Xalq Cəbhəsinin böyük coşqu ilə keçən ildönümü tədbirinə hakimiyyət öz hədiyyəsini gecikdirmədi. Dünən Əli Kərimlinin qaynı Elnur Seyidova Bakı Ağır Cinayətlər Məhkəməsində 11 il iş istədilər.
Güman ki, hakim Ramella Allahverdiyeva “humanistlik” nümayiş etdirərək, 11 ili 9 illə əvəzləyəcək.
Bu işdə heç bir kriminal element olmadığını kim bilmir ki? Kimə aydın deyil ki, Elnur Seyidov Əli Kərimli ilə yaxın qohum olduğu üçün bu haqsızlığa tuş gəlib?
Hər kəs bunu bilir, ancaq nə edəsən ki, bu qədər bilgili insan bir qrup, sözün əsl mənasında, bilgisiz, cahil və nadanların əsarətindədir.
Elnur Seyidovun aqibəti vaxtilə bir cəbhəçi dostumun yarızarafat dediyi sözlərin necə həqiqəti ifadə etdiyini göstərdi. Həmin dostdan nə iş gördüyünü soruşanda belə cavab vermişdi: “Əli Kərimlinin yanındayam”.
Sonra da əlavə etmişdi: “Indi Əli Kərimlinin yanında olmaqdan çətin iş yoxdu”.
Azərbaycan hakimiyyətinin Əli Kərimliyə münasibəti çoxdan siyasi rəqib yanaşmasından keçib. Son illər isə bu münasibət, hətta düşmənçilik meyarlarını da ötüb. Insan düşmənçilik edəndə də, bəzi qırmızı xətləri qoruyur. Azərbaycan hakimiyyətinin isə qan gözünü elə tutub ki, belə şeylərin fərqinə varmır. Hətta unudur ki, sirkə nə qədər tünd olsa, yenə öz qabına ziyan edir.
Və biz növbəti dəfə ciddi bir halla qarşılaşırıq. Çox təəssüf ki, Azərbaycanın hüquq-mühafizə, məhkəmə sistemi vicdan hayqırtısına qulaq asan bir insan yetişdirə bilməyib. Xırda epizodlar, ola bilsin var, ancaq söhbət ciddi, cəmiyyətə sirayət edən mövqedən gedir. Bizim hakim və prokurorlar, müstəntiqlər uzaq başı məzlumcasına çiyinlərini çəkib, “Bizlik nə var ki? Yuxarıdan belə göstəriş var” deməklə, guya, özlərinə bəraət qazandırırlar.
Mən sivil dünyada əsl hakim mövqeyi göstərib sifarişli həbslərə “yox” deyən yüzlərlə nümunə saya bilərəm. Ancaq Azərbaycanda feodalizm hökm sürdüyündən, Elnur və onun kimilərin işinə baxan hakimlərə çar Rusiyası zamanı siyasi məhbuslara bəraət hökmü çıxaran həmkarlarını xatırlamağı tövsiyə edərdim. Heç olmasa, onlardan ibrət götürün və barı, birinci cəsarətli mövqe göstərin ki, gələcəkdə xalqımız tariximizin bu səhifələrini oxuyanda sizin sağlam mövqeyinizə görə toxtaqlıq tapa bilsinlər.
Erməni…
Seçki yaxınlaşır. Azərbaycanda iqtidarın kəraməti ucbatından ermənilər seçkinin ən mühüm elementi olur. Keçən seçkilərdən adətkərdəyik, hər dəfə müxalifətin ermənilərlə əlbirliyi barədə nəsə quraşdırılır, cəmiyyətin diqqətini yanlış istiqamətə yönəldirlər. 2005-ci ilin Ruslan Bəşirli olayları, 2010-cu ilin parlament seçkilərində Isa Qəmbərin ermənilərlə sənəd imzalaması barədə qurulan təbliğat hər kəsin yadındadır.
Müxalifətlə yanaşı, tənqidçi media da seçki vaxtı “erməni dəyirmanına su tökməkdə”, ermənilərdən maliyyələşməkdə ittiham olunur.
Yenə başlayıblar, artıq əlamətlər görünür. O günlərdə Əli Həsənov dolayısıyla, “Iki Sahil”in (YAP-ın qəzeti) baş redaktoru Vüqar Rəhimzadə “Azadlıq”ı ermənilərə işləməkdə birbaşa günahlandırıb.
Bu adamlara məntiqlə, hüquqla cavab vermək olmur. Məntiq də, hüquq da yapçı təfəkkürü qarşısında acizdir. Ancaq zənn edirəm ki, yapçılar hələ öz ulu öndərlərini saya salmayacaq qədər cızıqlarından çıxmayıblar. Buna görə də heç olmasa, bu seçki kampaniyasında “erməni” böhtanına son qoymaq üçün Heydər Əliyevdən iqtibas verməyə məcburam.
2001-ci ildə şaxə qalxan “müxalifət mətbuatı ermənilərə işləyir”, “ermənilərdən pul alır” deyənlərə (bunu deyənlər dəyişməyib, eyni adamlardı) Heydər Əliyev belə cavab vermişdi: “Mən o sözü deyənlərin hamısının adından deyirəm ki, siz ermənilərdən maliyyələşmirsiniz. Bu, yanlış fikirdir. Bilirsiniz, belə cılız söhbətlər müəyyən emosiyanın təsiri altında ola bilər. Bu ağıllı söhbət deyil axı, deyəsən ki, ermənilərdən maliyyələşirlər. Bu, yalan, şeydir. Ermənilərin özünün pulu olsa, elə öz qəzetlərini maliyyələşdirərlər. Gəlib, Azərbaycanın qəzetlərini maliyyələşdirməzlər” (mənbə: “Azərbaycan” qəzeti, 19 dekabr 2001).
Özləri bilsinlər, onsuz da yapçıların sözünə inanan qalmayıb. Amma bu tarixi xatırlatmadan sonra biz belə başa düşməyə məcbur olacağıq ki, onlarda nəinki bəşəriyyətə, mənəvi dəyərlərə, heç öz ulu öndərlərinə də hörmət qalmayıb. Izləyək…