Dözüm limitiniz hara qədərdir? Səbir etmək, dayanmaq, susmaq nöqtəsi harda tükənir sizin üçün? Haqsızlığı, ədalətsizliyi, hansı mərtəbəyə qədər həzm edə bilirsiniz? Bir səviyyəölçən olsaydı, dözüm durumunuz şkalanın hansı rəqəmi üzərində dayanardı? Cavablarınız fərqlidir bəlkə…Amma bir şeyi dəqiq bilirəm ki, belə qiymətləndirmə indeksi təyin olunsaydı, bizim xalq dünya üzrə yüksək göstəricilər qazanardı. Çünki çoxluq olaraq nəinki səbrimizin hüdudu yoxdur, hətta əlimizi-ayağımızı darta-darta gəlib təpəmizə çıxanı da yerə düşürməyəcək qədər “xoş məramlıyıq”. Lakin bu “xoş məram”ın əsl adı başqadır əslində-acizlik, mütilik, köləlik, tənbəllik, qorxaqlıq. Necə istəyirsiniz, artıq özünüz elə də yozun…
Sükutu vala yazdırmaq
Indi gündəlik həyat mənzərələrindən bəzi epizodları xatırlatmaq istəyirəm. Sizi bilmirəm, bizim dükanın böyük bir borc dəftəri var. Hekayə danışmıram, gözlərimlə görmüşəm o dəftəri. Dükan sahibi deyir ki, bu dəftəri illərdir qapada bilmir. Gözünü qəpik-quruş maaşa dikən insanlar ay başa çatmamış, ərzağı nisyə götürmək zorunda qalır. Bəzən həmin borclar yığılıb böyük məbləğə çatır, amma çıxılmaz durumda qalan insanları geri çevirmək də imkansız. Məlumat üçün deyim ki yaşadığımız bina 80-ci illərdə akademiya işçiləri və universitet müəllimləri üçün özəl olaraq tikilib. Deyilənə görə, indi də bina sakinlərinin xeyli hissəsi o təbəqədən olan insanlardır. Illərdir akademik, müəllim heyətinin maaş artımı ilə bağlı yeni-yeni rəqəmlər səslənir. Bu sual həqiqətən adamı düşündürür. Əgər durum gerçəkdən yaxşıdırsa, o borc dəftəri orada niyə sarala-sarala qalmaqdadır hələ?..
Sizi bilmirəm, bizim binadakı liftin istifadə müddəti, bəlkə də, 10 il bundan əvvəl bitib. Içinin nə halda olduğunu anlatmağa dəyməz. “Sehrli düymələri” də kefi hara istədi, səni ora aparacaq. Ancaq hər gün qəza vəziyyətində olan o təhlükə “maşını”ndan yararlanmaq məcburiyyətindəyik. Doqquz mərtəbəni hər gün ayaqla düşüb-çıxa bilən insanlar qaldımı bu ölkədə? Bir ara sorub-soruşdurub əlaqədar ünvanlara müraciət etmək istədim ki, bu ölkənin havaya uçan milyonlarından bizim liftə də pay ayırsınlar. Cavab belə oldu ki, əvvəlcə dövlət binalarındakı liftlər təmir olunacaq, sonra pul qalsa, o biri binaların halı da nəzərə alınacaq. Xülasə, hər şey taleyin ümidinə qalıb, günlük 4-5 dəfə kəlimeyi-şəhadətini oxu, en-qalx.
Təkcə binamızla bağlı bütün problemləri sadalasam, qəzetin bütün səhifəsi dolar. Amma sizi bilmirəm, bizim bu problemlərdən xüsusi narahatlıq keçirən yalnız beş-on nəfərdir. Təbii, durumdan hamı narazıdır. Gəl ki, “çıxın ortalığa qolumuzu çırmayaq, bir iş görək” desən, irəli 10-15 adam çıxar, ya çıxmaz. Elə o üzdəndir ki,
zəngin ölkənin ucuz vətəndaşları olaraq belə səfil günlərə qalmışıq. Ölkə talanır səs yox, hüquq tapdanır səs yox, mənəviyyat əldən gedir səs yox… Daha səsinizi hansı günə saxlayırsınız, ay başınıza dönüm?..
Yenə ünlü Türkü şairi Nəcib Fazil Kısakürəkdən bir misal… Şair bir iddia səbəbindən çıxarıldığı məhkəmədə parlaq nitq söyləyir. Eyni iddia ilə mühakimə olunan başqa bir yazar bunu qısqanıb belə deyir: “Bu gün məhkəmədə bir sükut etdim, hakimlər heyəti donub qaldı”. Nəcib Fazil: “Vah, demiş, keşkə, sükutunu vala yazdırsaydım, sonra dinlərdik”.
Indi kim dərdləri dil açıb bağıran bu ölkədə sükutunu vala yazdırırsa, onun heç bir faydası yox. Çünki buna sadəcə ölü sükut deyərlər…