2013-cü ilin A və B variantları – II yazı
Azad seçki şəraitində iqtidar… Fəzail Ağamalı ilə təmsil oluna bilər…
Əvvəlki yazıda qeyd etmişdik ki, hakimiyyət gələnilki seçkiyə ölüm-qalım savaşı kimi baxır, çünki son bir ildə məlum oldu ki, Qərb israrla hakimiyyəti demokratiya imitasiyasından əl çəkməyə çağırır və dəyişikliklərin olmayacağı təqdirdə, ən ciddi sanksiyalara qədər gedilə biləcəyini açıq şəkildə vurğulayır.
Bu tələblərin başında azad seçki gəlir, yəni saxtalaşdırılmaması üçün bütün mexanizmlərin işə salınması, müxalifət və iqtidar namizədləri üçün eyni şəraitin yaradılması, seçki məntəqələrində şəffaflığın təmin edilməsi və s.
Iqtidar son bir ilə qədər demokratiyanın imitasiyası ilə Qərbi yola verdiyinə “inanırdı” və bunun sonsuza(!) qədər davam edəcəyinə əmin idi. Artıq dünyada diktaturalar ard-arda çökməyə başlayıb və onları himayə edən Rusiya başda olmaqla digər dövlətlər də bununla barışmağa məcbur edilir. Biz yeni çağa qədəm qoyuruq…
Xatırlayırsınızsa, Bakıda Misirin əli qanlı diktatoru Hüsnü Mübarəkə qoyulmuş heykəl “ərəb baharı” zamanı israrla mühafizə olundu və onun siyasi ömrünun bitdiyi məlum olanda söküldü.
Hazırda Azərbaycan iqtidarı çox çıxılmaz durumdadır. Məlum səbəblərdən şəffaf seçkinin keçirilməyəcəyi gün kimi aydındır, məhz buna görə də rejim müxtəlif variantlarla, özü də köhnə metodları saxlamaqla bu “başabəla” seçkini yola verməkdə israrlıdır.
Köhnə metodların başında, qeyd etdiyimiz kimi, həbslər və repressiv addımlar gəlir. AXCP sədri Əli Kərimlinin absurd ittihamla həbs edilən qaynı Elnur Seyidov, əvvəl narkotika, sonra isə Vətənə xəyanətdə ittiham edilən talış ziyalısı Hilal Məmmədov, məlum Quba hadisələri zamanı həbs edilən jurnalist və hüquq müdafiəçiləri, bir ildən artıqdır əsassız yerə həbsdə saxlanılan AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli və hüquq müdafiəçisi, ictimai xadim Vidadi Iskəndərli, Taleh Xasməmmədov… siyahının artacağı zərrə qədər də şübhə doğurmur.
Ənənəvi olan başqa üsullarla hakimiyyətdaxili çəkişmələrə artıq start verilib. Kəmaləddin Heydərovun hədəfə “alınması”, TQDK sədri Məleykə Abbaszadənin Misir Mərdanova qarşı total hücumu və… ikincinin hələlik “susması” ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmaq məqsədi güdür. Fikir verirsinizsə, bir çox mətbu orqanlarında TQDK sədri az qala təhsilin xilaskarı, məsum “məlaikə”si obrazında təqdim edilir.
Şimal və cənubda separatçılar ovuna çıxılıb, çox güman ki, bu proses daha da “dərinləşəcək”.
Cəbhə bölgəsində də vəziyyətin bu ərəfədə dramatikləşdiriləcəyi(!) istisna olunmur.
Ilham Əliyevin real müxalifət lideri ilə seçkiyə getmə israrı təsadüfi deyil…
Hazırda iqtidar özünün 19 illik antidemokratik seçki metodlarını saxlamaqla buna nail olmaq istəyini gizlətmir və bu yolda israrlı olduğunu hər addımda açıq şəkildə ortaya qoyur.
Atılan addımlara fikir verin – PA şöbə müdirinin vətəndaş cəmiyyətləri və media nümayəndələri ilə görüşləri, problemlərin “öyrənilməsi və həlli yollarının ”axtarılması” metodları sizə qəribə gəlmirmi? Bu, daxilə hesablanmış bir imitasiyadır, məqsəd vətəndaş və qeyri-hökumət təşkilatları arasında ziddiyyətlər və real müxalifət olan Ictimai Palata daxilində gərginliklər yaratmaq…
Bəli, ciddi proseslərin astanasındayıq, artıq hakimiyyət Q.Həsənquliyev və H.Hacıyevi Qərbə müxalifət kimi sırımağa cəhd etmək fikrindən daşınıb. Qalır M.Pənahovdan, yəni seçki saxtakarlığından əl çəkmək, bu da, razılaşın ki, hələlik üfüqdə belə görünmür…
Bu, həqiqətən də, iqtidarın hakimiyyətdən könüllü surətdə əl çəkməsi demək olardı. Odur ki, şəffaf seçki arzularının gerçəkləşməyəcəyini acı həqiqət kimi qəbul edərək demokratik dəyərlər uğrunda mübarizənin həlledici mərhələsinə başlamalıyıq.
Hazırda cəmiyyəti düşündürən ən mühüm məsələ, müxalifətin alternativsiz güc mərkəzi olan Ictimai Palatanın azad seçki uğrunda aparacağı mübarizə taktikasıdır. Çünki bu yolda əldə olunan qələbə cəmiyyətin bəzi kəsimlərinin və… iqtidarın da “biganə” qalmadığı başqa bir məsələ olan “vahid namizəd” haqda təsəvvürləri dəyişəcək.
Razılaşın ki, bu terminin özü bir balaca antidemokratik səslənir…
ardı var