Gülər Əhmədova, analar və mitinq barədə vacib söhbətlər
Belə bir vəziyyəti necə təsəvvür edirsinz. Gedirsiniz həkimə, bir sıra orqanlarınızdan, ağırılarınızdan şikayətlənirsiniz, əlac istəyirsiniz. Həkimsə qayıdır ki, sizin şikayətlərinizi məqsədəuyğun hesab eləmirəm. Sizi beləcə yola salır, nə iynə yazır, nə dərman. Ən yaxşı halda bu vəziyyətə həkim barədə “başına at təpib yəqin” zənninə girəcəksiniz. Oxşar reaksiyanı dövlətdən görəndə necə? Sizi çaşdırmaq fikrim yoxdur. Tam nəql etdiyim hadisə kimi biri Şəkidə baş verib.
Şəkidə AXCP üzvləri icra hakimiyyətinə müraciət edib ki, yer ayırın, təhlükəsizliyimizi təmin edin, bahalaşmaya etiraz olaraq mitinq keçirmək istəyirik.
Bəs cavab necə olub?
“…Planlaşdırdığınız toplantı üçün əsaslı səbəb olmadığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab olunmur”- yazıb Şəki icra hakimiyyəti.
Bu birinci hal deyil, artıq il ərzində neçənci belə cavabdır ki, icra hakimiyyəti “etirazı məqsədəuyğun hesab eləmir”.
“Sərbəst Toplaşmaq Haqqında” bir qanunumuz var. Orda aksiyaların hansı səbəbdən qadağan edilməsi barədə açıq maddələr yazılıb. Onların heç birinin arasında aksiyanın müqəddəratı icra başçısının “məqsədi”ndən asılı qoyulmayıb.
Axı nədir o məqsəd?
Madam ki, ona görə hətta qanunu pozub aksiyaya icazə verilmir, niyə onlar barədə xalqa, etirazçılara müfəssəl izah verilməsin?
Hələlik hökumət “məqsədlərini” sirr saxladığından biz təxminlərimizi yaza bilərik.
Görəsən bəs nəyə görə etiraz aksiyası keçirmək məqsədəuyğun ola bilər?
Bəlkə, Şəki camaatı bahalaşmanın az olmasına etiraz etmək üçün müraciət yazmalıydı. Məsələn, belə bir məktub məqsədəuyğun olardı yəqin: “Respublikamızın analoqsuz inkişaf sürəti ilə bahalaşmanın tərs-mütənasib olmasını doğru saymırıq. Benzinin qiyməti faizlə yox, dəfələrlə qaldırılmalıdır. Nəyə görə benzinin qiyməti bizdə 2-3 manat olmamalıdır? Ölkədə hökm sürən ucuzluq ölkə vətəndaşlarının mənəvi-fiziki sağlamlığına zərbədir. Biz bu neqativ hala etiraz məqsədi ilə ”rədd olsun ucuzluq”, “ucuz benzinin şorbası olmaz!”, şüarları ilə aksiya keçirməyə yer ayırmağı xahiş edirik”.
Şəki icra hakimiyyətinin cavab məktubu bütövlükdə hakimiyyətin mahiyyətini açıqlayır. Onların siyasəti dəyişməzdir, birmənalıdır.
Əliyevçi rejim idarəetməni elə belə də başa düşür və tətbiq edir: sərvətləri yeyəcəyik, talayacağıq, siz uzaqbaşı bizim iştahla yeməyimizə tamaşa edib bundan zövq ala bilərsiniz, etiraz eləmək, bizim israfçılığımız, özbaşınalığımıza tənqidi yanaşmağınızı qanundan kənar hesab edirik, məqsədəuyğun saymırıq!
Tamam, onların yanaşması ortadadır. Bəs bizim məzlum xalq kimi bu yanaşmaya qiymətimiz nədən ibarətdir?
Biz bahalaşmaya, talan və yalana etiraz etməyi məqsədəuyğun sayırıqmı?
