Məlum komediyanın “bu sevda bitməz” bölümünə gəlib çatdıq. Söhbət ABU-nun sabiq rektoru Elşad Abdullayevin hələlik sabiq deputat Gülər Əhmədova ilə video-rüşvət qalmaqalına rejimin verdiyi son quruluşdan gedir.
Gözlənilən baş verdi – Ramiz Mehdiyev 20 ilə yaxın müddətdə himayə etdiyi kadrının müdafiəsinə qalxdı və bu tamaşadakı ssenariyə əl gəzdirdi. Hazırda vəziyyət o qədər qarmaqarışıqdı, açıqlamalar o qədər ziddiyyətlidir ki, bunları bir-birindən ayırmaq üçün hər fikrin qarşısına “Ramiz Mehdiyevə qədər”, yaxud da əksinə, “Ramiz Mehdiyevdən sonra” ifadəsini yerləşdirmək lazım gəlir.
Əziz oxucu, tamaşa bundan sonra başlayacaq…
Videoqalmaqal “efirə” çıxandan az sonra YAP Siyasi Şurası məsələyə kəskin münasibət bildirdi, Gülər Əhmədova “dələduz” adlandırıldı, partiyadan xaric edildi. Bütün bunlar Ramiz Mehdiyevə qədər baş verdi.
Bəri başdan deyim ki, YAP-ın icra aparatının rəhbəri Əli Əhmədovun reaksiyası, yəni, Gülər Əhmədovanı “dələduz” adlandırması normal, məntiqi yanaşma idi. Güman etmək olardı ki, hakim partiya əlində olan təbliğat vasitələrinin köməyilə bu biabırçılıqdan mümkün qədər az zərərlə çıxacaq.
YAP-da və Milli Məclisdə adlarının qarşısında “univermaq”, “bazar”, “zavod”, “supermarket”, “novostroyka” olan deputatlar var idi və məsələ böyüməmiş Gülər Əhmədovanı “xərcləmək” lazım gəlirdi.
Bəli, hakim partiyanın məntiqilə məsələyə yanaşanda bütün bunları normal addım kimi xarakterizə etmək olardı. Lakin qəfildən “ildırım çaxdı” və səhnəyə Ramiz Mehdiyev çıxdı. Bir neçə saat ərzində o, YAP-ı və hüquq-mühafizə orqanlarını 180 faiz geri dönüş yapmağa məcbur etdi. Dərhal Baş prokuror əvvəlki açıqlamasına korrektə etdi, ardınca Mübariz Qurbanlı Əli Əhmədovu təzkib etdi, dedi ki, Gülər Əhmədova YAP-ın ləkəsi deyil, sıravi üzvüdür. Iqtidar qəzetləri də Gülər Əhmədova və rüşvət ifadələrinin önünə “guya” ifadəsini soxuşdurdular. Hakim partiyanın digər “bərkgedən” politoloqu və Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə “Yeni Müsavat” qəzetinə bu mövzuda etdiyi açıqlamalarına etdiyi düzəlişlə YAP-ın Gülər Əhmədovadan da betər günə qaldığını əyani olaraq göstərdi. Düzəlişə diqqət edin:
“Ramiz Mehdiyevə qədərki” açıqlama: “YAP bu kimi cəhdlərdən təəssüflənir və kəskin mövqeyini bildirdi. Belə mövqeyinə görə Gülər Əhmədova partiya sıralarından qovuldu. Belə insanla bizim yolumuz bir ola bilməz. Hər kəs öz hərəkətinə cavabdehdir, o cümlədən Gülər Əhmədova”.
“Ramiz Mehdiyevdən sonrakı” açıqlama: “Müxalifətin Gülər Əhmədova ilə bağlı məsələni hakimiyyət böhranı kimi təqdim etməsi əsassızdır və bu cəhdlər uğursuz alındı. Azərbaycanda parlament seçkiləri kəskin rəqabət şəraitində keçirilir və hər bir deputat rəqabət şəraitində seçilir”.
Bir qocanın hədəsi, bu biçarəni 3 saat ərzində dəyişdi, onu dönüb haqdan qaçmağa məcbur etdi.
Yadıma bir gürcü filmi düşdü…
Ölüm yatağında olan bir qocanın öz əcəli ilə həyata əlvida demək zamanı gəlib çatmışdı. Artıq heç kəs ona təsəlli vermirdi. Həkim də bizim dildə desək, xəstənin yaxınlarına artıq “palatka” qurmağın zamanı gəldiyini ucadan xatırladaraq, hətta qocanın eşidə biləcəyi tərzdə “başınız sağ olsun”, dolayı yolla “məni bu qocaya görə çağırmayın” deyir. Qoca sakit bir tərzdə öləcəkdi, çünki həyatda yadda qalacaq, qeyri- adi heç nə etməmişdi, sakitcə öz ömrünü başa vurmuşdu.
Filmin maraqlı və ibrətamiz hissəsi bundan sonra başlayır. Sən demə, bu qoca, qəhrəman olmaq üçün ayağına gələn bütün şanslardan… imtina edib. Onun ölüm ayağında xatırladığı bu şanslar filmin əsas süjet xəttini təşkil edir. Ilk şansı o, müharibə illərində qazanır. Həyatı bahasına düşmənin atəş nöqtəsini susdurmaqla ölümündən sonra Sovet Ittifaqı Qəhrəmanı olañôcaq döyüş yoldaşını o, gizləndiyi ağacın arxasından seyr edir. Daha sonra o, sevdiyi qıza sataşan əclafdan qorxur. Dostu isə oxşar hadisədə namusuna görə həyatını qurban verir və onun dəfninə bütün Tbilisi gəlir, onun məzarı sevənlərin müqəddəs ziyarətgahına çevrilir. Qocanın daha sonra bir neçə şansı da olur və hamısını “boşa” verir…
Bəli, qoca adi qorxaq kimi ölür və boş, mənasız ömür sürdüyünə görə təəssüflənir.
Hamımız öləcəyik…