Iki gündür düşünürəm, görəsən, niyə Ilham Əliyev açıqlama yaymır ki, yeni və bahalı şəxsi təyyarə almayıb?
Nədən çəkinir?
Bəli, hamı bildi, əmin oldu ki, qibleyi-aləm dəyəri təxminən iki yüz milyon yarıma təyyarə alıb.
Ancaq bu ona niyə mane olur ki, çıxıb desin, uydurmadır, iftiradır?!
Bəyəm belə desə, “Azərbaycanda seçkilər azad və ədalətli keçirildi, mən də demokratik qaydada seçildim”, “1 milyon 200 min yeni iş yeri açmışam” sözlərindən ağ yalan olacaq?
Mən əlahəzrəti cürətli olmağa səsləyirəm.
Çıxsın təkzib versin ki, onun sadiq muzdurları ovunmaq üçün səbəb tapsın.
Rüşvətin əlacı – özün alma!
Reallığa qayıdaq. Ilham Əliyev növbəti bahalı təyyarəsini alıb. Bu elə bir vaxta düşdü ki, o, dövlət məmurları önündə çıxışında “korrupsiyanı yara, ölkəni içindən sarsıdan amil” kimi qiymətləndirdi. Onun korrupsiya ilə bağlı çıxışı sadəlövh adamın ürəyini də ağrıda bilərdi. Adam düşünərdi ki, neyləsin, biçarə bacarmır da, bu korrupsiyanı ölkəmizə ürcah edənin evi yıxılaydı.
Kim bilir, bəlkə də, müxalif ünsürlər onu xarici qüvvələrin təkid və təklifilə Odlar Yurdunda virus kimi yayıb. Sadəlövhün ağlına gələrdi ki, bəlkə də Əli Kərimli o korrupsiya deyilən şeyi “zəhər” kimi ölkə məmurlarının yeməyinə qatıb. Baş Prokurorluq bu işin izinə düşməlidir.
Ancaq özümüzə hörmət edək, belə nağıllara aldanmaq adamın düşüncəsizliyinə dəlalət edər. Azca bilgisi olana məlumdur ki, “korrupsiya piramidası” deyilən anlayış var. Azərbaycanda piramidanın zirvəsində duran şəxs, qüvvə Ilham Əliyev və onun yaxınlarıdır. Bizdə alt səviyyələrdə – “JEK”lərdə, poliklinikalarda, orta məktəblərdə alınan 5-10 manatlar dama-dama toplanaraq, yuxarılara ötürülür. Bu, saat kimi işləyən mexanizmdir, onun qurucusu isə elə hakimiyyətin özüdür.
Bu baxımdan, Ilham müəllimin çıxışını, yumşaq ifadə etsək, “özünütənqid” adlandırmaq olar. Onun qətiyyən televiziyadan məchulluğu korrupsiyaya görə hədələməsinə ehtiyac yoxdur. Saakaşvili necə demişdi? “Rüşvəti necə yığışdırdınız?” sualına “özüm almadım” cavabını vermişdi. Vəssalam!
Odur ki, qibleyi-aləm doğrudan da korrupsiyanın aradan qalxmasını istəyirsə, özündən başlamalıdır. Ölkə boyunca korrupsiyanı yox etmək çətin olar, razıyam, amma 2 milyon yarıma təyyarəni almamaq olar, elə deyilmi?
Ramiz Mehdiyevin “facebook”da zühuru
Ramiz Mehdiyev “facebook”a gəlib. Zavallı insanlarımız o qədər pis vəziyyətdədir ki, bu hadisəyə ümid işığı kimi baxırlar. Bəziləri elə sanır ki, tilsim qırıldı, Mehdiyev onların yazdığı problemi şəxsən oxuyacaq, tədbir görəcək.
Təki belə olaydı, ancaq kim belə təmənnadadırsa, xəyal qırıqlığına uğramamaq üçün ondan vaz keçsin.
Ramiz Mehdiyev şahın sarayında əyləşən adamdır. Siz elə Prezident Administrasiyasının hələ rəsmən hər il açıqladığı “şikayətlər” barədə hesabatla tanış olsanız, hər şey aydın olacaq. Ramiz müəllimin kabinetinə hər gün azı yüzlərlə şikayət məktubu daxil olur. Hanı nəticə?
Ramiz Mehdiyev qəzet oxuyan adamdı. Ölkədə nəyin, necə olduğunu çox gözəl bilir. Odur ki, bu qoca Şərq vəzirinin tələsinə düşüb, “facebook” səhifəsini yaradıcılıq məhsullarınızla az doldurun.
Hə, bu başqa məsələ ki, Mehdiyevin “facebook” səhifəsi ona yarınmaq istəyənlər üçün ecazkar bir imkan yaratdı…
Teymur Əmrah silsiləsindən…
Türkiyənin “Akşam” qəzetində bir satirik vardı, Sərdar Turqut.
Bir dəfə yazmışdı ki, mən yoldaşım Rəna qarşısında çox acizəm. Ona görə ki, Rənanın heç bir məntiqə, qanuna sığmayan hücumları ilə üzləşirəm.
Məsələn, o, məni kartof almağa yollayır.
Gedib, alıb gəlirəm, hazırlaşıram ki, o, məsələn, deyəcək, baha almısan, çürük var və s.
Rəna isə hücumu başqa ağlagəlməz yerdən edir: Niyə sənə tapşırmadığım boz kalqotkanı mənə almamısan?!
Indi gəl, cavab ver.
Adam belə şey tapşırmayıb və ittihamı da istəmədiyi şeyi almadığına görədir.
Şəxsən mənim durumum sevimli “Azadlıq” qəzetimdə eynən Sərdarla yoldaşınınkı kimidir.
Rəhbərliyə deyirəm ki, ay qardaşlar, qırılıb-batdıq axı, bu maaş məsələsinə əlac edin də…
Cavab: “Belə tələbləri saxla, pul qazanmaq lazımdı, pul!”
Başa düşürsünüzmü?
Yeganə qazancım bu qəzetdəndi, maaşımı burdan alıram, bunlardan pul istəyirəm, cavab alıram ki, pul qazanmaq lazımdı…