Izn verin, illərin qovuşacağında sizinlə bir az kədərli söhbətlər edək.
Srağagün Qarabağ qazisinin dəfnindən gəlib kompüterimi açdım, iki fotonun təzadı gözümü deşdi.
Onlardan birində bizlər idik – dəfn mərasiminə gedənlər, sayımız 1000-1500 olsaydı, şükürlüyük.
Ikinci foto Sumqayıt şəhərinin baş aşbazı vəzifəsini mənimsəməkdə olan Eldar Əzizovun bişirtdirdiyi tortun ətrafından çəkilmişdi. Oradakı adamların sayı 5 mini aşardı.
Indi sizdən bir söz soruşum: nəyə görə bizim camaat danışanda, ancaq kədərdən, tele-seriallardakı qəmli hadisələrdən söz açır, köks ötürür, acı hadisələrə şeir-filan da yazırlar, amma real kədəri onlar görməzdən gəlir, tortun işığına yığışır?
Prinsipcə, biz xalqımızdan nigaran olmamaq üçün Sumqayıt rüsvayçılığını belə malalaya bilərik ki, 300 minlik şəhərdə 5 min adamın tortun şirəsinə yığışması faciə deyil. Çox realdır ki, o boyda şəhərdə 5 min adam bir qarınlıq torta möhtacdı. Tort onlar üçün il boyu gözlədikləri nemətdir və s.
Lap onu da əlavə edə bilərik ki, tortun yanına müəllimləri, həkimləri zorla, avtomat altında yığıblar. Bunlar da olsun.
Bəs Bibi-heybət mənzərəsinə nə deyək? Niyə Bakının mərkəzindən cəmi “20 qəpiklik” və 10 dəqiqəlik məsafədə on minlər görünmədi?
Axı o dəfn təkcə Zaur Həsənov üçün deyildi.
O dəfndə iştirak həm də ölkədə tüğyan edən haqsızlığa, ədalətsizliyə üsyan idi. Olmadıq, etmədik…
Ona görə elə orada dostlara dedim: kimlər ki, “Zaurun atası hakimiyyətin verdiyi yüz min manatla susduruldu” deyib, bura (dəfnə) gəlməyib, onlar da yüz min manatla susdurulanlar siyahısındadır.
Dəfndən çıxanda dostlardan biri gözəl bir bənzətmə etdi:
– Natiq, bilirsən bu hadisə nəyə oxşadı?
– Yox, nəyə?
– O nağıllarda olur, əjdaha bir qurban istəyir, camaat da yığışıb elin içindən birini seçib verir ha, bax ona. Indi gedək görək növbəti ay üçün qurbanı hardan, kimi tapırıq…
Razılaşdım. Fəqət, içimdə bütün o nağıllardakı əjdahaların yuvasının dağıdılıb, özünün məhv edilməsini unutmayaraq…
Sumqayıt və Bibiheybət mənzərəsi ürəkləri parçalasa da, bu, ruhdan düşməyə deyil, daha inadla çalışmağa, mübarizəyə qatbaqat artıq əmək sərf etməyə təhrik etməlidir.
Xalqımızı zəlil edənlər var, onu dəyərlərdən məhrum edənlər var, onlar sirli qüvvələr deyil, gözlə görünür, duyulur. Qalır onları daha yaxşı tanıtmaq, onlara layiq olduğu münasibəti cəmiyyətdə səfərbər etmək.
Necə tanıtmaq? Bir örnək verim, bunu çağırış kimi də qəbul edə bilərsiniz.
Möhtərəm oxucu!
Lütfən, dost-tanışınıza, qohum-əqrəbanıza deyin ki, Bakıda məmurların harınlığına görə Qarabağ qazisi dözməyərək, özünü yandırıb öldü, 5 balası yetim qaldı. Buna etiraz olaraq, gənclər sakit aksiya keçirdilər, şüar qışqırmadan, dağıdıcılıq etmədən və s. Amma onları polis tutub hərəsini 300-400 manat cərimələyib. Bəzilərinə 15 sutka həbs verilib.
Xalqla düşmənçiliyin buynuzu olurmu? Olmur! Ona görə də şərait yaradın, xalq bu namərdliyi tanısın.
***
Qarabağ qazisinin canına qiymasının əsas səbəbkarlarından olan Səttar Mehbalıyev də yas mərasimində olub. O, ora necə gəlib, hardan bu cəsarəti tapıb, heyrət etməkdəyəm.
Bir dəfə Əkrəm Əylisli ilə müsahibəmizdə o, maraqlı etiraf etmişdi. Əkrəm Əylisli deyirdi ki, deputat olarkən bir sevimli məşğuliyyətindən məhrum olubmuş. Bu da küçələrdə tək və piyada gəzməkmiş. Əkrəm bəyin belə şakəri var. Əvvəl elə bildim ki, ona yanaşıb kömək-pul istəyənlərin çoxluğundan olub bu məhrumiyyət. Ancaq səbəb başqaymış. O deyirdi: “Küçələrdə gəzəndə insanların gözündə özümə qarşı nifrət görürdüm, sanki onlar hamısı məni söyürdü”.
Yəqin razılaşarsınız ki, xalqım malını-imanını çalıb-çapmaqda Əkrəm Əylisli Səttar Mehbalıyevlə müqayisə oluna bilməz. Bu adam – Səttar Mehbalıyev işlək korrupsiya maşınına düz 20 ildir rəhbərlik edir, nə qədər səssiz ölümün baiskarıdır.
Bəli, ona əməllərini hələ ki, deyə bilmirik, bəs o özü bizim gözlərimizi görmürmü, oradan bir şey oxumurmu?
Səttar müəllim, gözlərinizdə bir problem yoxdur ki?
Axı sizə ünvanlanan çox sözlər var baxışlarda…