Təbrizdə min beş yüz soydaşımız zəlzələdən həlak oldu, Bakıda telekanallar şou biznesə, çal-çağıra ara vermədilər…
Son dövrlərdə Iran-Azərbaycan münasibətlərində çox maraqlı və anoloqu olmayan bir vəziyyət yaranıb – qarşılıqlı ittihamlar və mehribançılıq bəyanatları sanki növbə ilə bir-birini əvəz edir.
Vəziyyət hava proqnozu kimi dəyişir.
Uzun illər arzusunda olduğum Təbrizi görmək üçün səfərə hazırlaşdığım məqamda Iran hökuməti iki cavan şairimizi həbs etdi. Həbsin motivləri də, Iran-Azərbaycan münasibətləri kimi bir neçə dəfə dəyişdiriləndən sonra bu fikrimdən vaz keçdim.
Bəli, 40 milyon Azərbaycan türkünün yaşadığı bu iki dövlətin “təsadüflər” üzərində qurulmuş münasibətləri elə bir tərzdədir ki, istər Bakıya, istərsə də Təbrizə səfərdən qayıtmaya da bilərsən. Məsələn, sən Astara keçid məntəqəsində olarkən Bakıda iki Iran vətəndaşını casusluq və yaxud narkotika ittihamı ilə tuta bilərlər. Bu zaman səninlə tutulanlar arasında qəribə “paralellər” apara bilərlər. “Oxşar” həbs prosedurları və sən qonşu ölkənin zindanındasan.. Tutulanlar isə, adətən, hər iki tərəfdən Azərbaycan türkləri olur.
Məqsəd aydındır – ikiyə bölünmüş xalqın qaynayıb-qarışmasına əngəl olmaq. Hazırda Iran və Azərbaycan rejimləri bu sahədə bir-biri ilə anlaşma şəraitində çalışırlar.
Luvr muzeyini Parisdə, müqəddəs Petka(!) kilsəsini Serbiyada təmir etdirən iqtidarın Təbrizdə, Ərdəbildə dağılmaqda olan tarixi adidələrimizdən xəbəri yoxdur desək, sadəlövhlük etmiş olarıq.
…Müasir dünya diplomatiyasının ən nadir nümunələrindən biri Iran-Azərbaycan münasibətləridir. Hər iki ölkə rəhbərliyi istəmədiyi şəkildə bir-birini sevməyə “məhkum edilib”.
Buna səbəb Güney və Quzeydə yaşayan 40 milyondan çox Azərbaycan türklərinin varlığı və günü-gündən artan yaxınlaşma “təhlükəsidir”.
Bunun üçün Azərbaycanın avtoritar və Iranın dini rejimləri qarşılıqlı anlaşma və azəri türklərinə hesablanmış gərginlik imitasiyası şəraitində davam etməyə məcburdurlar.
Sadəcə bir misal çəkim, heç kimə sirr deyil ki, Azərbaycandakı özəl klinikalar iqtidar mənsublarınındır. 20 illik fəaliyyətləri ilə, xalqı sözün hər iki mənasında xəstə etdiklərini başa düşərək, son dövrlər hər addımda bir klinika açıblar. Və o da gün kimi aydındır ki, Irandakı tibbi xidmət həm keyfiyyətinə, həm də ucuz qiymətinə görə Azərbaycandakından fərqlənir.
Insanların kütləvi surətdə qonşu dövlətə axın etməsi klinika sahiblərini, yəni Azərbaycan hakimiyyətini narahat etməyə başladı. Növbəti, süni gərginlik yaradıldı, Iran da xaricilər üçün müalicə qiymətlərini qaldırdı. Çünki bu mehribançılıq onları da narahat edirdi. Ardından isə klinikaların və ölkənin faktiki sahibləri “Irana getmək təhlükəlidir” bəyanatı ilə xəstə zavallı insanları Bakının bahalı klinikalarına qaytardılar.
…Güney Azərbaycanda baş verən zəlzələ hamımızı sarsıtdı, yüzlərlə soydaşımızın həlak olması xəbəri gəldi. Nədənsə diqqətimi zəlzələdən dağılan evlərin torpaq kərpiclərdən tikilməsi, dağılmayan nadir binalarının isə sement və daşdan tikilmiş olması cəlb etdi. Yüz il əvvəlki üsullarla tikilmiş evlər zəlzələdən sonra bir yığın torpağa oxşayırdı.
…Həlak olmuş uşaq şəkilləri isə, Xocalıda ermənilərin törətdiyi vəhşiliyin qurbanı olan körpələrinin dəhşətli rəsmlərınə o qədər oxşayırdı ki…
…Internetdəki bu görüntüləri seyr edəndən sonra televizoru açdım, Azərbaycan kanallarında toy-bayram idi, “Space”də Nisə Qasımova oxuyurdu, ATV-də Dilarənin şousunda düşük qəhqəhənin biri bir qəpik idi, ITV-də komediya verirdilər, Xəzərdən “2-ci sənət” əyləncəli proqramı gedirdi. Lider və AzTV-də gedən xəbərlərdə isə zəlzələdən zərər çəkənlərin arasında… Azərbaycan vətəndaşılarının (!) olmadığı bildirildi(?!)…
Xarici televiziyalara çevirdim, utandım… – Təbrizdə və Herisdə zəlzələdən həlak olmuş körpələri göstərirdilər, gözlərini əbədi olaraq yummuş, sanki şirin yuxuya getmiş, məsum AZƏRBAYCAN KÖRPƏLƏRINI…