Hörmətli Tağı müəllim, bəribaşdan xahişim var; qələmə aldığım bu yazını geniş xalq kütləsinin fəryadı kimi qəbul edin, ondan sonrasını isə buraxıram vicdanınızın öhdəsinə.
Tağı müəllim, metronun içi, qatarlardakı sözün əsl mənasında can alan mühit, basırıq, bunlardan danışmayacam, Allah sizə ömür versin, inanmaq istəyirəm ki, Bakıda yerüstü nəqliyyat qaydasına düşər, metronun yükü azalar, sizin də büdcənizdə analoqsuz artım yaranar, beləliklə, yeni qatarlar almaqla, intervalları azaltmaqla o duruma əncam çəkərsiniz. Çəkməzsinizsə, yenə də sağ olun, hesab edərik ki bu da bir müdrik siyasətdir, biz bilməyən hikməti var.
Tağı müəllim, sizdən elə bir şey istəyəcəm ki (bunu geniş xalq kütləsinin arzusu kimi qəbul edə bilərsiniz), asanlıqla ona əncam çəkib ürəklərimizdə onsuz da möhkəm olan yerinizi daha da sarsılmaz edə bilərsiniz.
Mən sizə təkcə məmur kimi üz tutmamışam, qələmindən incə sözlər tökülən, nəcib duyğuları tərənnüm edən qəlb sahibi kimi (əlimə düşən bütün şeirlərinizi oxumuşam) müraciət edirəm, siz təsvir edəcəyim müsibətə göz yuma bilməzsiniz.
Tağı müəllim həyat elə gətirib ki, mən tez-tez “20 yanvar” metrosundan çıxmalı oluram. Ömrümün ən məşəqqətli anları o zaman yaşanır.
Metronun bütün çıxışları taksi sürücülərinin canlı səddi ilə kəsilib. Bu hərəkəti betər məhdudlaşdırır öz yerində, ən dözülməzi isə onların “terror”udur.
Ordan çıxanda sanırsan ki, meşədə yırtıcılar arasına düşən yaralı ceyran-zadsan, biri “qaqaş Ceyranbatana istəyirsən?” soruşur, o biri “adresəcən” Müşfiqə” aparmaq təklif edir, bir başqası az qalır adamın qulağıdan yapışıb Sumqayıta gedəcək maşına tullasın.
Tağı müəllim, o adamlar da bizim vətəndaşlarımızdı, əksəriyyəti kasıb təbəqədir, bilirəm ki, orda müştəri “ovlamasalar” balaları bəlkə də həmin axşam ac qalacaq, yaxud kreditə aldığı maşını sabah hansısa bank müsadirə edəcək. Onlar yəqin, daha münasib iş tapsalar orda gəlib dayanmazlar, onları çörəksiz qoymağınızı istəmirik.
Amma…razılaşın ki, hətta meşələrdə də var. Hər meşənin öz nərəsi ilə sahman yaradan bir aslana ehtiyacı var!!
Qətiyyən sizin izzət-nəfsinizə toxunmadan “aslan” missiyasını gerçəkləşdirməyə çağırıram. Siz bunu bacararsınız. Bəlkə də bu sizin səlahiyyətiniz deyil, amma biz sizi tanıyırıq. Biz siz qala-qala Ziya Məmmədovdan heç nə uma bilmərik.
Xahiş edirik, metronun giriş və çıxışlarında bir intizam yaradılsın.
Biz arvad uşaqla ordan keçəndə təhqir olunuruq.
Xəbəriniz var ki, o xoşagəlməz mənzərə nə qədər bıçaqlaşmaya səbəb olub?
Istəyirəm hisslərinizi itiləmək üçün bir az da mənzərəni təsvir edim.
Niyə axı boy-boy dayanan sürücülər simiçkanı az qala başımıza çırtlamalı, siqaretin tüstüsünü üzümüzə piləməklə üstümüzə qışqırmalıdılar? Niyə biz metrodan adam kimi çıxmamalıyıq?
Qətiyyən şişirtmirəm, adam “20 yanvar” metrosundan it-pişik olub çıxmaq istəyir ki, Allah xatirinə təki o sürücülərin hücumuna məruz qalmasın.
Tağı müəllim, axı bu Qarabağ problemi deyil, niyə bu qədər asan problem həll olmasın?
“20 yanvar”da neçə vaxtdır yol polisi keçiddən keçmədiyinə görə insanları cərimələyir. O adamların bəzisi doğrudan da cərimələnməyə layiqdir. Fəqət təsvir etdiyim “canlı sədd”lə çarpışmamaq üçün məcburi şəkildə özünü sürətli avtomobillər gedən yola atanlar da var.
O adamları da düşün Tağı müəllim. Onların cibindən cərimə kimi çıxan manatlar elə bilin ki, sizin sayənizdə balalarının boğazından kəsilir.
Tağı müəllim, geniş ictimaiyyət qarşısında söz verərəm ki, metroya düşmə və çıxmanı asanlaşdırmaq, abıra salmaq üçün görəcəyiniz inzibati və maarifləndirici tədbirlərə görə minnətdar və dəstək olacağam.
Indi söz sizdədir.