Mən kasıbçılıqdan söz açmaq istəyirəm.
Düzdür, biz Azərbaycanda dövlət səviyyəsində danışılan nağıllara inansaq, gərək bu mövzudan danışmayaq. Çünki yoxsulluq bizdə az qala yox edilib.
Ancaq bir var kağız üzərindəki Azərbaycan, bir də var, real təmasda qurduğumuz Azərbaycan.
Azərbaycanda kasıblıq göz çıxardır. Bəli, AzTV-dən göstərilən Bakı bəzən illüziya yaradıb bizim yoxsulların fəryadını ört-basdır edə bilir. Bu ötəri bir şeydir, biz min bir ehtiyac içində qıvrılan adamları hər yerdə, hər an görə bilirik.
Sizi dəbdəbəli toylar da çaşdırmasın. Əslində o toylar da bir tələdir. Azərbaycan insanını kasıb düşürməkdən, əlində olan beş-on manatı sümürməkdən ötəri icad olunan tələ.
O bahalı şadlıq evləri kimindi – bilirik, nazirlərin, polis rəislərinin. Qazanc da onlara çatır. Sadəcə elə bir sistem qurublar ki, bu dəbdəbəli toylardan imtina edin çağırışı da etmək olmur. Çünki alternativ ya yoxdur, ya da əlçatmazdı.
Kasıblıq dözülməzdimi? Dözüləndi. Açıq danışsaq, bizim heç dədə-babalarımız da cah-cəlal içində yaşamayıb. Ancaq 21-ci əsrdə neft ölkəsi olan Azərbaycanda kasıblıq zülmdür, heç vaxt olmayan kimi acıdır.
Belə bir məsəl var: Ellə gələn bəla toy-bayram olar. Xalqımız kasıblığı da uzun illər “ellə gələn bəla” kimi rahat həzm edə bilib. Indi isə vəziyyət başqa cürdür.
Bu ölkədə heç kim öz qabiliyyətsizliyi, bacarıqsızlığı ucbatından kasıb düşmür. Əksinə, böyür-başımıza baxsaq, biz nə qədər adını yaza bilməyən, ağzının sözünü danışmağı bacarmayan tüfeylinin sərvət sahibi olduğunu görə bilərik.
Adamlarımızı incidən də budur. Bir qism “seçilmişlər” xalqın bütün sərvətinə sahib durub, onu bir ucdan istismar edir və bu azmış kimi kasıb zümrəyə həqarətlə baxır.
Iki gün əvvəl Bakıda, “Azadlıq” meydanındakı yol qəzasından xəbər tutdunuz.
19 yaşlı bir yeniyetmə 13 yaşlı qızı avtomobillə vurub öldürdü. 19 yaşlı bu gəncin avtomobilinin qiyməti 190 min manat imiş.
Mən qaragüruhluq edib yaza bilmərəm ki, bu qəza qəsdən törədilib, onlar adam öldürməkdən həzz alırlar-filan.
Ancaq o məktəbli qızın ölümü qədər acı suallar içimi didir. 19 yaşlı bu adam 190 min manatlıq avtomobili necə, nə cür alır?
Onun nə özü, nə valideynləri görkəmli biznesmen deyillər. Yəqin ki, o avtomobili lotoreyada da udmayıblar. Bəs bu pul hardandır?
Hardan olacaq, sənin, mənim cibimdən dolayısı ilə çırpışdırılıb. O 190 min manatlıq maşın əldə edilənədək çox talelərə qələm çəkilib. O nakam gedən balaca qız hadisənin bizə görünən tərəfidir. Biz nə qədər bədbəxtlikdən xəbərsizik.
Fürsət düşüb, bir suala da cavab axtaraq: sizcə 19 yaşında 190 min manatlıq avtomobil sürən insan “sürücülük vəsiqəsi”ni savadı ilə alarmı? Heç buna təşəbbüs də göstərməz. Belə birinin yol hərəkəti qaydalarına, yol polisinə ehtiram göstərməsi də ağılın çətin kəsəcəyi işlərdəndir.
Bu hadisəni ona görə xatırladım ki, bu cür olaylar kasıbların gözünü oymaqdadır. Vətəndaşlar arasındakı təbəqələşmənin səviyyəsi Azərbaycanı pis yerlərə aparır. Mən avamlığımla bunu hiss edirəm, görəsən xalqdan hər gün milyonları sovurub qala divarları arxasında gizlənənlər niyə duymur?
Dünən görkəmli iqtisadçı Ilham Şaban gözəl bir qeyd yazmışdı. Ilham bəy deyir ki, Qəbələdə bir günü adambaşı 1000 manat olan təklif varmış. Yəni məntiqlə aylıq maaşı 1500 AZN olan nazir bir ay yeyib-içməməlidir ki, həyatında bircə gün o qapını açsın…
Təsəvvür edirsinizmi biz hansı ölkədə yaşayırıq.
Bu ölkədə bir gününə min manat xərcləyən insanlar var.
Bu ölkə qorxulu ölkədir.
Bir gündə Azərbaycan kimi ölkədə min manat xərcləyən insanı mən gərgədandan da təhlükəli sayıram.
Beləsi nəinki ayını, hətta bizi də kabab edib yeyər.
Nəhayət, müəllif utopik sosialist deyil. Mən kasıbların da, varlıların da olduğu cəmiyyəti təbii qarşılayıram. Bir şərtlə ki, heç olmaya insanların bu hala düşmələri 60-70 faiz ədalətli olsun, obyektiv səbəblərdən asılı olsun, daha “dayı”lardan, “xala”lardan yox.