Mən sizə həyacanla müraciət edirəm. Əziz dostlar, çox ağır günlər yaşayırıq.
Bilirsiniz, amma şübhəm var, problemin daha kəskin olmasına o qədər bələd deyilsiniz – “Azadlıq” qəzetinin vəziyyəti son dərəcə ağırdır.
Qəzet bağlanmaq təhlükəsinin düz kandarındadır.
Xilas üçün isə sizdən başqa heç yerdə çarə yoxdur.
Ya siz bizə kömək etməlisiniz, ya da biz bu fəlakəti labüd ölüm kimi qəbul edib qəzeti bağlamalıyıq.
“Azadlıq” qəzetinin bağlanmasından cəmiyyət olaraq uduzacağımıza isə yəqin heç kimin şübhəsi yoxdur.
Bu qəzeti qorumağa layiq sayıram. İstəsəniz minlərlə dəlil də gətirə bilərəm.
Uzatmıram, qəzetin bir aylıq abunəsi 12 manat edir. Bu təxminən 8 qutu sıqaret deməkdir. Bunu bizə çox görməyin.
Söhbət heç də sevimli iş yerimi itirmək təhlükəsindən getmir. Mən onsuz da bir yerə bağlanıb qalmağın, bir işin əsiri olmağın tərəfdarı deyiləm.
Problem daha ciddidir. Biz Azərbaycanda çox az qalan “azadlıq adaları”ndan birini – “Azadlıq”ı itirsək, bu, dəhşət sayılmalıdır.
Oxuculardan dəstək olmasa, yəqin ki, belə də olacaq.
Amma mən ümidliyəm. Ötən gün işdə yoldaşlara da dedim. Dedim ki, biz problemin ciddiyətini insanlarımıza lazımnca izah edə bilməmişik. İzah etsək onlar bizi darda qoymaz. Yenə də bu fikirdəyəm və məncə, yanılmıram da.
Dünən “Azadlıq”a kömək edin” çağırışıma 20-dən artıq dost qoşuldu. Onların arasında abunə olmağa söz verən də var, birbaşa yardım edən də.
Bir dostumuz isə (adını öz istəyi ilə yazmıram) çox təsirli bir qeydlə “Azadlıq”a dəstəyini ifadə etdi. “Azadlıq” bağlansa belə, mən həmişə bu cür fədakar və qiymətli oxucusu olan qəzetdə çalışdığıma görə fəxr edəcəyəm. Oxuyaq:
“İndiyədək çox şey itirdik: torpaqlarımızı, sərvətlərimizı, dəyərlərimizi, vətəndaşlarımızı. Amma Azərbaycan hələ həyatda. Yaralısa da, bölünmüşsə də, talanmışsa da, yağmalanmısa da, hələ həyatda. Hələ nəfəs alır, çünki yağılar bütün nəfəslikləri hələ qapada bilməmiş.
Oysa qapadarsa?! Oysa “Azadlıq”ı da itirəcəyiksə?! Geriyə nələr qalacaq? Nə ilə nəfəs alacaq bu məmləkət?
Dünən Qənimət Zahidin xalqa səslənişi oldu, “İrəli durun” dedi. Səsindəki hüzünü, qəhər boğuşunu duydunuzmu?! Bu insan Nədən, Kim üçün, Nəyin naminə boğulur – sual etdinizmi?
Torpaqları satdılar, xalqın iradəsini zəbt etdilər, sərvətləri taladılar, əsgərləri öldürürlər, başını qaldıranı həbs edirlər, indi də fahişəliyi leqallaşdırmaq kimi təkliflər eşidirik yağılardan. Bəli, artıq mövzu heysiyyət mövzusu. Sıra heysiyyətimizdə!
Dünən Qənimət Zahidin qəhərinin arxasında çabalayan milli heysiyyət idi. İrəli durun! Bunu Qənimət Zahid yox, Zaman deyir!
Rus sərkərdəsi Kutuzov tarixi seçim qarşısında qalırkən demişdi: “Moskvanın itirilməsi hələ Rusiyanın itirilməsi sayılmaz, amma rus ordusunu itirmək – Rusiyanı itirmək deməkdir”. Rus xalqı vaxtı ilə öz seçimini etdi və Vətəninin varlığını qorudu.
Siz hansı seçimi edirsiniz? Məmləkətinizin məhv edilməsi ilə sakitcə barışacaqsınızmı? Azərbaycanın son nəfəsliklərini də itirməsini sakitsə seyr edəcəksinizmi? Seçim edin!
Azadlığımızın belinə vurulmuş cərimənin 100-dən 1-ni mən ödəyirəm. Hər kəs öz imkanı daxilində bunun 100-dən 1-ni, 1000-dən 1-ni, 10000-dən 1-ni ödəyəcəksə, bizdən oğurlanmış qüdrəti, şər xisləti ilə üstümüzə gələn yağıların qarşısında ayaqda qalacağıq, əks halda…
Seçim edin!!!”.