Iki il əvvəl Türkiyənin “Hürriyyət” qəzetində Əhməd Hakanın maraqlı bir qeydi vardı. O, üzünü Rəcəb Tayyib Ərdoğanın tənqidçilərinə üz tutub yazmışdı ki, qardaşlar, siz bu adamı nəyə görə ittiham edəcəyinizi dəqiqləşdirin: gah deyirsiniz ki, o, Türkiyəni Irana çevirir, gah da deyirsiniz ki, o, ABŞ-ın köləsidir.
Əhməd Hakanın bu fikrini mən Milli Şuranın vahid namizədinin tənqidçiləri üçün də işlətmək istəyirəm. Qardaşlar, siz Rüstəm Ibrahimbəyovu hansı maddə ilə ittiham edəcəksiniz, əvvəlcə onu yəqinləşdirin. Gah deyirsiniz ki, o diktatordur, gah da deyirsiniz ki, qətiyyətsizdir, cəsarətsizdir, ölkəyə gəlməyə qorxur. Xülasə, mövqeyinizi dəqiqləşdirin. Şər özü də atəş kimidir, gərək onu sərrast atasan, bunu da sizə mən öyrədəsi deyiləm ki…
Yeri gəlmişkən, bilirsinizmi ki, Rüstəm müəllim həm də boksçudur?
Yəni, Ilham müəllimin turnikdə 10 dəfə dartınmasını da üstünlük kimi qabartmağa qalxmayasınız.
Elçibəy kimdi, elçibəyçilər kim?
Istərdim ki, bir ciddi məsələ ilə bağlı da heç kim fikirli qalmasın.
Hakimiyyət müxalifətin vahid namizədi – Rüstəm Ibrahimbəyovla bağlı artıq çirkin kampaniyaya başlayıb.
Onlardan birində də Əbülfəz Elçibəyin qardaşından istifadə olunub. Güman var ki, bu, davam edəcək.
Yayılan açıqlamada Rüstəm bəy aşağılanır və göstərilir ki, guya, Elçibəyin qardaşı Rüstəm Ibrahimbəyovu tanımır, dəstəkləmir.
Əziz dostlar, hər kəs nəzərə almalıdır ki, Əbülfəz bəy yaşamı boyunca heç vaxt ailəsini siyasətə gətirməyən istisnalardandır. Ona görə də kimsə onun yoxluğundan istifadə edib “Elçibəy ailəsi, qardaşı” adı ilə oyun qurursa, bu yaramazlıqdır və heç kim bu hiyləyə uymamalıdır. Elçibəy tayfa lideri deyil, onun uğrunda savaşdığı dəyərlər var, konkret hədəf var. Və illərdir o hədəfdən yayınmayan Elçibəy silahdaşları Rüstəm Ibrahimbəyovu tanıyır və dəstəkləyir.
Elçibəyin partiyasına sədrlik edən Əli Kərimli Milli Şurada vahid namizədlə bağlı qərar veriləndə belə də dedi: “Bu gün verilən qərar tarixi qərardır, hər gün hər ölkədə verilməyən qərardır. Bunu qiymətləndirmək lazımdır. Və bu, bizim qərarımızdır, biz bunu dərk edib gəlmişik”.
“Elçibəy ailəsi” adı ilə müxalifətin işinə ləkə atanlarla bağlı hadisəyə dostum Tariyel Əliyevin də münasibəti orijinal olmuşdu: “Xalqın Elçibəyi dəstəkləmədiyini deyənlər indi Elçibəyin qardaşı vasitəsilə təbliğat qurmaq istəyir”.
Fürsət düşüb, Əbülfəz bəy barədə hakimiyyətin yeni məkrli bir planına toxunaq. Dünyada çoxdan işlək bir düstur var. Hakim rejimlər onun üçün təhlükəli olan ideyaya, şəxsə “sahib” çıxır, onu özünə sərf edən variantda cəmiyyətə təqdim edir. Qısa desək, dişsiz bir marka kimi. Bunu ABŞ-ın Çe Gevaranın başına gətirdiyindən də görmək olar. Həmçinin “Amerika Islamı” barədə də…
Mən Əbülfəz bəyi ideallaşdırmaq istəmirəm, ancaq gözümün qabağında onunla bağlı qurulan hiyləyə də susmaq fikrim yoxdu.
Nədən gedir söhbət? Bu haqda Elçibəyin yubileyində Isa Qəmbər ötəri də olsa, danışdı. Məsələ burasındadır ki, biriləri Elçibəyin humanist cəhətlərini, alimliyini, poetik keyfiyyətlərini qabartmaqla, onun siyasi kimliyini unutdurmaq istəyir. Bütün bu müsbət cəhətlər Elçibəydə var idi, əlbəttə. Ancaq Elçibəyin əsas qayəsi bu ölkədə zülm və zillətin yenilməsi idi. Elçibəyi hakimiyyətdən devirənlər var və onlar heç də mücərrəd deyillər, bu gün də iş başında olan Əliyev və əliyevçilərdi. Bu həqiqəti inkar edərək insanlar özlərinə necə “elçibəyçiyəm” deyə bilir, anlamıram.
Elçibəyçi olmaq Əbülfəz bəy haqda yalançı bəy tərifləri deyib oliqarxların bulağından “Jalə” şirəsi içmək deyil.
Elçibəyçi olmaq, yalandan Güney Azərbaycanın istiqlalından dəm vurub, bu tayda istiqlalçı deputatları zindana atan zalımlarla könül xoşluğu içində keçinmək də deyil.
Sonda, bir dəfə demişdim: Bu ölkədə bir dəfə avtoritarizmi ElçiBƏY yenib, indi estafet IbrahimBƏYovdadır.