Və ya Milli Şura neyçün “Şahdəniz-2″ni qeyri-legitim elan etmir?
“Şahdəniz -2″ müqaviləsi qaz satışına aid idi. Qərb şirkətləri ilə Azərbaycan arasında bağlandı. Onun şərhini hörmətli iqtisadçı Natiq Cəfərlinin təqdimatında ”Azadlıq” qəzetindən oxudum.
Natiq bəy müqavilə barədə istisnasız yüksək səviyyədə qiymətləndirmə etmişdi. O qədər müsbət tonlu açıqlama vermişdi ki, az qala gedib Ilham Əliyev üçün dua edəcəkdim. Bəs nə, siz elə bilirsiniz, beynəlxalq müqavilələri dövlətin xeyrini gözləyərək imzalamaq asan məsələdir? Milli Elçibəy hökuməti həm də elə bu səbəbdən aşırılmadımı?
Açıqlamanı səhərisi ürəyimdə “bərəkəllah, Ilham Əliyev” zikri edərkən baxdım ki, aha, Natiq abimiz “facebook”unda müqavilə ilə bağlı təzə bir şey yazıb.
O, müqaviləni imzalayan Qərbi (ABŞ, Britaniya, AB-nin əsas dövlətləri) qanmazlıqda ittiham edərək bildirirdi ki, dəyərlərini “bir vedrə” nöyütə, “bir balon” qaza qurban verməklə sonucda daha çox, hətta, qat-qat çox itirirlər. Bu qeyddə açıq görünürdü ki, müqavilə ilə Azərbaycanın maraqları zərbə altına qoyulub.
Bu iki yanaşmada ziddiyyət gördüm və yazdım: bu nə pəhriz, bu nə tutma?! Qəzetdə müqaviləni tərif, facebookda isə tənqid edirsiniz.
Adaşım bu dəfə məni da qanmazların sırasına qatdı, əlavə bir status yazıb əsaslandırma etdi ki, yəni müqavilə heç nə verməsə belə alqışlanasıdır, çünki buna görə qızlarımız əcnəbilərə ərə gedib, şəxsi xoşbəxtliyinə qovuşacaq.
Natiq bəy iddia edir ki, mənim kimilərin qanmazlığı ondadır ki, müqavilənin hökumətlə yox, dövlətlə bağlandığını dərk etmirik.
Aydınlaşdıraq…
Bir: Azərbaycanda dövlət aparatının olmadığını, ən yaxşı halda deformasiyaya uğradığını iddia edirəm və buna görə pafosa qapılmağa ehtiyac yoxdur. Qısa tarixi keçmişimiz göstərir ki, Azərbaycan dövləti ilə bağlanan neft müqavilələri azərbaycanlıların anasını ağlar qoymağa daha çox yarayıb, nəinki rifaha.
Bizim borcumuz sərvətlərimizin dağıdılmasına yox, indiki şəraitdə qorunmasına çalışmaqdı. Azərbaycan hakimiyyəti çemodan ovqatındadır, o, dəyər-dəyməzinə bütün sərvətləri satmağa hazırdır, təki ona kürsüdə qalması üçün möhlət versinlər.
Hətta nə qədər populist görünsə də indiki halda gərək Milli Şura bəyanat verib bağlanan müqaviləni qeyri-legitim saymalıydı. Bunun üçün əsas da var. Çünki o müqavilədə iştirak edən dövlətlərin əksəri son prezident seçkisini saxta adlandırıb. Xeyir ola, saxta hakimiyyət bizim sərvətlərimiz üzərində hökm verməlidir?
Iki: Vəziyyət Natiq bəyin “Azadlıq” qəzetinə verdiyi açıqlamadakı kimidirsə, o hansı əsasla Qərbi ittiham edir. Qərb normal müqavilə bağlayıbsa, qazımızı normal qiymətə alırsa, olara “çox sağ ol” demək lazımdır. Ortada biznes var, bizi aldatmayıblarsa, Natiq bəyin göstərdiyi kimi, bu müqavilədən xalqımız hətta yeni yeznələr və s. qazanmaq imkanındadırsa, daha Qərbə küfr etmək neyçün? Bu, təxminən ona oxşamır ki, səndən kartof alan müştəridən həm də əmin oğluna xoşagəlmz münasibətinə görə mövqe tələb edəsən?
Qısası, Natiq bəy məsələləri fəna şəkildə qarşıdırıb. O, istər “Azadlıq”a açıqlamasında, istər yazdığı statusda kompleks yanaşmadan yayınıb, beləliklə, metodoloji səhvə yol verib.
Ən pisi isə odur ki, bu səhvi deyənləri o, acı dillə qanmaz adlandırır və beləliklə, bir siyasətçi üçün fəlakət sayılacaq yola – tənqidə qulaq tutmaq yoluna girir.
Ona bu yolda irəli getməyə mane olmaq lazımdı. Biz qiymətli insanlarımızı belə tez və asanlıqla itirə bilmərik.