Keçmiş ABU-nun keçmiş rektoru, Elşad Abdullayev bu günlərdə daha ağır ittihamlarla yenidən mətbuatda “peyda” oldu. Əslində hamımızın bildiyi həqiqətləri açıqladı. Məlum oldu ki, 2005-ci ildə hazırkı deputat Gülər Əhmədova ondan 2 milyon ABŞ dolları alıb və söz verib ki, “bunu Ramiz Mehdiyevə çatdıracam və siz deputat olacaqsınız”. Özü də ehtiyatı əldən verməyib, bütün bu proseslərin video və audio çəkilişlərini də aparıb.
…Biz Milli Məclisə necə deputat seçilmənin ən xırda detallarınadək olan məqamları bilirik və o səbəbdən də Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, seçkilərə bir ay qalmış 125 “xoşbəxt”in adları öncədən ictimaiyyətə bəlli olur. Hətta Allah eləməsin, hadisələrin belə davam edəcəyi şəkildə, 2015-ci il üçün onların ən azı 100 nəfərinin kimliyini indidən söyləyə bilərik…
Elşad Abdullayev əslində Amerika-filan kəşf etməyib, sadəcə kadrların onda olduğunu və onların bir nüxsəsini Azərbaycanın hüquq-mühafizə orqanlarına göndərdiyini söyləyib. Və çox gözəl anlayır ki, bu onun müstəqil mətbuata son çıxışı ola bilər, çünki artıq Gülər Əhmədova bunu böhtan, şər adlandırıb. Elşad Abdullayevin cavab vermək üçün yeganə şansı isə o müdhiş görüntülərin nümayişidir…
Dünən Gülər Əhmədova və Ramiz Mehdiyevi müdafiəyə Çingiz Qənizadə qoşuldu və etiraf edim ki, bu mövzuda yazmağıma da səbəb onun “Qafqazinfo” saytında keçmiş rektora cavabı oldu. Çünki deputat o qədər hissə qapıldı ki, nəticədə Azərbaycanda “ödənişli əsaslarla” deputat seçilməyi dolayı yolla etiraf etdi. Biz 2010-cu ildən etibarən onun bu səpkidə yazılarına, hakimiyyətin çətin vaxtlarında ona “arxa durmasına” dəfələrlə şahid olmuşuq. Bunu, daha çox onun həmin ildə deputat seçilməsi ilə izah edirlər, çünki ona qədər o, hüquq müdafiəçisi idi və əsasən hökuməti tənqid edirdi.
Bəri başdan deyim ki, bu, nəinki alınmadı, hətta mən deyərdim ki, özü də bilmədən hakimiyyəti ifşa etdi. Buyurun, Çingiz müəllimin sabiq rektora xitabən harayını olduğu kimi verirəm: “Əgər E.Abdullayev 2 mln. ABŞ dolları pulu Milli Məclisə düşmək üçün Gülər xanım Əhmədova vasitəsilə Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə göndərmişdisə, onda nə üçün deputat seçilməyib və bu gün Strasburqda məskunlaşıb?”.
Razılaşın ki, bu sual şifrəsiz-kodsuz, PA rəhbəri Ramiz Mehdiyevə ünvanlanıb, çünki deputatın məntiqinə görə, pul Ramiz müəllimə çatsaydı, o, Milli Məclisdə oturardı. Sabiq rektorun da şikayəti təxminən oxşar səslənir, deyir ki, mən də mat-məəətəl qaldım, pulumu aldılar və “adım siyahıdan çıxmadı”.
Daha sonra “məsum deputat”, düşünürəm ki, bütün rektorları, o cümlədən ən azı 5 milyonu olan bütün məmurları ələ salır: “Bu iki məsələ ilə bağlı (qardaşının girovluqdan azad edilməsi üçün 3 və Gülər Əhmədovaya verdiyi 2 milyonu nəzərdə tutur – X.Ə.) ortaya məntiqi bir sual çıxır. Hardan idi sizdə 5 mln. ABŞ dolları pul ki, belə sağa-sola xərcləmisiniz!”.
Yeməli məntiqdir, deyilmi? Söz sizdədir, Elşad müəllim, islanmışın yağışdan nə qorxusu, ver bunun cavabını, de ki, “o biri rektorlarda hardandır, məndə də ordandır!..”.
…Bir anlığa təsəvvür edək ki, Rövnəq Abdullayev, ölkədən qaçır və sığındığı yerdən ölkə rəhbərliyinin əleyhinə bəyanat verir. Yenə qarşısında, əlbəttə, Çingiz Qənizadəni görəcək və “Qafqazinfo”dan ona təxminən bu cür ittiham irəli sürəcək: “Neft sektorunda çalışan işçilərin qayğısına qalmaq əvəzinə, milyonlar xərcləyib, Cenifer Lopesi Bakıya hansı pullarla gətirmişdin? Bu pullar hardan idi, səndə, ay Rövnəq? Bir Ceniferin gündöyməzinə dəyərdimi? O pula yüzlərlə neftçini evlə təmin etmək olardı…”.
Hələlik bunlar baş versə də, demir, çünki Çingiz müəllim özü də o məhşur gündöyməzə tamaşa etmək üçün zamanı iplə çəkir və hələlik Rövnəq də yerindədir, hərdən deputatlara şokolad-mokalad paylayır…
Yazımın sonunda Çingiz müəllimin sabiq rektora cavabının sonundakı P.S.-ni olduğu kimi verirəm: “Mən bir neçə gündən sonra, 29 sentyabr-6 oktyabr tarixlərində Avropa Şurasının payız sessiyasında iştirak etmək üçün Strasburq şəhərində olacağam. Əgər mənim fikirlərimdə həqiqətdən kənar nə isə tapsanız, sizi çay süfrəsinə dəvət edir və dinləməyə hazıram. Telefon nömrəm isə dəyişməmişdir.”
Son cümlə çox maraqlıdır, deyilmi?. Nə isə…
Çingiz müəllim, çalışın çayxanada “radara” düşməyin…