Hörmətli oxucular, izn verin bu gün bir az yerlibazlıq edim. Bunun üçün tale özü böyük bir fürsət verib. Onu dəyərləndirməsək namərdlik olar. Bəli, iş ondadır ki, TQDK-nin açıqlamasına görə, keçirilən imtahanlarda 5 rayonun abituriyentləri daha çox iki alıb. Onlardan ikisi – Cəlilabad və Sabirabad xüsusən diqqətimi çəkdi. Bildiyiniz kimi bu iki rayonun adı iki dost, əqidədaş Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin şərəfinə verilib.
Cəlilabad və Sabirabad ictimaiyyətini, oraları idarə edənləri təbrik edirəm, maşallah, mərhumların ruhunu xeyli şad etdiniz. Bu günlər onların ruhları necə deyərlər başımız üstündə pərvaz edirlər.
Doğrudan da bu iki rayonun rəhbərliyi bu parlaq gösatəricini əldə etmək üçün müsubət əziyyətlər çəkiblər.
Məsələn, Cəlilabad təhsil şöbəsinin müdiri icra başçısı rayonun adını “ikiliklər” siyahısına salmaq üçün orda müəllimlik edən cəbhəçi Təzəxan Mirələmlini əvvəlcə məktəbdən qovdurdu, sonra yaşadığı kənddən. Açıq demək lazımdır ki, Təzəxan Mirələmli kimi “antimilli ünsürlər” Cəlilaabad zəhmətkeşlərinin builki kimi möhtəşəm nəticə qazanmasına mane olurdu. Təzəxan Mirələmlinin bütün fəaliyyyəti xarici havadarlarından aldığı maliyyə və təlimata əsasən cəlilabadlıların iki almasına hər vəchlə problem yaratmaq idi. Şükürlər olsun ki, onun bu pozucu əməlləri əlaqədar orqanların gözündən yayınmadı və budur, haqq-ədalət öz yerini tapmışdır!
Aldığım məlumata görə, yerlilərinin bu yüksək göstəricisi Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəlbini iftixarla doldurub. O, o qədər sevinib ki, hətta çaşıb orucunu da batil edib.
Sabirabadda da yerli icra hakimiyyəti atəşfəşanlığa hazırlaşır.
Iftixar hissi ilə deməliyəm ki, Sabirabadın “iki”lərlə öncül yer tutması ilk deyil; rayonumuz on ilə yaxındır bu göstəricisini etibarlı əllərlə qoruyur. Doğrudur, bəzən onunla ciddi rəqabət aparmaq əzmi göstərən bəzi rayonlar tapılır. Amma rayon rəhbərliyinin, təhsil işçilərinin gərgin əməyi, yürütdükləri düzgün və prinsipial siyasət rəqibləri məğlub etməyə çox problem yaratmır.
Sabirabadın bu uğurunu, əlbəttə, gözü götürməyən qüvvələr təbii ki vardır. Çox təəssüf ki, onlar da kənar adam deyillər, necə deyərlər, düşmən ocaq başındadır, özümüzünkülərdir. Məsələn, cəbhəçilər.
Rayonumuzun təhsil uğurunu görüb, indi nə qədər çətin olsa da etiraf etməliyəm ki, bir ara o düşmən üsnsürlərə qoşularaq mən də Sabirabadın respublika əhəmiyyətinə xələl gətirmək üçün orda bir neçə dəfə müşavirə etməyə cəhd göstərmişəm-filan.
Çox haqlı olaraq, rayon icra hakimiyyəti bizim bu təşəbbüsümüzü yerindəcə boğub. Keçən müşavirələrin birində bizi yumurta atəşinə tutduran icra başçısı Nazim Ismayılova burdan salamlarımı göndərirəm.
Nazim müəllim, ötən yığıncaqlarının birində bizi yumurta ilə vuran sabirabadlılar qarşısında baş əydiyini bildirmiş, onların fəaliyyətini təqdir etmişdi.
Hesab edirəm ki, onun gözləntiləri özünü doğruldur. “Iki”lik nəticə onun yumurtaatan ordusu üçün xeyli material, əsgər deməkdi.
Zənnimcə, Nazim müəllim, bu əlamətdar hadisəni təzə tikdirdiyi Heydər Əliyev mərkəzinin önündə yaylım yumurta atəşləri ilə anmalıdır.
Mən indi lap aydın təsəvvür edirəm ki, Sabirabad müxalifəti şuluqluq etməsəydi, Bakıdan da ora gedib araqızışdıran müxalif ünsürlər olmasaydı, kim bilir, bəlkə də indi rayon məzunlarının ikisi daha çox olardı. Baxmayın, rayonda müxalifətin törətdiyi xırda bir iğtişaş məzunların iki almaq yolunda çarpışmalarını səngidir, diqqəti kitab-dəftərdən pis-pis şeylərə yönəldir. Bunlar isə nəticəyə təsirsiz ötüşməyə bilməzdi. Yenə də yaxşı qurtarmışıq. Yaman gözlərə ox olsun bu nəticə!
Təbriklər!