İnsan fikirin dəyişə bilər, bu, təbiidir. Bədbəxtçilikdən biri də insanın bəzən öz fikirinə əsir olmasıdır. Fikir dəyişə bilər, ancaq nəyin təsiri ilə, hansı tərəfə, bax bu, önəmlidir.
Bu kiçik müqəddiməni ona görə verdim ki, hörmətli Rauf Arifoğlunun AXCP sədri Əli Kərimli ilə bağlı xoş sözlərini, fikirlərini sizə təqdim edəcəm. Oxuyacaqsınız və heyrət edəcəksiniz ki, əcaba Rauf müəllim göylərə ucaltdığı adamı indi niyə təhqir edir, kobud ifadələr yazır onun barəsində? Birdən ağlınıza gələcək ki, fikir dəyişə bilər də, o ayə deyil ki. Fəqət, onu da düşünün: 2003-cü ildən bəri Əli Kərimli mənfiyə dəyişib, ya Rauf Arifoğlu?
Cavabınıza qarışmıram, sadəcə xarıtladıram ki, Əli Kərimli həmişə sabitqədəm olub – onda necə idisə, indi də elədir. Onun həyatını mərhələyə bölən Rauf müəllim və dostlarıdır. Onlar deyir ki, Əli Kərimli 2003-cü ilə qədər pis adam olub, 2003-cü ildən sonar yaxşı. Bəs onda bu adam barədə indiki küfürlər hardan qayaqlanır?..
İndi isə izn verək, faktlar danışsın.
***
1. Yeri gəlmişkən, mən bu gülərdə qəzetimizin çıxmasına yardım edən, buna şərait yaradan “Azadlıq” qəzetinə, onun redaktoru Qənimət Zahidə, AXCP sədri Əli Kərimliyə təşəkkürümü bildirirəm. Doğrudan da, Əli bəy kişilik, qeyrət, dostluq nümunəsi göstərdi. Çox sevinirəm ki, mənim Əli Kərimliyə və onun təşkilatıdakı dostlarıma olan inamım yanılmadı və çox məmnunam ki, partiyadakı bəzi dostlarımın onlara münasibəti tam yanlış çıxdı. (“Demokratiya məhbəsdə” kitabı, səh 40, “Yeni Müsavat” qəzeti 23.10. 2003 )
***
2. Əli Kərimli Elçibəyin və bizim hər birimizin cəbhəsini əldən verməmək, irticadan qorumaq, saxlamaq üçün bütün səmimi cəbhəçilərlə eyni işi gördü. Bəzən 2-3 cəbhədə vuruşdu – bir Cəbhəni qorumaq üçün. Və bütün sınaqlardan çıxdı. Bizimlədir. Bizimkidir. Və Əli Kərimli 16 oktyabrdan sonra 1993-cü ilin 4 iyunundan sonra Müsavatın AXC-yə etdiyinin əvəzini qaytardı…
(“Demokratiya məhbəsdə” kitabı, səh 75, “Yeni Müsavat” qəzeti 21.11. 2003)
***
3. Azərbaycanda bir Xalq Cəbhəsi Partiyası var, o da Əli Kərimlinindir. Bu, yalnız mənim qənayətim deyil, belə olsaydı, öz subyektiv fikirimi bu cür israrla vurğulamazdım. Bu faktdır, hadisədir. Tarixdir, gerçəklikdir. Biz gerçəyi söyləməkdən çəkiniriksə, faktı danırıqsa, hakimiyyətdəki yalançılardan fərqimiz nədir?
(“Demokratiya məhbəsdə” kitabı, səh 60, “Azadlıq” qəzeti 25.03. 2004)
Natiq Güləhmədoğlu