Isaxan Aşurovun əziz xatirəsinə
Çalışdığım “Azadlıq” qəzetində ən ağır “iş” uşaqların olmadığı vaxt telefonun dəstəyini qaldırmaqdır. Zəng edənlərə, “sabah zəng edin, gecdir, hamı gedib” desəm də, bəzən qulaq asmalı oluram. Insan dəli olmaq dərəcəsinə gəlir, az qalır desin ki, bura Daxili Işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq, Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, qəzetdir, niyə əvvəl şikayəti ora etmirsiniz, olmur…
Çünki cavab təxminən belə olacaq – “o saydığınız yerlərə ayaq döyməkdən ayaqqabılarımız yırtılıb, əlimiz hər yerdən üzülüb, məqsədimiz azacıq da olsa, təsəlli tapmaqdır, həqiqətin hər kəsin bilməsini istəyirik”.
…Razılaşın ki, insanların haqq-ədaləti “Azadlıq” qəzetinin səhifələrində axtarması qaragüruh rejimin xalqa yaşatdığı faciədən xəbər verir.
Həbsdə olduğu illərdə “Azadlıq” qəzeti başda olmaqla, bütün demokratik qüvvələrin müdafiə etdiyi Eynulla Fətullayev azadlığa çıxdıqdan sonra dostlarının onu tənqid etməsi, etiraf edim ki, məni narahat edirdi. Fikirləşirdim ki, adam hələ özünə gəlməyib, mövqeyini ortaya qoymayıb, nəhayət, məhbəsdə olarkən Ilham Əliyevi bağışlamayacağına and içib, xeyir ola, indidən onu topun ağzına qoymusunuz? Axı onun məhbəsdə ayaqyoluna beş dəqiqə gec aparılmasına belə, reaksiya verirdiniz, bir az hövsələniz olsun, görək nə olur…
…Qaradağdakı məhkəmə prosesindəki biabırçılığa necə biganə qalmaq olardı – 5 yaşlı qıza təcavüz etmiş alçaqla, anasını bıçaqlayan naxələfi Eynullanın üzünə durmağa məcbur etdilər. Rejimin əxlaq kodeksi haqda Eynullanın məhkəmədəki çıxışından sitat çox maraqlıdır:
“Budur sizin şahidlər. Siz bunlardan Azərbaycan ziyalısına qarşı istifadə edirsiniz. Bax, bu iqtidar məni bunlarla bir sıraya qoyub. Bunu bağışlamaq olar? Mən bunu Ilham Əliyevə heç vaxt bağışlamayacağam”.
Indi isə, son müsahibəsindən bir cümləyə diqqət: “Ilham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir”.
Bəli, zaman göstərdi ki, dostları haqlı imiş, iki gün əvvəl Eynulla çıxıb hətta bu iqtidarın əxlaq kodeksinə təriflər yağdırdı və onu-şübhəli mənbələrin maliyyələşdirdiyi (etika xətrinə bunu heç kim açıqlamır, düz də edirlər – X.Ə.) qəzet redaktorunu az qala Azərbaycanın bir nömrəli dissidenti edən, dünyanın daim diqqətində qalmasında müstəsna rolu olan dostlarını və müxalifəti çəkinmədən qaragüruh adlandırdı.
Eynullaya görə sən demə, 9 milyonluq xalqı acı taleyi ilə baş-başa buraxıb, xaricdəki hesablarına milyardlarla pul yatıran, insanları “getto” şəraitində saxlayan iqtidarın “əxlaq kodeksi” də var imiş. Rejimin özbaşınalığı ilə barışmayan müxalifət cəzalandırılmalı, 48 milyardı oğurlanmış xalq isə hər gün yanan mərkəzə ağlamalı və iqtidarın canına dua “kaçat” etməli imiş…
Mən bu günlərdə “Yeni Müsavat” qəzetinin əski yazarı, sabiq deputat Aynur Camalqızının Heydər Əliyev mərkəzindəki yanğınla bağlı “Yanğından ”yanğına” adlı yazısını oxudum, etiraf edim ki, Eynulla bu xanımın yanında toya getməlidir, yazıdan iki cümləni nəzərinizə çatdırıram:
“Əlbəttə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yüksək peşəkarlıqla yanğını söndürdü…
…Siz (müxalifət nəzərdə tutulur – X.Ə.) rəsmən Azərbaycan vətəndaşı ola bilərsiz, amma mənən, ruhən Azərbaycandan çox-çox uzaqlardasız”.
Bəli, əziz oxucu, suyu 30 metr kənara tökən helikopterləri və daha sonra Azərbaycan vətəndaşı! olanların 48 milyardı ölkədən çox-çox uzaqlara çıxardığını da gördünüz.
Hətta YAP da, cib müxalifəti də susdu, bunlar susmurlar, iqtidara bəraət qazandırırlar…
Kədərli günlərini yaşayan YAP-ın “bostanına” icazəsiz girən Eynulla və Aynur xanım bilməlidir ki, bu çox təhlükəlidir, odur ki, nə qədər gec deyil, çıxmağı məsləhət görərdim. Onsuz da çıxaracaqlar…