Məhəmməd Əmin Rəsulzadə!
Müasir Azərbaycan tarixində şəriksiz yeri olan bu insanı gözüyaşlı təsəvvür edə bilirsinizmi?
Onun hələ ki, əlimizdə olan, 50-ci illərə aid səs qeydindəki niskilin çoxlarını ağlatdığını görmüşəm. Rəsulzadənin səsindəki inam və qəhərə etinasız qalmaq çətindir.
Bəs onun özü? O ağlayıbmı, nələrə ağlayıb?
Ağlamaq insanın təbii halıdır, Rəsulzadənin həyatında da çox acı günlər olub. Nəzəri düşünsək, istər şəxsi (gənc oğlunun ölümü, ailəsinin müsibəti), istər ictimai-siyasi mənada onun göz yaşına səbəb olacaq hadisələr bir deyil, beş deyil.
Bir dəfə yoldaşlardan soruşmuşdum ki, sizcə, Rəsulzadə nəyə ağlayıb?
Əksər cavablar, bir az məcazi, bir az da həqiqi tondaydı: Azərbaycanın o vaxtkı və bugünkü halına!
Bu cavabı mübahisəyə çevirmək niyyətim yoxdur, çox realdır ki, AXC devriləndən sonra Rəsulzadə göz yaşına hakim olmasın.
Fəqət, mən əlimin altında olan, dəqiq faktlardan bəhs etmək istəyirəm. O fakt ki, Məhəmməd Əmin özü onu qələmə alıb. Istinadım “Iqbal” qəzetinin 19 noyabr 1913-cü il, və 14 noyabr 1914-cü il tarixli saylarında onun yazdığı məqalələrdir.
Birinci məqalənin adı “Oxşama”dır.
Oxşama bizim elin çox qədimdən sahibləndiyi, indi isə rəsmi və quru protokol qaydaları ilə əvəzlənən hüzr ənənəsidir. Ona “ağı” da deyirlər. Bu, qadın məclisində baş tutur və bir qayda olaraq, orada “baş rolda” heç kim olmur. Yəni, mərasimin idarəedicisi yoxdur. Hüzrdəki hər kəs ana dilində öz acısını dilə gətirir, ağlayır. Eyni zamanda, hər kəs də kənardan onun kədərini bölüşür, beləliklə dövriyyə yaranır; hüzr yiyəsilə yanaşı, hər kəs öz ölüsünə ağlayıb ürəyini boşaldır.
Diqqət etmisinizsə, bu amilə görə (öz dilində, özünə çox yaxın olan dərdin dilə gətirilməsi) qadın məclisləri, oxşama səhnələri daha təsirli və ağır olur. Bunun üzərinə qadınların emosional tiplərini də gələndə, vəziyyət lap tündləşir.
Rəsulzadəni də ilk dəfə, özünün yazdığına görə, oxşama səhnəsi ağladıb. Özü də bayılana qədər…
“Babam ölmüşdü, həyətimizdə arvadların oxşaması ucalmışdı. Bu oxşama mərsiyəxanlardan qüvvəli çıxdı. Hay-hay ilə ağladım və özümdən getdim”.
Müəllif əlavə edir ki, bu hadisə onun psixologiyasına təsir edir: “Ondan sonra arvadların giryəsinə (ağlama) qarşı özümdə daim bir zəif hiss etmişəm. Heç bir arvadı ağlar görəməm. Haman ona rəfiq giryə ollam”.
“Oxşama” məqaləsinin əvvəlində isə Rəsulzadə özü haqda başqa maraqlı məlumatı da bölüşür. O bildirir ki, çox güləyən olmasa da, zarınc, ağlağan da olmayıb. Onu uşaqlıqdan tanıyanlar şahidlik edib ki, balaca Məhəmməd sakit, səssiz olub. Bütün uşaqların böyükləri ram edib, nəyisə əldə etmək üçün istifadə etdiyi silahdan – ağlamaqdan o, istifadə etməyib.
Daha sonra yetkinlik illərini yada salır Rəsulzadə. Bildirir ki, məscidə gedər, burada rövzələrə, növhələrə, ağlamaq üçün icra edilən məhərrəmlik nümayişlərinə baxar, lakin heç cür ağlaya bilməzdi. Rəsulzadə bəzən utandığından özünü yalandan ağlamağa vurduğunu da etiraf edir: “Bəzən bu daş qəlbliliyimə, hətta acığım tutuyor. Özümdən ikrah ediyorum. Fəqət nə eləməli, gözümdə yaşım yox!”
Bəs o, niyə ağlamaq üçün bu qədər səy göstərib. Cavab var: “Bir möminin həyatı, ancaq göz yaşı ilə incilər. Mən də bir mömin olmaq fikirində idim”.
Rəsulzadə bu etiraflarını “fəqət sonra ağlar vaxtlarım oldu” qeydi ilə tamamlayır və nadir də olsa, göz yaşına səbəb olan halları göstərir. Birini lap yuxarıda yazdıq. Qalanları:
“Insan darlığında, müsibət və matəmlərdə yeganə müdari- təsəlli ola acı giryələrə nail oldum. Yalnız dini bir təsir deyil, bəşəri bir təsirlər ağladı. O vaxt ağlamaqda bir mükafat olduğunu ümid ediyor, fəqət ağlaya bilmiyordum. Indi ağlamağın heç bir bahası olmadığını biliyordum, fəqət, bilaixtiyar ağlıyorum. Mənə böylə təbii bir ağlamağı ilk dəfə arvad övhələri bəxş etdi”.
Biz M.Ə.Rəsulzadənin ağlamaq barədə birinci yazısından danışdıq. Ikinci qalsın gələn həftəyə, o, daha maraqlıdır…