İlham Əliyevin əsəbiləşdiyi müşavirədə dediyi sözlər hələ qulağımızı cingildədir. O, əyyanlarına deyirdi ki, bu nə deməkdir, bu dəbdəbəli ad günlərini yığışdırın!
Xalqın bir qismi bu bəyənôatdan fərəh duymuşdu. Camaat neynəsin, rəhbəri sevmək üçün bəhanə gəzir. Düşünənlər vardı ki, qibleyi-aləm doğrudan da sadə həyat tərzinə alüdə insandır, dəbdəbə ondan uzaqdır.
Xalq belə xam xəyala daldığı anda Hacıbala Abıtalıbov Ilham müəllimin təbliğat qalasını vurdu yerlə bir etdi. Abutalıbovun bildirdiyinə görə, bu il Heydər Əliyevin ad günü keçən ilkindən iki dəfə yüksək səviyyədə keçiriləcək. Güllər, təmtəraq keçən ilkini iki dəfə üstələyəcək.
Yaxşı, indi biz prezidentin sadiq təbbəsi olmaq istəyən insanlar kimi bu ziddiyyətdən necə baş açsın?
Bəlkə, bəzi qəzet yazarları kimi özümüzə toxtaqlıq verək ki, Hacıbala müəllim əlahəzrəti pis vəziyyətə qoymaq üçün belə addım atır? Yoxsa, səbəb nədir ki, ad gününü iki dəfə gücləndirilmiş qaydada qeyd etməyə qərar verilib?
Başqa cür də fikirləşmək olardı: Məsələn, deyərdin ki, prezident ayrı, məmur ayrı. Məmur dəbdəbəli adgünü keçirə bilməz, prezident isə bilər. Axı o gözlərə nur bəxş edəndir.
Ancaq bu xoşməramlı ehtimalın da qabağını Ilham müəllim alır. O, necə demişdi: “Məndən nümunə götürün. Mən öz ad günümü qaçqınlarla, sadə adamların arasında keçirmişəm”.
Di gəl, baş aç!
Ilham Əliyevin öz mərhum atasına məhəbbət bəsləməsini, Aynur Camalqızından fərqli olaraq mən heç vaxt şübhə altına ala bilmərəm.
Ilham Əliyev tək bu ömrünü yox, əlavə beş ömürünü də Heydər Əliyev üçün xərcləsə, yenə azdır. Mərhum Əliyev onun üçün mümkün olanı yox, olmayanları da edib. Nə uzadaq axı, Azərbaycan kimi bir ölkədə o siyasi bacarığı, vətən qarşısında xidməti ola ya-olmaya məhz atasının sayəsində 10 ildir rəhbərdir. Ölkəni sağdan sola, soldan sağa çalır-çapır.
Deməli, aydınlaşdıraq: Ilham müəllimin öz atasına bəslədiyi dərin məhəbbətə qarşı heç kim bir söz demir. Əksinə, bu onun vəfadar olmasına sübutdur, daldaya düşəndə hətta bu keyfiyyətinə görə ona sağ ol da demək olar. Bunlar öz yerində, bəs o atasına məhəbbətini dəbdəbə ilə, həm də yetim-yesirin payından kəsməklə qeyd etməkdən savayı yol, üsul bilmirmi?
Bilirsinizmi, hansısa məmurun özünə ad günü keçirməsi çox təbiidir, ora israfçılıq, dəbdəbə varsa belə buna cəhənnəmə demək olar. Ancaq iş mərhum Heydər müəllimə gələndə bu fərdi iş olmaqdan, Ilham Əliyevin atasının ad günü olmaqdan çıxır. Iqtisadçıların hesablamasına görə, hər il 10 mayda 10 milyon manatdan çox dövlət vəsaiti xərclənir. Razılaşaq ki, ad günü dəbdəbəsinin bu həddini hələ ki bizim ölkədə təkrarlayan olmayıb.
Həm də bir ağılabatan izah niyə verilmir ki, bilək, keçən ildən bəri nə dəyişdib? Hansı şərtlər diqtə edir ki, mərhumun ad günü ikiqat izzətlə keçirilsin?
Like? Dislike!
Daha iki gənc – Rəşadət Axundov və Üzeyir Məmmədli həbs oldu. Diqqət ediriksə, bu həbslər daha çox “facebook” fəallarına, virtual aləmdə rəy liderlərinə qarşı aparılır. Ilham Əliyev çox ağır işin altına girib. Eyni anda o, özünə iki rəqib seçib: onlardan biri gənclikdir, ikincisi texnoloji yenilikdir. Onu bu iki rəqibin ikisinə də rüsvayçı məğlubiyyət gözləyir. Qoy, onu bu davaya salanlar utansın.
Yeri gəlmişkən, facebook istəfadə edənlərə tanış mənzərədir. Tez-tez orda hamını bezdirən yeniyetmələr peyda olur. Onlar heç bir düşündürücü status yazmadan “qaqaş, yazdığımı like et” təmmanası umurlar, hətta bəzən əndazəni keçərək adama belə əmr də verirlər. Mən qibleyi-aləm Ilham müəllimi həmin yeniyetmələrə çox bənzədirəm. O da eynən, ürəyə yatan bir iş görmədən elə hey bizdən tələb edir: Məni like (bəyən) edin.
Bəyənə bilmirik axı, ay qardaş.