Fazil Məmmədov… YAP-ın vahid namizədi ola bilər
Özünü hakim partiya hesab edən(!) YAP rəsmiləri 2013-cü ildə açıq şəkildə öz namizədlərinin Ilham Əliyev olacağını bəyan etsələr də qarşı tərəf quru bir təşəkkürü də onlara çox görür. Səbəb aydındır, dünyada gedən proseslərin 2013-cü ildə hansı məcrada olacağı haqda təsəvvürü olmayan ölkə başçısı bu barədə verilən suallardan məharətlə yayınmağı bacarır. Üçüncü dəfə prezident seçilmək Ilham Əliyev üçün çox böyük bir siyasi riskdir, çünki Qərb dövlətləri bunu birmənalı olaraq qəbul etməyəcəklər. Beynəlxalq birlik və dünyanın məşhur nəşrləri artıq bir ildir ki, intensiv surətdə Əliyevlər rejiminin az qala bütün sərvətinin “monitorinqi” ilə məşğuldur. Neft pullarını və ölkənin digər maliyyə qaynaqlarının talan edilməsi haqda dünyanın ən qabaqcıl nəşrlərində saysız-hesabsız yazılar dərc olunmaqdadır.
Heç şübhəsiz, “vahid namizəd”i ilə öyünən YAP-dan fərqli olaraq Ilham Əliyev komandası (bu komandaya YAP-ın heç bir aidiyyəti yoxdur – X.Ə.) 2013-də nələrin olacağının fərqindədir. Qərbin bu seçkiləri tanımaqdan imtina etməsindən tutmuş, xaricdəki daşınmaz əmlaklara qoyulan həbslərə qədər sanksiyaların qaçılmazlığı, onları indidən qara-qara düşünməyə vadar edir. Avropa Birliyinin məmurlara tətbiq edəcəyi viza embarqolarını da nəzərə alsaq, vəziyyətin hakim komanda üçün nə qədər mürəkkəb olduğu göz qabağındadır.
Oxşar rejimlərin tarixin arxivinə göndərilməsi, bu rejimlərin ən böyük himayədarı olan Rusiyada gedən əsrarəngiz siyasi proseslər Qafqazda demokratiya üçün münbit şəraitin yaranmasından xəbər verir. Təxminən 100 il bundan öncə, daha dəqiq desək, 1916-1920-ci illərdə ABŞ və Qərbi Avropanın Qafqaz və Orta Asiya yolunu bolşeviklər kəsməyə nail olmuşdular. Hazırda hadisələrin inkişafı onu göstərir ki, Qərbin bu dəfə əliboş geri dönmək niyyəti yoxdur. Onlar Gürcüstanın timsalında bunu açıq-aşkar bütün dünyaya sübut edərək əsas məqsədə doğru gedirlər. SSRI-nin çökdürülməsi planındakı “neft amili”, Rusiyanı istər-istəməz Qərbə güzəştlər etməyə məcbur edir. Iş o yerə çatıb ki, Putin və Medvedev Gürcüstanın işğalı məsələsində məsuliyyət haqda ritorik polemikalara girməyə başlayıblar. Putin hücum əməliyyatları vaxtı Şanxayda olduğunu deyir, Medvedev isə onun dalbadal etdiyi zəngləri(!) xatırlayır. Rusiya Qərbin ciddi olduğunu anlamağa başlayıb…
Putinin prezident seçilməsi ərəfəsində və sonra Moskvanın mərkəzində keçirilən siyasi aksiyaların dəyişik, azalan və artan dinamikası Qərbin inkaredilməz təsir imkanlarının olmasından xəbər verir.
Belə bir şəraitdə Azərbaycan iqtidarının 2013-cü ildə hakimiyyəti əldə saxlamaq üçün müxtəlif variantlara əl atacağı şübhəsizdir, çünki Qərb Ilham Əliyevi dəstəkləmədiyini açıq şəkildə büruzə verir. Hakim zümrənin offşor zonalara çıxardığı 48 milyard dolların açıqlanması bu istiqamətdə atılan çox ciddi addımdır. Müqayisə üçün deyək ki, ərəb diktatorları hətta devriləndən sonra onların var-dövləti bu cür nümayişkaranə açıqlanmadı.
Bütün bunları nəzərə alan iqtidar, 2013-cü il prezident seçkilərinə Ilham Əliyevsiz getmək variantını çox ciddi şəkildə da nəzərdən keçirir. Hazırda ölkə daxilində gedən proseslərə diqqətlə nəzər salsaq, hakim komandanın vergilər naziri Fazil Məmmədovun namizədliyi üzərində dayanacağı ehtimalı hər keçən gün artır. Bütün oliqarx-məmurlar sanki arxa plana keçib, onların nüfuz dairələrinin daraldığı bir vaxtda Fazil Məmmədova hər yerdə yaşıl işıqdır. Bu seçim isə təsadüfi deyil…
Onun başqa məmur-oliqarxlara nisbətən az iddialı olması, illərin sədaqət sınağından “üzüağ” çıxması, fərdi keyfiyyətləri, nəhayət səhhətində olan problemlər(?) hakim zümrənin 2013-ci ildə ona “stavka” edəcəyindən xəbər verir. Lakin prezident səlahiyyətlərinin önəmli dərəcədə məhdudlaşdırılması və onun gələcək baş nazirə, yəni Ilham Əliyevə verilməsi nəzərdə tutulur.
Bu plan baş tutacaqmı? Deyəsən bu dəfə alınmayacaq… Çünki artıq xalqın müqavimətini qırmaqla hakimiyyətdə qalmağa çox “pis baxırlar”. Əsas məsələ isə, diktatorlarla xalqın “baş-başa qalmasına” əsla müsaidə edilməməsidir.