Çox ağır, hətta ölümün astanasında olan xəstələri yoluxanlar ona nə deyirlər?
Deyirlər ki, yoox, şükür, o dəfəkinə baxanda yaxşılaşmısan, rəngin-ruhun da düzəlir, danışığın da tarazlaşıb, o günkünə baxanda xeyli yaxşısan!
Bunları hamımız eşitmişik, özümüz də az deməmişik. Xəstəyə deyilən bu sözler müqəddəs yalan sayılır.
Bu niyə yadıma düşdü? AzTV-də Bakıda keçirilən iqtisadi foruma baxırdım. Dünyanın dörd bir yerindən bura yığışan dələduzlar ölkəmizin iqtisadiyyatının dəhşətli dərəcədə inkişaf etdiyini, ta başqa ölkələr üçün nümunə olduğunu deyirdilər.
Bu, ölməkdə olan Azərbaycan iqtisadiyyatına təsəlli vermək üçün deyilən yalanlar idi. Amma “müqəddəs yalan” da deyil, mənfəət qazanmaq üçün fırıldaqla quraşdırılan yalandı.
Mənim tüstümü başımdan çıxaran keçmiş səfir Metyu Brayzanın fikirləri oldu. O bildirdi ki, Azərbaycan iqtisadiyyatı çox gözəl qaydada şaxələnib, ölkə günü gündən inkişaf edir və rifahın altında Ilham Əliyevin imzası var. Cənab Brayza Azərbaycann xalqına səadət bəxş etdiyinə görə Ilham Əliyevə də təşəkkür etdi.
Bəli, Azərbaycan xalqı ABŞ-dan demokratiya təmannasında olduğu vaxt o, bizə “filin dişisini yolladı”. M.Brayzanı Fəzail Ağamalı obrazında görmək çox təsirli idi. Fəzail müəllimin Brayzadan indiki halda fərqi ondandır ki, o, məddahlığını saya qaydada edir, fəndgirliyə əl atmır, rəngləri qarışdırmır: elə ifadələr, elə üslub seçir ki, hamı onun Ilham Əliyevə yarındığını bilir və buna adekvat münasibət göstərir. Metyular isə bu işi bəzəkli ibarələr, qəliz terminlərə elə edirlər ki, xalq yarınmadan duyuq düşmür. Ən təhlükəlisi də elə budur. Zəhmət olmasa, bu aralar Əziz Nesinin “Qərb yaltaqlığı” hekayəsini tapıb oxuyun, onda cızma-qaramın məğzini lap gözəl anlayacaqsınız.
Azərbaycan iqtisadiyyatını tərifləyən o arzuolunmaz qonaqlara baxıram və düşünürəm: Bunlar kimi aldadırlar?
Tutaq ki, televizorun hipnozu işə yaradı və adamlar doğrudan da yağ-bal içində yaşadıqlarını sandılar. Bəs televizorun önündən durandan sonra, məsələn, o adam soyuducusunun qapısını açanda (varsa təbii) necə olacaq? Və ya dişini düzəltdirməyə pul tapmayanda, uşağına oyuncaq ala bilməyəndə, mövsüm üçün libasını təzələyə bilməyəndə o “iqtisadi hipnoz” dada çatacaqmı? Çətin!
Bir sözlə, görünür, hələ hökumət başa düşməyib ki, halva-halva (inkişaf-inkişaf) deməklə ağız şirin olmur.
Yolumuzun üstündəki daş
Orta və yaşlı nəslin yadında qalar “Yeralaş” verilişində belə bir səhnə vardı.
Hamının keçdiyi yolun üstünə bir daş düşür. Camaat da fərqinə varmadan o yoldan ötəndə ayaqları daşa ilişib yıxılırlar. Bunu görən bir məktəbli insansevərlik edir, gedir o daşdan beş altı metrə qabaqda durur gələnləri xəbərdar edir ki bax, qabaqda ehtiyatlı ol, təhlükə var.
Bu minvalla o xeyli adamı ayağı burxulub yıxılmaqdan sovuşdurub “sağ ol” qazanır və əməyindən özü də xoşhal olur.
Bir neçə saatdan sonra daha biri gəlir, şagird onu da xəbərdar edir. Adam “sağ ol” deyir və gedib o daşı yoldan götürüb tullayır. Bununla da nə insanların ayağı burxulur, nə də o məktəbli əziyyət çəkir. Yəni aydın olur ki, o gənc adam o qədər izah işi aparmaqdansa, qolunu çirməyib daşı rədd etməliydi.
Özümüzü – dəyişiklik üçün çalışan müxalifəti, ayrı-ayrı fərdləri o məktəbli kimi görürəm, daş isə təbii ki, Ilham Əliyev və onun sistemidir.
Bəli, biz əziyyet çəkirik, günümüzü, enerjimizi xalqımızın ayağına daş dəyməsin deyə xərcləyirik. Problem isə hələ yerindədir.
Şərin zindanına düşən ayrı-ayrı fədakarların müdafiə təşkilatını qurmaqdan, Avropa Məhkəməsinə şikayət yollamaqdan, qanunvericilik təşəbbüssü göstərməkdən nəhayət, yorulmaq lazımdır.
Cümlə müxalifət, bütün vicdanlı adamlar bir yerə söz qoyub yolumuzun üstündəki daşı tarixin arxivinə atmalıdır.