Belə görünür, hakimiyyət qiymətləri bahalaşdırmaqda çox həvəslidir. Dünən bir hökumət rəsmisinin çıxışını oxudum. Deyir ki, gələn ildən yanacaq “Avro-3″ standartına keçir. Bu isə maya dəyərinə təsir etdiyindən bahalanma təbiidir.
“Avro-3″-ə niyə keçirsən, bəs ay qardaş, niyə ora keçib millətini cəfaya salırsan, bunu ondan soruşmayıblar. Fəqət bu potensial suala da hökumət rəsmisi cavab verib: ”Ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdi”.
Xülasə, belə başa düşməliyik ki, hökumət bizə canı yandığından qiymətləri qaldırır.
Azərbaycan hökumətini yaxşı tanıyıram, özü kimi qırımız sifətlisi yoxdur. Vətəndaşların ziyanına olan bir hoqqa lap dünyanın o başında varsa, gedib tapıb gətirər, tətbiq edər, xeyrimizə olan iş isə gözünə girsə də etməz, etməyə can çəkər.
Hələ Heydər Əliyevin sağlığında neftin qiymətini qaldırmağa gözəl bəhanə tapmışdılar. Deyirdilər, qonşu ölkələrdə neft bizdən çox bahadır, bizdən alıb ora daşıyırlar, dövlət ziyana düşür. Bəli, bəs necə dövlət ziyana düşür, axı bunlar dövləti çox sevir. Neftimizin qiyməti o vaxt elə qalxdı ki, qonşularımızdakı qiymət topuğumuzda qaldı. Məsələn, neçə illərdir Iranda benzin su qiymətinədir. Ancaq bir fərasətli igid tapılmır ki, ordan ucuz benzini bura daşıyıb, Iranı zərbə altında qoysun, kasıb füqəramıza gün ağlasın.
Pensiya yaşın qaldıranda dedilər ki, biz bunu xalqın tələbi ilə edirik. Bəs bilməzsinizmi, kənd-kəsəkdən məktublar alırıq ki, pensiyaya yaşı çatdığına görə bizi işdən çıxarırlar, biz isə işləməkdə israrlıyıq.
Indi də ekologiyanı ortaya atırlar, öz aləmlərində bir güllə ilə iki dövşan vururlar.
Bakıda tıxac varmı? Var!
Avtomobil sıxdımı? Sıxdı!
Benzini bahalaşdıracağıq, həm tıxac azalacaq, həm tüstü.
Adam az qalır, bu təklifi verənlərə desin: ay uzunqulaq, texnika Bakıda benzinlə işləyir, Qazaxda su-hava ilə?
Tutaq ki, Bakıda nəqliyyat sıxlığını benzini bahalandırmaqla azaltdın. Bəs nəqliyyatın sıx olmayan yerlərində yaşayanları zərbə altına qoymaq kimi debil addımı necə izah edəcəksən?
Nəqliyyatın sayını azaltmaq istəyirsiz? Allah köməyiniz olsun, belə addımı bütün zəhmətkeş xalq kütlələri alqışlayar. Sizə isə pul lazımdır, xalqın rəğbəti-filan boş söhbətdir.
Nəqliyyatın sayını azaltmağın ən kəsə yollarından biri sürücülük vəsiqəsinin pulla satılmaması olar. Vəsiqəni satmayın ki, hər axmaq ancaq puluna görə ona yiyələnməsin. Iki ayaqlıların 4 təkəri sürməsinə görə son illər nə qədər müsibətlər yaşayırıq, siz də bilirsiniz, biz də.
Ekologiya haqqında hökumətin danışması isə komediyadır. Şəhər mərkəzindəki yaşıllıqları qırıb kababxanalar tikməyə elə bu hökumət rəvac verib.
Hökumət rəsmisinin sağlamlıq hər şeydən vacibdir fikiri də, “əşi, təki can sağ olsun” kimi dayaz, tənqidə davamsız sözlərdir.
Azərbaycanda əhalinin sağlamlığının keşiyində durmağı Səhiyyə Nazirliyinə həvalə ediblər, neftə-kerosinə yox.
Əhalinin sağlam olması üçün benzinin qiymətini qaldırmaq ən axırıncı iş ola bilər. Birinci iş səhiyyəni abıra salmaqdı.
Ilk Italiya mafiyalarından birinin belə yarandığını oxumuşdum: təkər yamayanlar bir dəstə uşaq hazırlayır. Onlar sexin yaxınlığında dayanan avtomobillərin təkərin partladıb özlərinə möhtac edirlər.
Bizdə belə bir mafiya səhiyyədə yaranıb: Adamın adi xəstəliyin xroniki hala salıb, əlaqədə olduqları dərman firmalarına, öz apteklərinə göndərmək və insanı sağaltmamaq, öz əsirinə çevirmək.
Hökumətin qiymətləri qaldırmaq təşəbbüsü kəskin təqidə layiq, lənətlik addımdır. Buna baxmayaraq belə əməl müsbət keyfiyyətdən də məhrum deyil. Çox gözəl ki, seçkidən dərhal sonra Əliyev hakimiyyəti öz mahiyyətini gizlətməyə, ictimai rəyi yalançı canıyananlıqla çaşdırmaq istəmədi. Onlar hər an göstərir və sübut edirlər: biz anti-xalqıq, sizi girov götürmüşük!