Həcc ziyarətinə gedən insanlar pis əməllərdən birdəfəlik əl çəkdikləri haqda ALLAHA söz demək imkanına sahib olurlar və geri qayıtdıqdan sonra ömürlərinin axırınadək günahlarının yuyulması üçün Allaha dua edirlər. Yəni Həccə qədər keçirdiyi həyat tərzindən imtina edirlər…
Bu səfərin şərtləri də müqəddəsdir, səfər üçün xərcləyəcəyin pul halal olmalıdır, gedəcəyin zaman hər kəsə olan maddi və mənəvi borcunu ödəməlisən, kimsə səndən narazı qalmamalıdır, narazılarla, vaxtilə incitdiyin insanlarla tək-tək görüşməlisən. Və onların halallığını almalısan, çünki Allahdan əvvəl onlar səni bağışlamalıdırlar. Bunlar hələ mənim bildiklərim və oxuduqlarımdır və müqəddəs Qurani-Kərimdə də yazılıb kı, Allah daima sizin yanınızdadır, hesab etməyin ki, sizin törətdiklərinizdən onun xəbəri yoxdur, aldığınız hər udum nəfəsi hiss edir və söylədiyiniz hər kəlməni eşidir, nəzərləri daima sizin üzərinizdədir…
Doğrudan da çox məsuliyyət tələb edir, müsəlmanın Həcc ziyarəti. Şəxsən mən qorxuram, çünki yaşadığım Əliyev rejimində halal pulla bu səfəri gerçəkləşdirmək üçün əvvəlcə rüşvət verib, orta məktəblərin birinə müəllim düzəlməliyəm və sonra alacağım 250-300 manatdan qənaət edib təxminən 3-4 min manat qırağa qoymalıyam. Hazırkı şəraitdə bu, demək olar, mümkün deyil, çünki müəllim düzəlmək üçün 6-8 min manatdan əlavə olaraq, siyasi əqidəmdən də imtina etməliyəm ki, məni işə götürsünlər. Lap tutalım bunları da etdim, yenə getməyə çəkinirəm, qorxaram ki, biri yaxamdan tutub deyə bilər ki, ay pədərsüxtə, sən hansı üzlə o müqəddəs yerlərə getdiyinin fərqindəmisən? Düz də eliyər, vallah…
Məlum Gülər Əhmədova olayından sonra Milli Məclis üzvlərinə olan marağın artması çox təbiidir, hətta mən ölkənin ictimi-siyasi gündəmini silkələyən bu olayın ilk günlərində yazdığım bir yazıda bir neçə deputatın Milli Məclisdən istefa verə biləcəyini iddia etmişdim. Etiraf edim ki, heç mən özüm də inanmırdım, sadəcə Milli Məclis üzvlərinin yarısının(!) hacı olduğunu, dəfələrlə(?) müqəddəs Ərəfatdan şeytanı daşladıqlarını onlara xatırlatmaq istəmişdim.
…Fikir vermişəm, hacı deputatlar Həccə ən çox beşillik deputat “fəaliyyətinin” bitimində gedirlər. Burada bir “hikmət” var. Onlar bir “boşluq” tapdıqlarını zənn edirlər, bu müsəlman aləminə “Allahın qapısının daima bəndələrinin üzünə açıq olması” haqda irəli sürülən mülahizədir. Yəni beş il, deputat kimi, “ərazidə obyektlərin sayını artır, seçicilərlə bir dəfə də olsun görüşmə, onları qapıdan polisin gücü ilə qovdur, dairədə olan obyektlərdən haqq al, sonra da get Məkkəyə, Ərəfatda şeytan quyusuna daş at, günahlarını yu, qayıt geri” və növbəti beş ilə mərhəba de.
Bir növ müsəlmansayağı “pokayanie”… Nəzərə alsaq ki, xristianlarda oxşar mərasim keşişin həbsxanaya gəlişi ilə baş tuturdu, Azərbaycanda isə deputatın və məmurun Həccə getməsi ilə. Əslində nə müqəddəs kitabımızda, nə başqa bir dində belə şeylər var. Buna “dində korrupsiya” deyirlər və keşiş və mollaların ciblərini doldurmaq üçün avam əhalini aldatmasından başqa bir şey deyildir. Günah qəsdən törədilmirsə, heç vaxt və heç bir “instansiyada” bağışlanılmır..
“Allaha iman gətirənlər bağışlanır” ifadəsinin mahiyyətini azərbaycanlı hacı-deputat təxminən belə anlayır – “Günah varsa, Həcc də var”… Vəssalam, yəni nə günah işlədirsən işlət, Həccə getməyə pulun varsa, problem yoxdur. Əksər deputatlar hər dəfə(!) Həccdən qayıdıqdan sonra, təxminən bu şəkildə danışır: Sanki, yenidən doğulmuşdum, mənə elə gəlirdi ki, günahsız bir körpəyəm”.
Müqəddəs ziyarətgahların ilahi aurasına dünyanın dörd bir yanından milyonlarla məsum insanın müsbət enerjisini əlavə edəndə, bu cənnət havasını təsəvvür edin… və razılaşın ki, bir neçə azərbaycanlı deputatın və ya məmurun oradakı balansı “korlama” ehtimalı sıfra bərabərdir, əksinə, onlar da özlərində bir “məsumluq” hiss edirlər…
Razılaşın ki, hakim ailə, iri məmurlardan sonra, boğazımıza bir də Həcc ziyarəti ilə “günahlarını” yuduqlarını fikirləşən hacı-deputatların şərik olması, dözülməz dərddir…
…Bu sətirlərin müəllifi isə, Məzahirin seçdiyi “üçqat deputat” və “çoxqat hacı”nın yeni açdığı supermarketin yaratdığı əbədi tıxacda ilişib, işə gecikməmək üçün hər gün toplam bir kilometr yolu piyada getmək məcburiyyətindədir…
Özü də hər il Həcc ziyarətinə gedən bu hacının “kvadratın”ının ünvanına nəsə deyib “günaha batmaq” istəmir.
Məsafədən ayıbdır, axı…