Diktator atalarının ucbatından övladları nələr çəkmədilər?
Bir vaxtlar bir barmağının işarəsi ilə hər şeyə qadir olanlar ataları hakimiyyətdən getdikdən sonra ömürlərinin qalan hissəsini qorxu, səfalət və atalarına nifrət etməklə keçirirlər. Son illərin devrilmiş diktatorlarının övladları isə yaşaya bilmək üçün mücadilə verirlər. Onların dünyanın hər guşəsində dəbdəbəli sarayları olduğu halda, nəsibləri dəmir barmaqlıqlar arxası oldu. Diktatorlar heç vaxt başa düşməyiblər ki, ən azı övladlarının gələcəyi naminə dövləti ədalətlə idarə etməlidirlər. Bunu bacarmırlarsa, heç olmasa övladlarını bu işə bulaşdırmamalıdırlar. Kimə deyirsən…
Azərbaycanı dəyənəklə idarə edənlər açıq-aşkar öz övladlarının taleyi ilə oynayırlar. Atalarının sabaha heç bir ümidi olmadığı halda, yağ içində böyrək kimi yaşamış, heç bir əziyyət-filan çəkmədən hər şeyi olan bu gənclər açıq-aşkar odun-alovun içinə atılır.
20 ildir ölkəni repressiv metodlarla idarə edənlər öz övladlarının buna qadir olmadığını anlayırlar, amma möcüzəyə ümid edərək qollarını çırmalayıblar. Ilk olaraq ölkə qanunlarını (?) onların dünyagörüşü və ərköyün psixologiyalarına uyğun dəyişməyə başlayıblar. Milli Məclis kommersiya sirlərinin qorunması, işgəncənin adının dəyişdirilməsi və ona görə verilən cəzaların yumşaldılması haqda Cinayət Məcəlləsinə edilən digər dəyişikliklərlə işini bitmiş sayır. Bu qanunların əksəriyyəti onların keşiyində duracaq süleyman çakırların (?) sərbəstliyinə geniş imkanlar açır. Sərt hərbi-polis rejiminə ümid edirlər.
Gülbala şapalaq vurur, ardından da Milli Məclis qanuniləşdirir
Professorun birbaşa auditoriyada nazir balası və onun dəstəsi tərəfindən döyülməsindən sonra Cinayət Məcəlləsində adam döymək haqqında maddənin yumşaldılması qanunu qəbul edildi. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ona bu elmi öyrədən doğma müəllimlərini məmur balalarının bundan sonra daha asan, çəkinmədən döyə bilməsi üçün əlindən gələn hər şeyi etdi. Maraqlı dinamika izləməkdəyik, məmur övladlarının qanun pozuntuları ardından, Milli Məclis həmin maddəni yumşaltmaqla məşğul olur(!). Lap torpaq sahəsini şumlamanın ardından arat edən traktor kimi…
Hətta şapalaq üçün 500 manat cərimə təyin etdilər ki, bu pul da dövlətin büdcəsinə keçiriləcək. Beləliklə, məmur balaları atalarının büdcədən oğurladıqları pullardan hər şapalağın sayına görə 500 manat qaytaracaqlar. Yəni nazir və məmurların tələbə balaları mühazirə zamanı professora “a kişi, ağzını yum, mama ilə danışıram” deyə biləcəklər. Yaxud da, məmurun gələcək gəlini öz nişanlısına – “təcili ”oxrana”ları da götür gəl, bu qoca kaftar mənə telefonunu söndür deyir!”.
Milli Məclis məmur balalarını bu “kiçik” qayğılardan azad etdi, həm də ali məktəb müəllimləri üçün vətənpərvərlik kriteriyaları(?) müəyyən olundu… Indi onların patriotluğu yəqin ki, sağlamlığı bahasına dövlət büdcəsini bir-iki min manat artırmaqla ölçüləcək…
TQDK sədri Məleykə Abbaszadə yaxşı olardı ki, Misir müəllimdən əl çəkib(!) bu məmur balalarının ölkənin ən prestijli ali məktəblərinə necə qəbul olunduğunu açıqlasın.
Ştrasser yəqin ki, Bakıya gəlməyəcək…
Bu yaxınlarda keçmiş baş nazir Abbas Abbasovun deputat oğlu Aydın Abbasov AŞ PA-nın ağsaqqal deputatı, siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserə cavab verə bilməməsi haqda ittihamlara bu cür cavab verdi: “Ştrasser kimdir ki, mən ona cavab verə bilməyim? Mən sözümü Ştrasser başda olmaqla dövlətimə (başa düşmək olmur, dövlətin bura nə dəxli var? – X.Ə.) qarşı çıxan, onun əleyhinə danışan istənilən şəxsə qarşı deyə bilərəm”.
Razılaşın ki, bu iki fərqli məntiqin “toqquşmasından” şapalaq iyi gəlir. Yəqin ki, Milli Məclis bu dəfə hadisəni qabaqlayar, mürəkkəbi qurumamış qanuna “xarici professor” əlavəsi edər.
Avropada qanunun tarixinə də fikir verirlər…