Hamımız həyəcanla seçki debatlarını izləyirik.
Izləyə-izləyə də lap yaxşı başa düşürük ki, niyə hakimiyyət seçki kampaniyasını 2 aydan 21 günə endirdi, niyə tele-debatların vaxtı dəfələrlə azaldıldı, niyə ölkədə söz azadlığına, sərbəst efirə indiki kimi dəhşətli qadağalar var…
Hər şey göz qabağındadır; praktiki sübut olunur ki, xüsusi bir səy olmadan, yalnız həqiqət və cəsarətlə silahlanan Cəmil Həsənli Ilham Əliyevin xanimanını, eləcə də seçkiyə onun vəkili kimi qatılan “namizədləri” darmadağın edir.
Cəmil Həsənlinin çıxışları qarşısında hakimiyyət sözün əsl mənasında təntiyib. Onun qoyduğu suallar önündə ən dili uzun yapist də lal olur və ya Mübariz Qurbanlı kimi, mənasız cavablar verib özlərini lap çətinə salır.
Fikir verdinizmi, Cəmil Həsənlinin 2 debatdır səsləndirdiyi, on ildə offşor zonaya hakim ailənin xalqdan oğurlayaraq çıxardığı 48 milyardla bağlı suala Mübariz müəllimin cavabı necə oldu?
Dedi ki, bu yalandı, çünki heç o zaman Azərbaycanın dövlət büdcəsində o qədər vəsait olmayıb.
Əlbəttə olmayıb, bunu kim inkar edir ki… Elə problem də budur. Büdcəyə çatası pulları oğurlayıb offşorlara daşıyanda büdcə yoxsul qalmalıydı, qalıb da.
Cəmil bəy də zatən bunu deyir, soruşur ki, niyə xalqın sərvətini oğurlayıb onu və büdcəni kasıb qoyursunuz?
Yaxud, Zahid Orucun iki gündür lətifəyə çevrilmiş cavabını götürək.
Cəmil bəy soruşmuşdu: Ilham Əliyev 10 ildə niyə 10 metr də torpağı işğaldan azad etməyib?
Zahid Oruc belə cavab verdi: “10 metr yox, 200 metr azad edilib, sadəcə, bunları televiziyada danışmaq olmur”.
Bilmirəm ki, Zahid Oruc bu fikri hansı analiz, informasiya əsasında dilə gətirib. Bizim tərəflərdə belə danışanlar haqda “başına at təpib” sözü işlədirlər.
Necə yəni, 200 metr azad olunub? Deyəsən, xəbərimiz yoxdur, Ilham Əliyevin misalında yeni Devid Kopperfild peyda olub.
Adam 1 milyon iş yeri açır, ancaq onları görən olmur.
Adam Qarabağdan 200 metr geri alıb, bunu da Zahid Orucdan savayı görən yoxdu.
Yaxud, Hafiz Hacıyevin roluna yeni iddialı Araz Əlizadə…
Araz Əlizadənin nə etdiyi şəxsən mənim vecimə deyil. Onun daxilində böyük bir hafiz hacıyev var, debat özünütəsdiq baxımından ona gözəl imkan yaradır.
Araz Əlizadənin etdikləri bir məqama görə məndə məyusluq yaradır. Bu, maarifçiliyə inamımızın zərbələnməsidir.
Araz Əlizadəyə savadsız deyə bilmərik, oxumuş adamdır.
Uzun illər Azərbaycanın böyük maarifçilərindən olan Zərdüşt Əlizadə ilə bir yerdə çalışıb, birgə siyasi fəaliyyətləri olub və s.
Indi mən düşünürəm, maarifçiliyin sehrli gücü varsa, o, niyə bir addımlıq məsafədən Zərdüşt Əlizadədən qardaşına sirayət etməyib?
Yenə sağ olsun, Zərdüşt bəy, ötən günkü açıqlamasında Araz Əlizadənin efirdə göstərdiyi mövqeyi pisləyib və onu hakimiyyətin ssenarisini yerinə yetirməkdə ittiham edib.
Bu hadisədən sonra Araz Əlizadə düşünməlidir: Zərdüş Əlizadə kimi şəxsi qardaş kimi itirdiyi halda, bəlağətlə seçicilərə “əziz qardaş və bacılarım” demək nə dərəcədə doğrudur? Sən get hələ doğmaca qardaşına layiq ol, onun dilindən məhrəmyana “qardaşım” sözünü al, sonra gəl, başqalarına “qardaş” de, səs qazan.
Xülasə, Cəmil bəy qalibiyyət üçün özündən asılı olan hər şeyi edib.
Indi növbə dəyişiklik etmək istəyən, bunu arzulayan adamlardadır. Qələbə üçün nə lazımdır?
Bu sualın cavabı asandır; dəyişikliyi istəyən hər kəs əlindən gələn hər işi görməlidir. Təkrar yazıram, bacardığı hər işi.
Indi sən dayan və özünə sual ver: qələbə üçün bacardıqlarının neçə faizini görürsən?
Seçki lətifəsi
Ilham Əliyev gəlir debata və soruşur:
– Noolub, nə istəyirsiz?
Cəmil bəydən savayı, əksəriyyətinin cavabı:
– Heç nə, qibleyi-aləm. Ağa dedi, sür dərəyə (namizədliyini), biz də sürdük.