Səslərimizin, sərvətlərimizin oğrusu and içdi. Onun andı nə ola bilər ki?
Xalqa yaxşı xidmət edəcək, yoxsa, hüquqları qoruyacaq? Əsla! Bizim elin məsəli var, yalançının andı olmaz!
Bunları düşünən adam ədalətli seçki keçirərdi. Odur ki, Ilhamın inaqurasiyasını boş verək.
Əsl andiçmə qarşıdadır.
Hesab edərəm (bu həm də təklifdir), müxalifətin növbəti mitinqinin adı “Sədaqət and içməsi” olmalıdır. Bəli, and içmə.
Gözəl və izdihamlı bir mitinq keçirməli, orda ÿCəmil Həsənliÿ başda olmaqla liderlər Azərbaycan xalqının oğurlanan haqqının müdafiəsi üçün canlarını belə fəda etmək bahasına olsa da, sədaqət göstərəcəklərinə kişi kimi and içsinlər!
Bu mübarizənin alovlarını daha da şölələndirəcəklərinə, bunun üçün heç bir xırda intriqaya getməyəcəklərinə and içsinlər.
Eləcə də öz könlünün səsinə qulaq asaraq ora gələn hər kəs and içsin ki, bu yolda sabitqədəm olacaq, oğru rejimin süqutu üçün əlindən gələn hər şeyi edəcək və s.
Mən bu addımın çox təsirli olacağına inanıram.
Təhsil işçisinin tərbiyəyə cəlb edilməsi
Ilham Əliyevin oğurluqla keçirdiyi bu seçki cəmiyyətimizi dəyərləndirmək baxımından gözəl imkanlar yaratdı.
Birinci faktor kimi Hafiz Hacıyevdi. Onun tərbiyəsizliyini kənara qoyuruq. Daha ciddi məqam Azərbaycan hakimiyyətinin hafizlərə möhtac olmasıdır. Bu kampaniya da, bundan əvvəlki seçki də sübut edir ki, Ilham Əliyev hakimiyyəti təkcə sərvətlərimizə qənim kəsilməyib, o eyni zamanda ölkədəki mənəvi mühitə düşməndir.
Siz Etibar Hüseynov kimi mürtət və ədəbdən kasad olan bir adamın parlamentdə oturdulmasına nə ad verə bilərsiniz?
Yaxud Əhəd Abıyevin deputat və icra başçısı edilməsinə?
Hafiz Hacıyev də daxil bütün bu sadalanlar və sadalamadığımız onlarla hal ölkəmizdə bir mənəvi terrorun iş başında olduğunu göstərir.
Biz qısa seçki kampaniyasında gördük ki, müəllimlərin simasında Azərbaycan təhsili necə dəhşət içindədir. Təhsilin əsas siması olan müəllimlərimizi Hafiz Hacıyevin mitinqində görmək onların qutuya topa-topa bülleten atmasından da pis hadisədir.
O müəllimlər hafizin mitinqinə könüllü getməyiblər, doğrudur, ancaq onların təpəsinə tapança da dirəyib yollamayıblar, düzdümü?
Bir müəllim gör nə qədər qorxaq, şəxsiyyətinə hörmət qoymayan olmalıdır ki, gedib hafizin mitinqində boy versin…
Deməli, həyəcan təbili çalmağın əsl zamanıdır. Azərbaycan təhsilinin özünün maarifləməsinə, tərbiyə olunmasına ehtiyac yaranıb.
Biz hafizə qulaq asan, onun elektoratı olmağı özünə rəva bilən müəllimlərdən nə gözləyə bilərik?
O müəllim nə dərs keçə biləcək?
Belə biri necə şəxsiyyət yetişdirə bilər?
Böhran
Hafız Hacıyevin seçkiyə buraxılmasından itirən Ilham Əliyev oldu, indi bu haqda daha açıq yazmaq olar.
Siz hafizin müxalifətin ünvanına dediyi böhtan və ailə tərbiyəsinə uyğun sözləri bir kənara qoyun. Bu hadisəyə görə adekvat ifadələr birbaşa onu namizəd edənlərin ünvanına getdi, özü də külli formada. Bu da heç. Daha ciddi fakt bilirsiz nədi? Hafizin belə Ilham Əliyev üçün əziz-girami olması elə onun öz komandasında böhranı dərinləşdirib. Dəqiq informasiyalara söykənərək yazıram bunları. Sizin yadınıza salıram, 2008-ci il seçkilərində Hafiz yenə namizəd edilmişdi və o zaman təkcə müxalifəti təhqir etmirdi, elə o zaman fəaliyyətdə olan nazirlərdən ikisinin ailəsini dözülməz formada aşağılamışdı.
Müxalifətin yenə də ictimai dəstəyi var, hafizin hədyanlarına cavabvermə imkanları da. Bəs o nazirlər nə etdilər; heç nə, hafizim təhqirlərini lal sükutu ilə qəbul etdilər. Indi özünə hörmət edən hər nazir, məmur üçün bir hafiz kabusu var. Hamısı düşünür, bir gün hökmdarın gözünə pis dəysəm, deməli, mən də onun latayırlarına hədəf olacam. Özü də daha pis formada.
Belə bir komanda ilə heç Biləcəridən o tərəfə də getmək olmaz.
Kəskin böhran yetişir və onu idarə edən və çözən milli qüvvələr olacaq.