İki il əvvəl məşhur “Gallup” Mərkəzinin iş axtarışı ilə bağlı apardığı sorğuda azərbaycanlı respondentlərin 70 faizi bunun ən önəmli problem olduğunu demişdi. Şübhəsiz, dünya ölkələrində, xüsusən Avropada da göstəricilər ürəkaçan deyil. Ümumi hesabata baxsaq, avropalıların da 72 faizi bizim kimi iş axtarışında od ayaqlayırlar. Həmin ilin rəsmi statistikasında isə Azərbaycanda 248 000 işsizin olduğu açıqlanır. O rəsmi statistikada həmçinin 1 milyon 200 mindən artıq yeni iş yerinin açıldığı, ölkədə işsizlik səviyyəsinin 5 faizə endiyi bildirilir.
Keşkə hökumət rəsmlərinin bu iş yerləri ilə bağlı vaxtaşırı açıqladığı yüksək rəqəmlər doğru olsaydı. Keşkə bu günlərdə son 9 ayın statistikasına görə 100 min iş yerinin açılması haqqında deyilənləri biz də real həyatda hiss edə bilsəydik. Biz bu ölkənin düşməni deyilik ki. Bir insanın normal işlə təmin olunması da ürək sevindirir. Çünki o bir nəfərin qazancı bir ailənin gözündə yanan ümid işığı deməkdir. Ocağında qaynayan qazan, yuvasını qızdıran istilik, övladına açılan məktəb qapısı deməkdir.
Beləcə, rəsmi çıxışlarda açıqlanan rəqəmlər yaxşı səslənir, səslənməsinə. Amma ətrafa baxıb, eşitdiklərinin tam əksini görüncə, insanın qanı qaralır. Bu gün hansı biriniz deyə bilərsiniz ki, çevrənizdə tanıdığınız 4-5 nəfər işsiz yoxdur? Elə bir məclis, toplantı, görüş olmaz ki, tanıdıqlarından kimsə işsizlikdən şikayətlənməsin. Kiminin özü illərdir boş-bekar dolaşır, kimin övladı, kiminin dostu. Hələ bəzən bu işsizləri qınayıb günahı onların üstünə yazanlar da var. Doğrudan da, insan illər uzunu necə işsiz-gücsüz qala bilər? Axı dərd heç də sənə 150-200 manat verən bir təşkilatda zor-güc iş tapmaqda deyil. Dərd o maaşla bir ailəni dolandırmaq dərdidir. Dərd universitet bitirmiş gənclərin bu səbəbdən ştatsız, müqaviləsiz, sığortasız paytaxt tikintilərində günəmuzd hesabla hambal kimi çalışmaq məcburiyyətində qalmasıdır. Azdır belə tanıdıqlarınız?
Hələ xarici neft şirkətlərinin buralara yeni axın etdiyi zamanlarda həmin şirkətlərdən birində çalışan ingilis xanım danışmışdı ki, ailəsi işiylə bağlı Bakıya köçəndən sonra evlərinə bir təmizlikçi qadın axtarıblar. Ailə bu iş üçün yaxşı məvacib vəd edibmiş və qısa zamanda elanın sorağıyla 42-43 yaşlarında bir qadın gəlib çıxıb. Söhbət zamanı məlum olub ki, orta səviyyədə ingiliscə də danışan həmin azərbaycanlı qadın iki universitet bitirib. Ingilis xanım deyir ki, bunu biləndə çox sıxılıb və onu işə götürmək istəməyib. Lakin qadın israr edib ki, qızına yaxşı təhsil vermək istədiyinə görə bu yaxşı məvaciblə işləməyə məmnun olar. Çünki indiyə qədər üz tutduğu idarələrin heç birində ona belə əməkhaqqı təklif edilməyib…
Indi o açılan iş yerlərinin mahiyyətini bilmirəm. Onu bilirəm ki, bax bizim iş və işsizliyimizin kökündə belə qəliz söhbətlər dayanır. Onu bilirəm ki, son illər burada fəaliyyət göstərən bir çox xarici şirkət və təşkilatlar ölkədəki sıxışdırmalara dözə bilməyib, qapısını bağlayıb çıxıb gedib. O xarici təşkilatlar ki, orada çalışan azərbaycanlılar həm yaxşı maaş alır, həm də yaxşı iş təcrübəsi imkanı qazanırdılar. Amma bu ölkədə yeni iş yerləri yalnız rəqəmlərin sayını artırmaq məqsədi daşıdığından, illərdir reallıqda nə işsizlik azalır, nə də yoxsulluq…