“Bütün dünya bizə həsəd aparır, cənab prezident!”
Bunu Ilham Əliyevə onu Gəncədə evində qonaq qəbul edən bir məcburi köçkün qadın dedi.
O qadının “dünya” deyəndə, “biz” deyəndə nələri nəzərdə tutduğunu fikirləşirəm.
Görünür, biz doğrudan da paralel dünyalarda yaşayırıq. Mənim yaşadığım Azərbaycana dünya həsəd aparırsa, dünyadan çox bədgüman olaram. Buna əmin olsam, yaşamağa stimulum qalmaz, rahatca əl-qolumu uzadıb, ölməyə də qərar verərəm.
Yazıq dünya, ona çox az hallarda belə böhtan atılıb.
Bilirsinizmi, heç bir rəhbər belə bayağı təriflərdən sığortalanmayıb. Azərbaycanda azad cəmiyyət olsaydı, prezidentlə görüşə, təmasa ixtiyari adamları buraxsaydılar, bu hadisənin üstündən “eh, olsun da…” deyib keçə bilərdik. Lakin siz də, mən də bilirik ki, belə deyil axı. Ilham Əliyevlə “xalq təmaslarında” nəinki həmsöhbətləri, hətta onu lal nəzərlə seyr edənləri də xüsusi qaydada seçirlər, təlimatlandırırlar. Deməli, Gəncədəki o hadisəni təsadüf saymaq olmaz. Bu, öncədən düşünülmüş, hazırlanmış səhnədir. Özü də nöqtə-vergülünə qədər.
Bu yerdə lap hüsnü-zənn olaq, düşünək ki, o planlamanı edənlər bacarıqsız adamlar olduğundan, nəticə də belə ürəkbulandıran olub.
Fəqət dostlar, siz Ilham Əliyevin o boğazdan yuxarı deyilən təriflərdən necə xoşhal olduğunu nə ilə izah edəcəksiniz? Əlahəzrət çox məmnun idi.
Həm də bu, birinci dəfə deyil ki. Heç yadımdan çıxmaz, Gədəbəydə bir kişi Ilham Əliyevə beləcə də dedi: “Siz elə etmisiniz ki, bizim bu ellərin yanında Isveç yalan olub”.
Bəlkə Lənkəranda ayrı cür danışırlar? Bəlkə Ucarda, yaxud Yevlaxda?
Müşahidələr göstərir ki, Ilham müəllim hər tərəfdə, hər yerdə onun ünvanına deyilən ucuz, əsassız təriflərdən ötrü təşnədir. Hələ heç yerdə “bu qədər, bu yekəlikdə tərif olmaz, bəlkə bir az yavaşlayaq” deməyib. Istəsə, deyər. Sadə vətəndaş da Ramiz Mehdiyev, Ramil Usubov deyil ki, onlara irad bildirməyə çəkinəsən.
Xülasə, haqqında danışdığım bu xanımdan, sosial şəbəkələrdə yayılmış “analoqu olmayan ikinci yaltaq”dan çox Ilham Əliyevin və özümüzün halımıza ağlamaq lazımdı.
Ən düşündürücü məqam isə budur ki, belə əttökən söhbətlərə şahid olduğumuz halda, içi mən qarışıq, əhalimiz niyə köklükdən əziyyət çəkir, bax bunu bilmirəm…
Diqqət Amerikaya…
“Amerikalılar nəyə baxır?” – bu başlıqlı araşdırmanı “Azadlıq”ın ötən sayında oxuya bildinizmi? Yaxşı və düşündürücü məqalə idi. Bəlli olur ki, telekanallarda ABŞ vətəndaşlarına təqdim olunan məlumatlar arasında xarici xəbərlər çox az olur. Amerika telekanalları Birləşmiş Ştatlardan kənarda ən qaynar nöqtələrdən belə, xəbər hazırlamağı vacib saymırlar.
Təəccüblü bir şey yoxdur. Bu məqalə sadəcə, özümüzü təhlil etmək üçün diqqətəlayiqdir.
Siz Azərbaycandakı telekanalların xəbərlər siyasətini bilirsiniz. Bizim bütün telekanalların göstərdiyi “xəbərlər”in strukturu belədir: Ilham Əliyev və ailəsinin ora-bura səfəri, görüşləri, sonra Azərbaycanın harasınınsa “çiçəklənməsi” barədə xəbər bombardmanı… və ardınca da xarici xəbərlər bloku. Ölkədaxili xəbərləri üstələyən bu blokda bir qayda olaraq, Qərb ölkələrinin təbii fəlakətlərin əlində girinc qaldığı, küçələrin vaxtında süpürülməməsi və s. məsələlərdən bəhs olunur.
Iş belə gətirib ki, azərbaycanlılar Mehettinin tin-bucağını daha yaxşı tanıyır, nəinki öz qonşu rayonunda baş verənləri.
Dünyadan xəbərdar olmaq pis hal deyil, əksinə, lazımlıdır. Fəqət, məsəl var axı, “əvvəl məscidin içi, sonra çölü”.
Ölkə daxilindən ona görə xəbər hazırlanmır ki, buna sadəcə, rəsmi icazə yoxdur. Haranı göstərsinlər, nəyi xəbər versinlər? Azərbaycan reallığını tamaşaçıya göstərmək hazırkı idarəetməyə qarşı üsyan qaldırmaq anlamındadır. Ona görə də millətin başını xaricdə olub-bitənlərlə qatmaq lazımdır, diqqəti kənara yönəltmək vacibdir.
“Amerikalılar nəyə baxır?” araşdırması bizə gülmək üçün də əsas verir. O adamlar ki var, ABŞ-a gedib, beş-altı şəkərbura bişirib, “Sarı gəlin” oxumaqla “Azərbaycan məsələsini ABŞ ictimaiyyətinin gündəminə saldıq, həqiqətlərimizi ABŞ-a car çəkdik” deyirlər, onların səmimiyyətinə anlayışla yanaşıb, həm də bu işin necə bir donkixotluq olmasına gülə də bilərik.