Jurnalist Yafəs Əkrəmoğlunun telefon danışıqlarını hökumət saytları yayıb. Bu xəbər bir jurnalist və vətəndaşla hakimiyyətin əclafcasına davranmasına nümunədir.
O səs qeydlərini diqqətlə dinlədim və bir daha hakimiyyətin nə qədər düşük və gülünc olduğunu dərk etdim.
Bəlli olur ki, Yafəs bəy qarabaqara izlənilməsinə baxmayaraq, onu ləkələmək üçün heç nə tapa bilmirlər. Gizli danışıqlarda heç nə yoxdur. Jurnalist sadəcə, Naxçıvandakı problemlərdən danışmaq üçün adam axtarışında olub və onu da tapıb.
Hökumət saytları o şikayətçiləri sonradan Yafəsin əleyhinə danışdırıblar. Guya, jurnalist həmin şəxsləri “milyonlarla pul mükafatı” qarşılığında yoldan çıxararaq danışdırıb.
Amma danışıqda bu pul məsələsi ilə bağlı bircə cümlə də yoxdur. Deməli, məsələ aydındır; o adamları qorxudub, azərbaycansayağı “başa salaraq” bədnam açıqlama verməyə vadar ediblər. Məgər bu çox çətindir bizdə? Xüsusən söhbət Naxçıvandan gedirsə, biz Yafəsin gizli atom silahı düzəltməsi barədə də o yerlərdən izahatlar, açıqlamalar eşidə bilərik.
Bəziləri deyir ki, Yafəsin üzünə qoyulanlar xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. Mən şübhə edirəm. Çünki adamın biri şikayəti az qala ürəyi qopa-qopa verir ki, “sonra başım ağrımaz?” deyə. Bu onu göstərir ki, jurnalistin danışıqları qanunsuz olaraq dinlənilib və qeydə alınıb. Sonra da o adamlar qorxudularaq, sındırılaraq öz iradələri əleyhinə qoyulub.
Indi gəlirik hadisənin ibrətlik tərəfinə.
Birincisi, Azərbaycan hakimiyyəti və onun buyruq qulları unutmasınlar; Azərbaycandakı ictimai-siyasi fəllarının heç birinin gizli danışıqları, görüntüləri sizin həyatınız qədər rüsvayçı deyil və olmayacaq. “WikiLeaks”də çıxan sənədlərdə sizin ən başbilənlərinizin gizlində necə biabırçı olduğunu yada salın və utanın. Offşor zonalarda üstü açılan gizli fəaliyyətlərinizi yada salın və xəcalət çəkin.
Kimisə guya, ifşa etməyiniz heç bir halda, maskası düşmüş sifətinizi gizləyə bilməyəcək. Artıq hər kəs sizi tanıyır və sizdən daha pisini, daha acgözünü təsəvvür eləmir.
Ikincisi, gizli danışıqlara görə yaranan panikadır. Bəzi yoldaşlar bu hadisədən sonra sanki başlarını itiriblər. Panikaya bir səbəb görmürəm. Telefon danışıqlarının dinlənilməsinə fürsət kimi baxılmalıdır. Biz orada hakimiyyətlə bağlı ehtiyatlı ifadələr seçib danışmaqdansa, əksinə, rəngləri daha da tündləşdirərək danışmalıyıq. Bizi dinləyən adamlar hər halda, robot deyillər, qoy onlar da real vəziyyəti görsünlər.
Imkan verək ki, onlar bu ölkədə Ilham Əliyev adına yalan və talanın baş alıb getdiyini və buna qarşı ictimai qəzəbin olduğunu idrak etsinlər. Susmaq yox, daha ucadan və kütləvi danışmaq lazımdır. Və onlar öz işlərini pis bilmirlər, artıq hamı danışmağa meyllidir, bu ağızları nəylə tutacaqsınız? Qulaq asmaq hələ işin yarısıdır, bəs ondan sonra?
Gizli danışıqlara qulaq kəsilməkdənsə, xalqın əsl dərdinə qulaq asmaq lazımdır. Xalqı güdmək yox, onu qorumaq lazımdır.
Insanların şəxsi həyatının gizliliyini pozmaq yox, hökumətin şəffaflığını yaratmaq vacibdir.
Amma kimə deyəsən bunları? Özlərini ölümə məhkum edənlər üçün bu yazdıqlarım söz yığınıdır.
Yezid üçün ağlamaq
Naxçıvanda baş verənlər, orda dövlət adına aparılan işlər Azərbaycanın dünyada rüsvay olunmasına hesablanıb – bu heç. Bu pisliklərin memarı da Vasif Talıbovdur. Ancaq dünən iki cəbhəçi siyasi məhbus Naxçıvanda azadlığa buraxılanda fikirləşdim ki, deyəsən, bu Talıbov siyasi manevrdə Ilham müəllimdən öndədir. O, bir qayda olaraq, siyasi məhbusları 7-8 aydan çox həbsdə saxlamır. Hə, o başqa məsələ ki, Naxçıvanda içəri ilə çölün fərqi yox dərəcəsindədir.
Bu da var… Naxçıvanda AXCP-nin qərargahı var, Bakıda yox.