Bu suala ən gözəl cavab Milli Şuranın 15 dekabrda keçirəcəyi mitinq olacaq. Bahalaşmadan hər kəs narazıdır. Özünü dərk edən, etməyən hər kəsin buna görə vicdanı ağrıyır. Indi görək 15-i kim vicdanının səsi ilə o meydanda olacaq?
O meydandakı mənzərə bu sualı cavablayacaq: bahalaşma xalqın da məqsədinə uyğundur, yoxsa bu ancaq bir ovuc soyğunçunun xeyrinədir?
Milli Məclis və Mars
Gülər Əhmədovanın ilk videoları yayılanda Ictimai Palatanın keçirdiyi bir neçə aksiyanı, tədbiri çıxsaq, cəmiyyətdən böyük və sərt etirazı görmədik. Bəli, bu dələduzluq adı verilmiş dövləti cinayətdən hamı danışdı, ancaq əməli addım çox zəif oldu. Hətta deyərdim, “Qəfəs” realiti-şou qəflətən bağlananda camaatımızın aqressiyasından beş dəfə kəm idi budəfəki hirs-hikkə. O zaman bir dostum gözəl bir analiz etmişdi. Deyirdi ki, Natiq, camaat ona görə bu mandat alverini vecinə almır ki, onunla Milli Məclis arasında heç bir üzvü bağlılıq yoxdur. Milli Məclisdə baş verənlər, məsələn, Yupiterdə baş verənlər qədər bizim camaatı maraqlandıra bilər. Camaat deyir ki, Milli Məclisdən ona ziyan gəlməsin, qalanı boş şeydi, orda Allah vara corabtoxuma kursu açsınlar, kim uzağa tüpürər yarışı keçirsinlər və s.
Benzin bahalaşandan dərlah sonra deputatların da maaşı artırıldı və mən dostumun analizi qarşısında ehtiram əlaməti olaraq kepkamı çıxardım. Həqiqətən də, Azərbaycan xalqının nə neftə aidiyyəti var, nə də Milli Məclisə.
Milli Məclisdəkilərlə isə neft can-dildən bağlıdılar. Ona görədir ki, benzinin qiyməti bahalaşan kimi məmmədin, fatmagülün yox, deputatların maaşları qaldırıldı.
Gülər Əhmədova və analar
Dünən “youtube”də mandat dustağı Gülər Əhmədovanın anasına hərs etdiyi və özü səsləndirdiyi bir şeiri dinlədim. Poeziya olaraq apar at o yana, bu heç, ancaq şeirdə ülvi hisslər dil açıb. Gülər xanım anasının ağır anlarından, çətinliklərinə baxmayaraq onlara göstərdiyi şəfqətli əməllərindən söz açıb, anasına məhəbbətini izhar edib. Mən Gülər xanımın məhəbbətini şübhə altına salmıram, əminəm ki onun anası barədə dilə gətirdiyi sözlər ürəyinin dərinliyindən qopub gəlib. Məni təəccübləndirən başqa şeylərdir; nədən Gülər xanım daxil olmaqla bu hakimiyyətdə olanların çoxu başa düşmür ki, onlardan başqa insanların da anası, bacısı, əzizləri var?
Onlar niyə anlamır ki bizlər də anamızı çox istəyirik, istəyə bilərik, biz də anamızın xidmətində durmaq istəyirik, ona normal həyat nəsib etmək istəyirik. Məsələn, anamıza ildə bir dəfə yaxşı hədiyyə almaq, onu yoran xəstəliyin öhdəsindən gəlmək niyə bizə müşkül, əlçatmaz olmalıdır? Və ən nəhayət görəsən Gülər Əhmədova və ona dönük çıxan dostları bilirmi ki, onların yarıtmaz və qəddar siyasəti yüzminlərlə Azərbaycan qadınını normal ana olmaqdan məhrum edib?