Bizim insanlar ya ölkədə gedən böyük talanı görmür, ya da bu talanın üç-beş ildən sonra hansı acı nəticələr verəcəyini anlamaq istəmir. Əgər talan-qarətin ancaq “Salur Qazanın evinin yağmalanması” boyunda təsvir edilən şəkildə baş verdiyini düşünürsünüzsə belə, gözlərinizi silib bir daha baxın. “Qızıl tağlı uca evlərinizi” yıxmadılarmı? “Tövlə-tövlə şahanə atlarınızı” əlinizdən almadılarmı? “Qiymətli xəzinənizi, bol sərvətinizi” talan etmədilərmi? Yaşlı analarınızı, gənc qadınlarınızı, qız-gəlinlərinizi bir parça çörək ilə imtahana çəkib əsir almadılarmı? Daha talan necə olur ki?
Heç bir ölkənin vətəndaşı çevrəsində cərəyan edən hadisələrə bizim insanlar qədər biganə deyil. Heç bir ölkənin vətəndaşı yaşadığı torpaqların ona çatacaq sərvətini, haqqını, payını haramxor dəstəyə qapdıracaq qədər vecsiz deyil. Heç bir ölkənin vətəndaşı bu qədər oğurluğa, qarətə, soyğuna göz yumacaq qədər dayanıqlı deyil. Heç bir ölkənin vətəndaşı övladına bizdəki kimi vahiməli bir sabah və gələcək buraxacaq qədər düşüncəsiz də deyil. Hər gün tapdanan haqqınıza görə səsinizi çıxarmırsınız. Şəxsi hesablara axan milyardlardan payınıza düşən 150 manat maaşa üsyan etmirsiniz. Ata-baba mülklərinizdən zorla bayıra atılanda, birlik olub küçələrə çıxmırsınız. Bu talanlara və ədalətsizliklərə qarşı etiraz çağırışlarına səs vermirsiniz. Onda necə olacaq ki? Sizin etməli olduqlarınızı yerinizə kim edəcək ki? Inanın, heç kim. Bilin ki, dünyanın bugünkü mənzərəsi heç də öz-özünə yaranmayıb. Inkişaf etmiş bütün xalqlar dişləri-dırnaqları ilə qurublar indi yaşadıqları hüquqi cəmiyyətləri…
Yüz illər bundan öncə bir hakim xanımı vergi artımına qarşı bilirsiniz necə üsyan etmişdi? Tarixə “vergiyə qarşı çılpaq üsyan” adıyla düşən həmin hadisə 1057-ci ildə Ingiltərədə baş vermişdi. Hakim Mercia Dükü Leofric Coventri kəndində yüksək dərəcədə vergi tətbiq olunacağını açıqladığı zaman xanımıÿLeydi Qodiva ilk etirazçı şəxs olmuşdu. O, “belə bir şey etsən, kəndi çıl-çılpaq dolaşaram” deyərək, ərinə qarşı çıxmışdı. Onun təhdidinə baxmadan ağır vergilər tətbiq olununca, Qodiva çılpaqÿsoyunub bir ata minərək, kəndin küçələrini dolaşmağa başlamışdı. O həmçinin kənd əhalisindən küçə pəncərələrinin pərdələrini qapatmağı xahiş etmişdi…
Amma baxaq, bizdə etiraz mədəniyyəti nə səviyyədədir? Insanlarımızın neçə faizi öz hüquqlarını bilir, qanunların necə pozulduğunu anlayır və narazılıq etməkdən qorxub-çəkinmir? Bu rəqəmin necə kiçik olması üzərində mübahisə açmağa dəyməz hər halda. Azacıq nəzər salsanız, həmin narazı passiv təbəqənin də ayrı-ayrı qrupları olduğunu görərsiniz. Onlardan birinci qrupu baş verənləri dərk etsə belə, açıq etirazdan qorxur, cınqırını çıxarmır və qorxaqlığına haqq qazandırmaq üçün etirazçılara “mız” qoymaqla məşğuldur. Ikinci qrup “beş-on nəfərlə nə dəyişəcək ki” deyib, sürünə-sürünə can verməyi qəbul edənlərdir. Üçüncü qrup isə xüsusi maraqlar müqabilində könüllü köləliyə boyun əymiş, içindəki narazılıqdan belə vahimələnən və bu vahimənin xofundan zorakı tərəfə can-başla qulluq göstərənlərdir.
Və… Bu mənzərə fonunda ölkədə talan davam edir. Bizim söküyümüzə yamaq olmayan tikintilərə, konsertlərə, sponsorluqlara, beynəlxalq yarışlara, futbol klublarına gedən milyardlar və dilənçi kökündə yaşayan milyonlar… Bu talanın, israfçılığın, soyğunun bir sonu olmalıdır. Biz vətəndaşlıq borcu saydığımız bu həqiqətləri yüz dəfə, min dəfə yorulmadan səsləndirməyə davam edəcəyik. Hər kəs anlamalıdır ki, bu talanlara son verilməsə, öz sonumuz qaçılmaz olacaq…