Natiq Güləhmədoğlu
İlham Əliyevin sonuncu müşavirəsi yenə heyrətləndirici idi. Onun halına acıyıram. Ölkəni cəhənnəmə döndərməyi azmış kimi, hakimiyyətinin azğın hərəkətlərini ört-basdır da edə bilmir. Işi çətin yerə dirənib.
Məsələn, Hitler fiziki qüsurluları öldürəndə bunu gələcək nəsillərin daha sağlam olmasının qayğısına qalması ilə əlaqələndirirdi.
Və ya SSRI yıxılhayıxılda cəmiyyətin başını günü-gündən ağırlaşan mənəvi-maddi problemlərdən yayındırmaq üçün hind filmlərini dövrəyə soxmuşdu.
Qibleyi-aləmin atası da xalqı yola verməkdə mahir idi; bir problem qabaranda gah deyərdi xəbərim yoxdu, gah da deyərdi ki, camaat, dözün də bir az, keçid dövrüdür.
Indi isə Ilham müəllim çox əli yalın qalıb; nə “keçid dövrüdür” deyə bilir, nə hind filmləri dada çatır. Üstəlik, o bir neçə dəfə deyib ki, “ölkədə nə baş verir, xəbərdaram”, onun izni olmadan quşlar qanad çalmaz. Elə bütün bunlara görə də o, çox ağ yalanları xalqın düz gözünə deməyə məcburdu.
Nümunə verirəm. Son müşavirədə o Avropa Şurasında Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırlanan hesabatı çirkin adlandırdı və dedi ki, bu daha çox islamafobların işidir. Islamafobiya nədir? Bəsitləşdirsək, Islama əsas olmadan düşmən kəsilmək. Bir dəqiqə aram edək, yadınıza bəzi məqamları salmalıyam.
AŞ PA-nın yanvar sessiyasında iş belə gətirmişdi ki, şəxsən mən də orada iştirak edirdim. Orda Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovun çıxardığı tamaşaya şahid olan isə tək mən deyiləm. Səməd Seyidov Ştrasserin siyahısında az sayda olmayan dindarlara istinad edərək təxminən belə deyirdi: “Siz bizdən kimi azad etməyi tələb edirsiniz? Bunlar o adamlardır ki, biz sizinlə birgə Əfqanıstanda, Iraqda onlara qarşı döyüşmüşük…”
Mənzərə aydındır. Deməli, bizim hakimiyyət Qərbin gözündə gözəl görünmək üçün ölkədə ağına-bozuna baxmadan dindarları həbsə atır, sekulyar obrazına girir; ölkədə də Qərbə hədə biçir ki, sənin tənqidlərin bizim müsəlman olmağımıza görədir.
Bərəkallah!
Bu dərin “düşünülmüş” siyasətlə indi heç ayaqyalın qoyun otaran uşaqları da aldatmaq olmaz. Azərbaycan hakimiyyətinin din təəssübkeşliyindən söz açmaq cəfəngiyyatdır. “Vikiliks” sənədləri də Ilham Əliyevin türk kanallarına, eləcə də Rəcəb Tayyib Ərdoğana nifrətinin bir səbəbinin də din olduğunu göstərir. Irana da eyni cəhətə görə antipatiya var. Ən ciddi detalsa budur ki, Ilham Əliyevin dinə mənfi və müsbət münasibəti qətiyyən səmimi duyğulara söykənmir, biz heç cür onun nə sekulyarizmə, nə də dini dəyərlərə səmimi simpatiya bəslədiyini deyə bilmərik.
Ilham Əliyev Azərbaycanın müasir tarixində məscidi uçurulan, azanı qadağa edilən, hicab qadağası gətirilən bir ölkənin rəhbəridir və bu əməllərin arxasında əksər hallarda özü dayanıb.
Qərbdə islamafobiya varmı? Yəqin var, ancaq o heç zaman Ilham Əliyevin islamafobiyasından güclü deyil.
Həbsxanada olan parlaq dini şəxsiyyətlərdən yaxşı tanıdıqlarımı sadalayım: Hacı Mövsüm Səmədov, Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov.
Bu üç insanın təbii olaraq Qərbə münasibəti birmənalı olmayıb.
Ancaq onların hər üçünü hakimiyyət Qərbə xoş gəlmək üçün tutub. Bu həbslərlə o iki məkrli niyyət güdüb; həm Qərbin tumarını qazanmaq, həm də şəxsi qisasını almaq. Düşünün: bu gün Azərbaycanda ABŞ-ı, bütövlükdə Qərbi, Israili ən sərt dildə tənqid edən, lənətləyən dindarlar var. Fəqət hakimiyyət onların cibindən nə “narkotik tapır”, nə də evlərindən “silah”. Niyə? Çünki bu elə hakimiyyətin də maraqlarına xidmət edən məqamdır. Hakimiyyətin Islam qədər Qərbdən də zəhləsi gedir. Hakimiyyət onun yalanını ifşa edən, oğurluğuna göz yummayan, nahaq işinə haqq donu geydirməyənləri sevmir. Yuxarıda adıçəkilən və adını unutduğumuz bir çox dindar vətəndaşlarımız da elə bu cəhətlərinə görə həbs olunub. Onlar ona görə hədəfə gəlib ki, dövrün yezidlərindən, müaviyələrindən danışıblar!
Buna görə bizim sayqılı dindar dostlar da hiyləyə uymamalıdır. Çünki onların arasında da etimadsızlıq yaratmaq və Ilham Əliyevin məsuliyyətini azlatmaq üçün bu şayiəni yayırlar ki, inanclı kəsimin təqibi Ilham Əliyevin iradəsindən kənardır, guya, bu Qərbin təzyiqinin nəticəsidir. Amma məncə, biz parlaq nümunələrlə bunun yalan olduğunu göstərdik.