Bu gedişlə məmləkətdə hələ çox insanın canı yanar. Yoxsulluqdan, işsizlikdən, çarəsizlikdən, qanunsuzluqdan qəlbi tutuşan yüz minlər var aramızda. Əlini tuta bilmədiyimiz, qəlbində ümid işığı yandıra bilmədiyimiz, dərdinə çarə ola bilmədiyimiz yüz minlər. Onlardan intihar körpüsünə çıxanda, bir ipdən asılı tapılanda, bir litr benzinin qurbanı olanda xəbər tuturuq çox zaman. Yəni iş-işdən keçəndə… bir ocaq başsız qalanda, bir uşağın taleyinə yetimlik yazılanda, bir həyat əbədilik sönüb gedəndə. Hesab verəcək şəxslər kar və kor kimi. Nə bu darmadağın olan talelər, nə də sönən həyatlar tərpədə bilir onları. Oralarda kimsənin dərdini dərd edən yox. O üzdən də, ölüm sırasına duranların sırası uzandıqca uzanır, sıxlaşdıqca sıxlaşır…
Srağagün özünü yandıran şəxs də bir taksi sürücüsüdür – otuz doqquz yaşlı Arzuman Hümbətov. Hazırda ağır durumda olan sürücünün qardaşı deyir ki, onu bu həddə Nəqliyyat Departamentinin işçiləri gətirib çıxarıblar. Onlar sürücünü mübahisəyə çəkib, sonra da vəhşicəsinə döyüblər. Bu haqsızlığa dözə bilməyən sürücü də adamların gözü qarşısında üstünə benzin tökərək özünü yandırıb. Iki uşaq atası olan Arzuman kirayədə qalırmış, çörəkpulunu zorla çıxarırmış…
Ölkədə özbaşınalıq o həddə çatıb ki, intihara əl atanların arasında artıq hər təbəqədən olan insanlar var. Bu Nəqliyyat Departamentinin havası da bir başqadır. Bütün sürücülər onun “xüsusi təyinatlı” eşikağalarının əlindən qan ağlayır. Həmin o şəxslər qanun-qayda tanımadan ortalıqda meydan sulayırlar. Bu sürücülərin amansızlıqla döyülməsi, təhqir olunması və intihar həddinə çatdırılması ilə bağlı neçənci hadisədir artıq. Özü də, deyəsən, bunlar təkcə qazanc obyekti kimi baxdıqları sürücüləri incitmirlər, yetənə-yetib, yetməyənə də bir daş atırlar. Uzağa getməyin. Yəqin ki, tanınmış aktyor Orxan Cahangirin başından keçənləri də unutmamısınız. Ötən ilin aprel ayında o da sürücünü döyən belə eşikağalarından birinin şəklini çəkərkən hücuma məruz qalmışdı. Heç bir sərhəd tanımayan qoluzorlular sənətçinin telefon kartını çıxarıb götürmüş, özünü də təhqir etmişdilər. Görünür, ölkənin hər yerində olduğu kimi, oralarda da yaxşılığa doğru dəyişən bir şey yox. Hər şey pisləşə-pisləşə gedir anlaşılan…
22 illik hakimiyyətin idarəçilik təsəvvürləri belə bərbad. Insanlar da məmur özbaşınalığından, haqsızlıqdan və zülmdən çarəni öz həyatlarına qəsd etməkdə görürlər. Bu addımı heç bir halda təqdir etmirəm. Ən azı ona görə ki, bəzən onların ölümü bahasına başa gələn özünəqəsdə görə belə kimsənin cəzalandırıldığını görməmişik. Nə gözüyaşlı körpələr, nə ac qalan ailələr, nə də sağlamlığını və ya həyatını itirən insanlar bu qansızlığa görə hesab sormağa yetmir. Indi daha bir belə çarəsiz insan ölüm-qalım savaşının pəncəsində. Gözünü bu cəfakeş atanın günlük qəpik-quruşuna dikmiş iki körpənin aqibəti necə olacaq indi? Kim hesab verəcək bu dəhşətli faciəyə görə? Hələ heç dərin yanıq dərəcələri almış Arzuman Hümbətovun həyatına təhlükə də ötüşməyib. Həyatda sağ qaldığı halda belə, bu yanıqların onun sağlamlığında hansı izlər buraxacağını təxmin etmək çətindirmi? Qardaşı hadisə ilə bağlı obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına ümidli olduğunu deyir yenə. Biz də ümidimizi itirmirik. Həm də ona ümidliyik ki, bir gün insanlar uzun illərdən bəri zülmdən tutuşan iç atəşini çölə çıxarıb bu tərzdə özünü yandırmayacaq, qəzəbini, nifrətini, üsyanını onu bu həddə çatdıranların üstünə püskürüb hesab soracaq. Həm də yaman soracaq…