Yaxınlarda oxuduğum bir məqalədə belə fikrə rast gəldim: “Kölələr azad olmaq istəyənlərə nifrət edərlər”. Deyimin müəllifi 60-cı illər Almaniyasında məşhur bir qadın jurnalist-yazar olub – Ulrike Marie Meinhof. Siyasi baxış acısından qatı solçu olan Meinhofun həyatı filmi xatırladır. O, radikal sol qrupun yaradıcısı olaraq, insan istismarını və kapitalizmi lənətləyən yazılar yazıb. Bütün varlığıyla inandığı ideyalar uğrunda mübarizənin illərcə nəticə verməməsindən sarsılan yazar, terror aktları törədən bir qrupa qoşulub. 1972-ci ildə həbs olunan Meinhofun 4 il sonra məhbus yatdığı hücrədə ölüsü tapılıb. Onun öldürüldüyü kimsədə şübhə doğurmayıb və çox sonralar ortaya daha maraqlı faktlar çıxıb. Sübut olunub ki, ölümündən sonra ailəsinin izni olmadan onun beyni çıxarılıb və təcrübə üçün götürülüb. Sonuncu iddia daha gözlənilməz olub. Maqdeburq Universitetinin tədqiqatçısı Bernhard Bogerts 1960-cı illərdə Meinhofun beynində aparılan bir əməliyyat nəticəsində onun terrorçuya çevrildiyi iddiasını irəli sürüb…
Bu günün çağdaş Almaniyası bir çox ideyaların qanlı mübarizə yolundan keçib və o yolda itkiləri də az olmayıb. Ölkənin müasir mənzərəsinin şəkillənməsində Meinhof kimilər də öz rolunu oynayıb, şübhəsiz. Tarixdə onların mənfi və ya müsbət obraz kimi qalması başqa söhbətdir. Əsas vurğulamaq istədiyim məqam odur ki, yanlış yollara baş vurmuş olsalar belə, o insanlar da özlərini kölələrin yetişmədiyi bir ölkə naminə fəda ediblər. Və o qurbanlar olmasaydı, bu gün dünyada həyat şərtlərinə görə açıqlanan müxtəlif mötəbər hesabatlarda ən uğurlu sıralarda dayanan Almaniya kimi ölkələrin adını görüb, arxa sıralarda istər-istəməz dərin bir köks ötürməzdik…
Yaxın günlərin belə hesabatlardan birini Avstriyanın “Walk Free Foundation” təşkilatı yayıb. Onun araşdırmalarına görə, bu gün dünyada 35 milyon insan qul şəraitində yaşayır. Bu kateqoriyanı şərtləndirən amillər sırasına zorla işləməyə məcbur edilmək, insan alveri, zorla evlənmək, cinsi istismar kimi qanunsuzluqlar daxildir. Nə yazıq ki, ölkəmiz hər zamankı kimi yenə siyahıda “layiqli” yerlərdən birini tutub, müasir qul vəziyyətində olan vətəndaşlarımızın sayı 33800 nəfərdir. Bu o deməkdir ki, Azərbaycan məlum araşdırmaya əsasən 167 ölkə arasında 94-cü sırada dayanır.
Əslində, insanı zorla qul etmək düşünüldüyü qədər də asan məsələ deyil. Çünki azadlıq hissi hər bir insanın təbiətində olduğuna görə, məcburi köləlik mütləq mənada güclü tərəfə qarşı nifrət yaradır. Tarixdəki bütün məşhur üsyanların, inqilabların, etiraz dalğalarının kökündə də elə bu nifrət dayanır. Amma insan iradəsini asanlıqla itaət boyunduruğuna salan “könüllü köləlik” deyilən bir hiss də var ki, mütləq gücü möhkəmləndirən önəmli amil məhz odur. Bir insan özünün qul yerinə qoyulmasına izin verməsə, onu kim əsarət altına ala bilər ki? Rəsmi rəqəmlərdə əhalisi 9 milyon göstərilən Azərbaycan kimi ölkədə 33800 nəfərin qul halında yaşaması, bilirsiniz, nə deməkdir?
Kimsə indi yaşadığımız ölkədə quldarlıq hegemoniyasının öz-özünə dəyişəcəyini gözləyirsə, yanlışlığa yol verir. Kimsə bu alçaldıcı, rüsvayçı üsuli-idarənin möcüzə sayəsində modern bir sistemə keçəcəyini düşünürsə, böyük səhv edir. Dəyərli şeylər göydən gəlib insanın ovcuna düşməz. Əsl həqiqət tarixən qulların üsyanı haqqında çəkilmiş ən gözəl filmin qəhrəmanı Spartakın dediyi kimidir: “Bu dünyadan azad insan olaraq getmək qədər böyük bir zəfərÿyoxdur. Ya azad yaşayacağıq, ya da qardaşlarımızın arxasından ölümə qucaqÿaçacağıq. Bir insan ölüncə hər şeyini itirər, amma bir kölə ölüncə sadəcə acılarını”.