Və ya Əli Kərimlinin bu müharibədə günahı nədir?
AXCP sədri Əli Kərimli inqilab zamanı dəstəklədiyi Ukraynanın yeni hökumətinin ölkənin ərazi bütövlüyünü qorumaqda qətiyyətsizlik göstərdiyi barədə tənqidi ötən gün də sosial şəbəkənin böyük müzakirə mövzularından idi. Bu dəfə müzakirələrə REAL-ın parlaq simalarından Altay Göyüşovun Əli bəyin bu tənqidini tənqid etməsi yol açdı. Altay bəy yazır: “Hörmətli Əli Kərimli Ukrayna inqilabçılarını qətiyyətsiz olmaqda günahlandırıb. Şəxsən mənə öz ölkəsində 20 ildir hakimiyyətə gələ bilməyən müxalifət liderinin diktatoru devirib hakimiyyətə gələn inqilabçıları qətiyyətsizlikdə günahlandırması qəribə gəldi”.
Gəlin, bir də düşünək: səhvmi edib Əli Kərimli? Əvvəla, tənqidin mahiyyəti üzrə. Ukrayna hökuməti faktiki Belçika boyda bir ərazi olan Krımı heç bir müqavimətsiz təslim etdi Rusiyaya. Hansı ki, Krımda Ukraynanın 20 min nəfərdən artıq şəxsi heyyəti olan hərbi hissələri yerləşirdi. Əhalinin də 40 %-ə qədəri ukraynalılar və tatarlar idi. Müdafiə olunmaq olardı. Məsələn, indi bütün özündən razıların bəyənmədiyi azərbaycanlılar heç bir yaşayış məntəqəsini döyüşsüz təslim etməmişdi erməni-rus hərbi güclərinə. Amma problem tək bu da deyil. Ruslar cəmi bir neçə min nümayişçinin gücü ilə Ukraynanın təqribən 15 milyon insan yaşayan cənub-şərqini Ukraynadan faktiki ayırıblar. Əli bəy də buna etiraz edir ki, Yanukoviçə qarşı birləşənlər, yüzminləri səfərbər edənlər ölkələrini qorumaq üçün də qətiyyət göstərməli idilər.
Məsələnin 2-ci tərəfi isə ondan ibarətdir ki, məhz Əli Kərimlinin bu barədə danışmağa nə qədər haqqı var? Mən şəxsən deyirəm ki, tam haqqı var. Əli Kərimli 20 yanvarda ruslar Bakını işğala gələndə dostları ilə bərabər barrikadada olub, tam təsadüfən sağ qalıb. Ermənilər sərhəd kəndlərimizi işğal etmək istəyəndə Laçına, Qubadlıya getmiş ilk könüllülərin arasında olub. AXC-Müsavat hakimiyyətinə qarşı qiyam qalxanda ona ilk sərt qiyməti də o verdi. Öz hökumətindən qiyamçılara qarşı sərt tədbirlər görməyi tələb etdi.
1993-cü ilin repressiyalarından sonra, 1994-cü ildə Heydər Əliyev Qarabağa Rusiya qoşunlarını sülhməramlı qüvvə kimi dəvət edəndə AXC-nin etiraz mitinqini təşkil etdi, mitinqə rəhbərlik etdi, həbs olunana qədər meydanda qaldı. Həbs olundu, heç kimdən aman istəmədi. İndi də o cinayət işini bəhanə edib ona pasport vermirlər. 1998-ci il 12 sentyabr mitinqində lider sayıla biləcək adamlardan yalnız o iştirak etdi. Ötən müddətdə əliyevlər hakimiyyəti ən sərt onunla davrandı. Ailə üzvləri, əqidədaşları repressiya olundu. Amma o geriyə bir addım da atmadı…
Qaldı, Ukraynada indiki inqilabçıların diktatora qalib gəlməsinə, Əli Kərimlinin isə hələ də rejimə qalib gəlməməsinə, ən azı tarixçı məsələyə belə dayaz yanaşmamalı idi. Qısaca deyim ki, Ukraynada Yanukoviçə hansısa siyasətçilər yox, Ukrayna xalqı qalib gəldi. Bu qələbədə AB və ABŞ-ın Ukrayna xalqına açıq və hərtərəfli dəstəyi də mühüm faktor oldu. Ukraynada inqilabdan əvvəlki vəziyyəti Azərbaycandakı vəziyyətlə müqayisə etməkmi olar? Əminəm ki, Ukrayna müxalifətinin malik olduğu imkanların yarısına Azərbaycan müxalifəti malik olsaydı, burada çoxdan arzu olunan dəyişiklik baş vermişdi.
Bir vacib məqam da var. Aprelın 6-da məşhur ukraynalı jurnalist Mustafa Nayyem Ukraynanın yeni hökmətini qorxaqlıqda ittiham etmişdi. O, facebook qeydində bildirirdi ki, (Mustafanın facebook səhifəsi, bax: https://www.facebook.com/Mefistoff?fref=ts), “qorxaqcasına Kiyevdə oturub problemlərin həllini milisin və təhlükəsizlik qüvvələrinin öhdəsinə buraxmaq” ukraynalılara yaxşı heç nə vəd eləmir.
Dostlardan biri yaxşı qeyd etdi ki, Altay bəy Mustafanın bu statusunu oxumuş olsaydı, Əli Kərimlinin məlum mövzuda tənqidinə vaxt ayırmazdı. Xatırladım ki, Mustafa Nayyem Yanukoviçin Assosasiya sazişini imzalamaqdan imtina etməsi barədə xəbəri yayan ilk jurnalist olub. Məhz bu informasiya yayılandan sonra minlərlə insan etiraz aksiyasına çıxdı.
Nəhayət, hörmətli Altay bəy birinci dəfə deyil ki, Əli bəyi tənqid hədəfi seçir. Olsun, onun tənqid etmək hüququna hörmətlə yanaşıram. Biz də hər zaman hörmətlə yanaşdığımız REAL-ın, onun rəhbərliyinin fəaliyyətində xeyli tənqid olunası cəhətlər taparıq. Amma buna vaxt ayırmaq niyyətimiz yoxdur, daha vacib işlərlə məşğuluq.
Əli bəy 2001-ci ildə AXCP sədri seçilib. 4 ildən sonra, 2005-ci ildə AXCP artıq ölkənin bir nömrəli partiyası, Əli bəy də Qələbə meydanına toplanmış 30 minə qədər nümayişçinin de-fakto lideri idi. Onlarla birlikdə oturaq mitinq qərarı verdi. Xalqın içinə getdi. Özü, həyat yoldaşı, 12 yaşlı oğlu ilə birlikdə mitinqçilərin taleyini bölüşdü.
Altay bəy, siz də 5 ildir ki, REAL-ı elan etmisiniz, amma 30 min yox, 3 min yox, heç 300 nəfəri bir yerə toplaya bilməmisiniz. Sizin də Əli bəyi tənqidiniz mənə qəribə gəldi.