kiçik qızımı sirkə aparandan sonra onun mənə verdiyi sualları cavablandırarkən çıxılmaz vəziyyətə düşürəm. Qastrola gələn məşhur sirklərin televiziya kanallarındakı reklam çarxlarındakı heyvanların nə üçün sirkdə görünmədiyini ona başa salmaq üçün bütün fantaziyamı işə salmağa məcbur olurdum. Gah şirləri analarının xəstəxanaya aparmasını, gah da ayıların bağçada yatıb qalmasını bəhanə gətirirdim. Axı ona necə başa sala bilərdim ki, bu reklamdakı heyvan bolluğu uşaqları ora cəlb etmək üçündür, çünki YAP-çı əmilər gözəl bilirlər ki, bu reklamın fonunda valideynin hər hansı açıqlaması bəhanə kimi qəbul olunacaq və o da bunu sübut etmək üçün mütləq uşağı sirkə aparacaq…
Bir vacib məqamı da qeyd edim, mənə sirkdə heç vaxt kassadan bilet almaq “xoşbəxtliyi” nəsib olmayıb, onu həmişə kassanın önündəki “lişnı bilet” satan qalstuklu… YAP-çılardan almaq zorunda qalmışam. Bir neçə gün əvvəl qabaqcadan bilet almaq cəhdim dəfələrlə fiaskoya uğradıqdan sonra, bunun əbəs və əbədi olduğuna əmin oldum. Gələk YAP məsələsinə, tələsməyin, izah edirəm. Adətimdir, hər dəfə onlardan bilet alarkən, “bu qədər bilet sizdə hardandır, kim olduqları, bu qədər ”lişni bilet”i hardan aldıqları haqda sual verirəm. Onlar da nəzakətlə mənə bidirirlər ki, “bunlar çalışdıqları idarə və müəssisəyə verilən biletlərdən ”artıq qalan”larıdır, istəmirik ki, biletlər batsın, o səbəbdən burdayıq”. Yəni bizi də uşaq yerinə qoyurlar və uşaqlarımızın xətrinə bununla barışmaq zorunda qalırıq.
Həqiqət isə, YAP rejiminin bu uşaq sevincinə də haqq qoymasıdır, buradakı “qəpik-quruş”a da nəzarət etməsidir.
YAP rejimi uşaqların sevincinə belə saxtakarlıq və rüşvət qatmaq qədər alçaqdan “uçmağı” özünə rəva görür. Bu rejimin buyruq qulu Sahil Kərimli yəqin ki, ömrünün sonuna qədər bunu anlamayacaq. Çünki ona YAP-dan da alçaqda uçmaq üçün “lisenziya” verilib. Dünənki h.məmmədovsayağı statusunu qorxaqcasına yığışdırması ilə məlum oldu ki, “lisenziya” sürünmək, hərdən isə hoppanmaq üçündü. Uçmaqdan söz düşmüşkən…
…Son dəfə, yəni Gülər Əhmədova olayından sonra, ilk dəfə getdiyimiz tamaşada qızıma həqiqəti söylədim, yəni sirkdəki xalanın necə “uçduğunu” izah etdim. Ona başa saldım ki, xalanın arxasına bağlanmış kəndiri… aşağıdakı qara paltarlı başqa bir xala idarə edir, bir düyməyə basanda kəndirlənmiş xala “uçur”, o biri düyməyə basanda isə geri qayıdır. Düşündüm ki, yavaş-yavaş həqiqəti anlamaq onun da haqqıdır…
Diqqətlə məni izləyən qızım fikrə getdi və güldü. Sirkdən çıxanda isə, ilk dəfə olaraq televiziya reklamındakı heyvanların niyə burda olmadığı haqda heç nə soruşmadı.
Bu onun mənə ilk təsəllisi idi…