Milli Mətbuat günü mətbuatın manşeti sayılacaq bir xəbəri, çox təəssüf ki, jurnalistlərin ev davası görünməz etdi. Bu xəbər-fakt “Space” telekanalının prezidenti Vaqif Mustafayevlə bağlıydı. O, Heydər Əliyevin məzarını ziyarət edəndə ikiqat əyilərkən kadrlara düşmüşdü.
Foto çox dəhşətliydi. Bu, məzardakına etiramdan daha çox, kölə təziminə bənzəyirdi. Hadisənin harda baş verdiyini bilməsək, fotoya baxanda düşünərsən ki, bu adamın onurğasında ciddi problem var, yaxud ayyaqqabısının ipini bağlayır. Ən yaxşı halda ağlından o keçər ki, televiziya rəhbərinin uşaqlığı yadına düşüb, ənzəli oynamaq üçün uyğun pozanı alıb.
Indi gəlirik məsələnin həssas nöqtəsində. Vaqif Mustafayev adi adam deyil. Heç kim onun bilik və istedadını şübhə altına qoya bilməz. Adam bizim ölkəmizin ən ciddi filmlərinə imza atıb. Öz filmlərində də indi özünün də yaşadığı aqibəti yaşayanları dolayıb, ələ salıb. Bu yerdə adamın əli-ayağı tutulur; bizə bir daha əyan olur ki, kitab oxumaq, bilikli olmaq hələ xilas deyil.
Mən bu hadisəni bir dəfə eynən bu qədər çılpaqlıqla deputat Rəfail Hüseynovun məqaləsində görmüşdüm. Rəfail Hüseynov “525-ci qəzet”də Füzuli barədə silsilə məqalələr yazırdı və orada göstərirdi ki, Füzuliyə görə hökmdardan tumar görən, onun sarayına sığınan şair yer üzündə şeytanın nökəridir, təxminən ala-qara it ondan çox hörmətə layiqdir. O zaman əlim üzümdə qalmışdı ki, deputat nə edir? Özü Əliyevlərin sarayına sığınıb ən bəlağətli məhdiyyələri ata-oğul padişahımız haqqında deyərkən bu yazdıqları nədir? Bu, özü-özünü qamçılamadı, “öz başındakı buynuzu görməmə” natamamlığıdı…
Vaqif Musatafayevə qayıdaq. Onun Heydər Əliyevə rəğbət bəslədiyi sirr deyil. Hələ 2000-ci ilin deputat seçkisində “Azadlıq” qəzetinə müsahibəsində demişdi ki, deputat olsa istənilən YAP-çıdan daha çox dövlətə (oxu: – hakimiyyətə) xeyir verə bilər. Nədənsə uzun illərdir onu deputat kimi xeyirxahlıq etməyə imkan vermirlər. Bu da əliyevçı hakimiyyətin hələ dərk olunmayan sirrlərindən biridir. Yəqin siz də belə nümunələri çox bilirsiniz; adamlar var, babat hörmətləri var, gözəl yaltaqlıq bacarığındadılar, siyasətdən də ala-babat başları çıxır və Əliyevləri tərifləməkdən ötrü sinov gedirlər, ancaq onlara vəzifə-filan verilmir. Ancaq, məsələn, dönüyün birini tutub AzTV-də yaxşı bir vəzifəyə qoyurlar və ya sayt, qəzet açıb “adam” edirlər. Nədir burdakı hikmət görəsən?
Az-çox bu məsələni bir zaman Əbülfəz Elçibəy Fəzail Ağamalının misalında izah etmişdi. Demişdi ki, mən bu adama vəzifə vermişəm, indi məni söyür, amma Heydər Əliyev onu biabırcasına işdən çıxarıb, o isə Heydəri gecə-gündüz tərifləməkdən əl saxlamır. “Çünki Heydər Əliyev bilir ki, Fəzaili vəzifəsiz saxladıqca daha yüksək səviyyədə təriflərə məcbur edəcək”- deyə Elçibəy bildirmişdi.
Bəs Vaqif Mustafayevin hərəkətlərini necə dərk edək? Görəsən o da hələ də vəzifə (deyəsən, o, Əbülfəz Qarayevin yerinə göz dikib) eşqi ilə alışıb yanır? Olsun, insanların daha yüksək vəzifə tutmaq hüququ var, ancaq biz elə Vaqifin timsalında görürük ki, şəxsiyyətə pərəstişin, avtoritar rejimin hökm sürdüyü yerdə insanların bu hüququ necə idbar prosedurlardan keçərək reallaşır.
Vaqif bu hakimiyyətə sədaqətini göstərmək üçün nə lazımdı edib. Rəhbərlik etdiyi telekanal şər hakimiyyətini vəsf edir, qapıları müxaliflərin üzünə bağlıdır, adam Heydər Əliyev barədə tərif dozası bol olan sənədli filmlər çəkib. Amma yox, bu bəs eləmir. Tirana düşünən yox, əyilən baş lazımdır. Onun qarşısında, onun yanında fərqlənməyin faydası yoxdur, əriyib boz kütləyə dönməlisən, saya – hamının başa düşəcəyi dildə çoban Xanışvari biət etməlisən.
Mən indi ağır siyasi təhlilləri bir yana qoyub, Vaqif müəllimin mənəvi dünyasına getmək istəyirəm. Yəqin, onun evində interneti, kompüteri var və o, ikiqat fotosuna insanların yazdığı şərhləri oxuyur. O şərhləri kosmosdan gələnlər yazmayıb və onları ümumiləşdirib belə ad vermək olar: adamı sifətinə söymək!
Mən başqa bir şey də düşünürəm. Vaqif müəllim yaradıcı adamdı, ola bilsin, bu foto ilə bağlı ona edilən tənələrə cavab verməyə nəsə tapır. Bəs görəsən onun övladları, nəvələri bu fotoya baxıb nə edir? Onların necə, bu tənəli sözlərə, suallara cavabı varmı? Çətin!
Səməd Vurğunun yaratdığı Vaqif obrazı vardı. Qacarın önündə əyilməyən şair Vaqif. Kim bilir, bəlkə də Mustafayevin də valideynləri övladlarını belə görmək istəyirdilər. Amma o…