Oyun oynamaq hər kəsin işi deyil. Bu da bir məharət, fərasət, bacarıq və istedad istəyir. Ədalətli oyun qaydalarına uyub oynayanın sonunda qalib, mükafatçı, çempion olmaq şansı var. Çirkin qaydalarla oynayanların da qazanmaq şansı var. Amma bu qazancın mayasında haram var, hara dönsə, pislik kimi üzünə vurular adamın və heç bir halda, heç kim ona qazanan tərəf olaraq baxmaz. Xatırlayırsınızsa, illər öncə dünya mediasında belə bir foto yayılmışdı. Adını unutduğum qaçış ustalarından biri finiş xəttinə az qalmış uzun məsafəni bərabər yürüdükləri rəqibinin halının qəflətən pisləşdiyini görüncə dayanıb ona yardım etmiş və birinciliyi əldən qaçırmışdı. Şübhəsiz, o, marafonu qalib kimi başa vuraraq da tarixə düşə bilərdi. Lakin içindəki insanlıq, ləyaqət və mərhəmət hissi o böyük zəfər duyğusuna qalib gəldi. Insanlıq tarixinə hədəf götürdüyündən daha dəyərli olan bir örnəklə yazdırdı adını…
Bənzər olaraq, həyatımız bir oyun ssenarisi kimi qurulduğuna görə, qaydaların seçimi də çox zaman öz üzərimizə düşür. Ən zor işdir bəlkə də, doğru və əxlaqlı seçim böyük qazanc gətirməz çox halda. Yolun ən çətin olanını seçərsən bununla. Ən ağır şərtləri, ən böyük sınağı qəbul etmiş olarsan. Ancaq için və vicdanın rahat, başın dik, qürurla gedərsən yolu. Sıxıntılar, məhrumiyyətlər, badalaqlar, əngəllər olsa da, kimsə saxlaya bilməz səni. Kimsənin atdığı çirkab, yaxdığı qara, etdiyi pislik yapışmaz ətəyinə, dönüb atanın özünə qayıdar sonunda.
Doğru qaydaları seçmək, doğrudan da, çətindir. Sən “öz rolumu insan kimi oynayım” deyərkən, ortalığı qarışdırıb duran oyunbazları görə bilməzsən. Bəlkə görməyə xəyal gücün belə yetməz. Ağlına belə sığışdıra bilməzsən insan maskasına girib min oyundan çıxan hiyləgərlərin fitnə-fəsadlarını. Nə əməllər varmış, nə oyunlar, nə ssenarilər! Bütün bunların çirkabını və ağırlığını necə daşıya bilir insan deyilən məxluq içində, Ilahi? Qəfil bir rüzgarın gəlib bütün örtükləri götürəcəyini, pərdələri açacağını, maskaları düşürəcəyini heçmi xəyal etməz insan? Heçmi rüsvaylığın, miskin duruma düşməyin, cılızlaşmağın xəcalət xofunu hiss etməz öz üzərində insan?
Bəzən çevrəmizdəki üzlərin necə dəyişib başqalaşdığını görüncə, özümüzü qınayarıq dönə-dönə. Vaysınarıq yanıldığımıza, aldandığımıza, aldadıldığımıza görə. Lakin dünya yarandığı gündən belə bir oyun xətti üzrə dönür anlaşılan. Bu hekayələr də boşuna yaranmayıb axı… Bir adam bərbərdə saçını düzəltdirirdi. Bu vaxt qapıdan bir uşaq boylandı. Bərbər adama pıçıldadı: “Bu, əqli cəhətdən küt bir uşaqdır. Hərdən çağırıb əylənirik biz də…” Bunu deyib bərbər uşağı içəri çağırdı. Uşaq içəri girib sakitcə salam verdi. Üzündə, doğrudan da, səfeh bir ifadə vardı. Bərbər bir əlində 5 dollar, o biri əlində 1 dollar tutaraq soruşdu: “Hansını istəyirsən, ala bilərsən”. Uşaq əvvəlcə 5 dollara, ardınca 1 dollara baxıb, sonra 1 dollarlığı alaraq dönüb getdi. Bərbər gülümsədi: “Gördünüz, ağlı hər şeyi belə kəsir”. Təraş bitincə adam küçəyə çıxdı və qarşıda öz-özünə oynayan həmin uşağı gördü. Maraq güc gəldi və yaxınlaşaraq, nədən 5 dolları deyil, 1 dolları aldığını soruşdu. Uşaq: “1 dolların az olduğunu bilirəm, amma 5 dolları alırsam, oyun bitər…”
Xülasə, doğru qaydaları seçdiyiniz zaman səfeh görünənlərin belə nə oyunlar çevirdiyini görə bilməzsiniz bəzən. Bu da elə ən çox oyunun bitməsini istəməyənlərin işinə yarayır. Yaxşı olar, belə çirkin oyunlara gəlməmək üçün gözlərinizi dörd açasınız.