1963-cü ildə çəkilmiş “Əhməd haradadır” filmində internat məktəbinin açılışı səhnəsini yəqin ki, xatırlayarsınz. Nə lentə, nə də qayçıya ehtiyac oldu, usta Şirin açılış nitqi söylədi və kənddəki növbəti obyektin çarhovuzlu hamam olacağının anonsunu verdi. Arvadının onu çağırdığını eşidən Şirin kişi, nitqini yarımçıq kəsdi, heç kəslə vidalaşmadan törəni tərk etdi.
Sonrakı kadr da ibrətamizdi – şagirdlər məktəbə görə nə ölkə rəhbərliyini, nə hansısa fondu yox, məhz Şirin kişi başda olmaqla inşaatçı briqadasını salamladılar.
Mənə belə gəlir ki, həmin kənddə uşaq bağçası istifadəyə verilsəydi, Şirin kişi açılışa öz şəyirdini göndərərdi, o səviyyəyə enməzdi… Xeyr əziz oxucu, mən Şirin kişi ilə Ilham Əliyevin müqayisəsini sizin öhdənizə buraxıram, bugünkü yazımda məqsədim tamam başqadır, yalnız onu deyə bilərəm ki, 2012-ci ildə bu ssenari ilə, yəni dövlət başçısının, H.Əliyev Fondunun prezidentinin adı çəkilmədən, onların iştirakı olmadan açılan məktəbi buldozerin ağzına verib, yerlə-yeksan edərlər və nəinki icra başçısını, hətta.. Şirin kişinin xələfini müxalifətə işləməkdə günahlandırıb, həbsə atarlar…
Iki gün əvvəl ölkə prezidenti Ilham Əliyev Zaqatalada orta məktəbin və uşaq bağçasının açılışını (açılış haqda qurtardıq, söhbət bağlanışlardan gedəcək- X.Ə.) etdi. Ondan bir gün əvvəl isə, Bakıda fəaliyyət göstərən uşaq bağçalarının müəllim və tərbiyəçilərinin Prezident Aparatına yürüşü baş tutdu. Tələb maaşların artırılması idi. Ölkədə bilməyənlər də xəbər tutdu ki, bu ağır və məsuliyyətli işdə çalışanlar ayda təxminən 90 manat maaş alırlar.
Bir neçə ay əvvəl isə, nazirlərlə müşavirədə, Dubayda öz övladlarına 75 milyonluq mülklər almış Ilham Əliyev, uşaq bağçalarında işləyənlərin, uşaqlara ayrılan yeməklərə göz dikməsini pisləyərək onları ittiham etdi. Diqqətlə baxanlar gördülər ki, məmurlar prezidentin bu tapıntısına, enli sifətlərinə heyrətə bənzər bir ifadə əlavə etməklə qarşılıq verdilər, yəni şokdayık, cənab prezident… Özlərini elə apardılar ki, sanki onların da uşaqları bu bağçalarda tərbiyə alır. Şəxsi bağçası, dayəsi, hətta zooparkı olan məmurların üz ifadələri növbəti dəqiqədə artıq tamam başqa tərzdə idi, “yaralı şikarı görən tənbəl pələng bəxtəvərliyini” xatırladırdı. Çünki Bakı şəhərində yerləşən uşaq bağçaları “novostroyka” üçün ən ideal məkandır. Dağıdılan bağçaların yerində tikilən və özülü qazılan kimi mənzilləri satıldığını məmurlar da yaxşı bilir. Məhz buna görə, uşaq bağçaları dərhal Təhsil Nazirliyindən alınaraq, Bakı Şəhər Icra Hakimiyyətinə verildi. Bu, əslində uşaq bağçalarının satışa açılması demək idi və bu iş yavaş-yavaş, “bumsuz” aparılır. Yəni ajiotaj yaratmadan, orada işləyən minlərlə müəllim və tərbiyəçini birdən ayağa qaldırmamaq şərti ilə, Tağı Əhmədovun təbirincə desək, “bir-bir” (mövzumuza da uyğun oaraq bala-bala) satılır. Mənimsəmə ssenarisi təxminən belə olur – əvvəlcə guya təmirə dayanır, valideynlər tələsik uşaqları yaxınlıqdakı bağçalara yerləşdirirlər, əslində heç nə edilmir. Bir-iki ildən sonra insanlar görürlər ki, artıq orada bir göydələn ucalır…
Müəllim və tərbiyəçilərə verilən 90 manat maaş da, məqsədli şəkildədir, insanları bu peşədən uzaqlaşdırmaq və bağçaları ələ keçirmək. Özü də birtərəfli aparılır, “müqəddəs” TQDK-nın kitabında, BDU və Neft Akademiyasından başqa, demək olar, bütün diplom verən müəssisələr, bağça müəllimi “istehsal edir”. Bu sənətə maraq bu diplomun artıq cehiz atributuna çevrilməsidir, çünki hazırda YAP iqtidarının sayəsində bağça müəlliməsi qız üçün ən mental sənət sayılır(!)…
Nəinki bağçalar, hətta zooparkın Xızı rayonuna köçürülməsi də şəxsi maraqların “təntənəsidir”. Təsəvvür edin, şəhərin mərkəzində hektarlarla torpaq, kasıb balalarının (varlıların artıq şəxsi zooparkları var – X.Ə.) “girovluğundadır”. Bu “biabırçılığa” da belə son verdilər.
Azərbaycanda uşaqlara görə verilən müavinəti Avropa ölkələri ilə deyil, sadəcə “üstünlüklərimizlə” öyündüyümüz (!) Ermənistanla müqayisə edək, bu ölkədə əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir erməni uşağı dövlətdən ayda 95 dollar alır. Azərbaycanda hər doğulan uşağa 75 manat birdəfəlik müavinət verilir. Bununla da dövlətin uşağa qayğısı bitir… Ermənistanda bağça tərbiyəçiləri orta hesabla 300 dollar alırlar və bu məbləğ staja görə artır…
Utanmasan oynamağa nə var ki…