Ilahiyyatçı alim Tale Bağırzadənin həbsi gözlənilən idi. Bunu hiss etməmək üçün bütün duyğu orqanlarından məhrum olmaq lazımdır.
Tale Bağırzadə yenicə həbsdən çıxmışdı. Bu həbs onu nəinki qorxutmamışdı, mübaliğəsiz yazıram, əksinə, məhkumluğu onda, hətta zindan üçün təşnə yaratmışdı. Tale Bağırzadənin hər çıxışı, nümayiş etdirdiyi mövqe həbsxana qapısının taqqıldadılmasıydı.
Onu çox gec – həbsdən çıxandan sonra tanımışam. Təəssüf ki, tanışlığımız qiyabi formadan o yana keçmədi. Ancaq bu gənc insanın çıxışlarına bələd olduqca düşünürdüm ki, Tale bəylə bir yerdə böyümüşəm, çörəyimiz, suyumuz bir olub.
Onun seçdiyi həyat tərzi mənimkindən fərqlənsə də, zülmə münasibətimiz bizi doğmalaşdırırdı. O, yalan və talanla, zalımla davranışda güzəşt tanımayanlardandı. Seçdiyi mübarizə xətti o qədər dərk edilmiş idi ki, hakimiyyətə qarşı sərt tənqidlərinə “bəy, bəlkə bir az yavaşlayasan” da deyə bilmirdim.
Adam özünə şəhadət qüsulu verib. Yəni, həqiqət uğrunda canını qurban deyib. Və bu qərarı verərkən evindəki körpələrin taleyi də onun əl-ayağına dolaşmayıb.
Tale Bağırzadəyə həbsdən kənar həyatın yolu aydın şəkildə bəlli idi, bunu ona ən mötəbər rəsmi dairələrdən də təkrar-təkrar demişdilər. Məsələn, demişdilər ki, cavan oğlansan, təhsilin var, ağlın da başında, get, namazını qıl, orucunu tut, şəri məsələlərdən-zaddan danış, təvəkkül elə, sənə nə ölkəni kim, necə idarə edir? O, bu yolu özünə layiq bilmədi.
Tale Bağırzadə bizim beyinlərimizə işləyən radikal dindarlardan deyil. Azərbaycanda dini radikalizmlə silahlanan o qədər insan var ki, bu gün Babək prospektindən tutmuş, “Binə” bazarına qədər ən müxtəlif yerlərə sirayət ediblər. Onlara toxunan yoxdur, belə getsə, heç olmayacaq da.
Tale Bağırzadənin hədəf olması dini baxışlarından çox, ölkədəki ictimai-siyasi proseslərə aktiv və tənqidi münasibətilə bağlıdır. O, haqlı olaraq, Azərbaycanda şərin at oynatmasına dözmürdü, şərə lal olub itaəti rədd edirdi. Səhv edirdimi?
Tale Bağırzadə illərdir dini və demokratik düşərgə arasında hörülən daş divarları sökürdü. Hakimiyyətin də təlaşı bundandır.
Uzun illərdir hakimiyyət məkrli plan qurur və indi bu planın işə düşməsi üçün canını da xərcləməyə hazırdır. O plan əsas diqqəti hakimiyyətin yaramaz idarəetməsindən yayındırıb, nəzəri diskussiya və mübahisələrlə etirazçı kəsimi yormaqdır. Bunun ən bariz nümunəsi dindar-dinsiz polemikaları yaratmaq, mübarizə aparan insanları bir-birinə düşmən etməkdir. Bu planın alt qatı onsuz da yaxşı işlənilib. Ölkəmizdə olan “dindarsansa, Iranın, Ərəbistanın, demokratsansa, Qərbin agentisən” önyarqısını kim inkar edə bilər ki?
Bəli, bu gün demokratik düşərgə haqlı olaraq sual edir ki, niyə dindarları cəmiyyəti narahat edən sosial-siyasi problemlər uğrunda mübarizədə görmürük?
Görməmişik, düzdü.
Ancaq buna görə özümüzə də sual verməliyik: biz onların ümumxalq mübarizəsinə qalxmasında nə qədər maraqlıyıq?
Bəyənmədiyimiz Ilham Əliyev dini kəsimi özünə tərəfdar etmək üçün min bir oyuna əl atır, pirə belə, gedir bu adam.
Demokratik düşərgə isə “aman, dindarlara salam versəm, bizi fundamentalist deyib əzərlər” şübhəsi ilə yaşayır.
Qayıdaq Tale Bağırzadəyə… Onu tək qoymamaq gərəkdir. Hakimiyyətin fitməsini aradan qaldırmağın tək yolu talelərə sahib durmağımızdır.
Bu informasiyanı da bilmənizdə fayda görürəm.
Həbsindən tam 10 saat əvvəl o, mənə Rəşadət Axundovun tutulmasından pərişanlığını bildirmişdi. Və demişdi ki, sabahkı xütbəsində bu namərd hadisəyə toxunacaq.
Imkan vermədilər. Ancaq biz o xütbəni artıq eşitmiş kimiyik!
Həzrəti Yusif məqamın mübarəkdir, Tale bəy!