Bu gün “gmail” poçtumun arxivini eşələyirdim, 2 yazışmamla qarşılaşdım, xeyli mütəəssir oldum.
Onlar qələmindan qan süzülən, hər cümləsində Əliyev rejiminə tənə edən, onu rüsvay edən iki yazar – Elnur Astanbəyli və Emin Milli ilə olan məktublaşmalar idi. Məktublaşmalar 2006-2007-ci illəri əhatə edir. Hər iki məktub acıdır.
Elnura “Alma” qəzetində yazdığı məqaləyə görə hirslənmişdim. Çünki o, məqaləsində Əli Kərimlinin həmin qəzetə verdiyi müsahibəni tənqid edib. Mənə görə qərəzli tənqid idi.
O ki qaldı niyə tənqid edib məsələsinə… Təxminən yazıb ki, Əli Kərimli YAP-çılara qarşı çox amansızdır, halbuki, mən elə prezident arzusundayam ki, gələcəkdə YAP-çıları da qucaqlaya bilsin.
Yəni, Elnur bəy çox uzaq olmayan keçmişdə o tərəfdəkilərə bu qədər mərhəmətli olub.
Emin Milli ilə yazışmam isə lap qırğın olub. Bu, Əli Transmillinin yaratdığı bir “yahoo” qrupda baş verib. Emin məni cəmiyyətdə baş verən hər şeyi qara görməkdə ittiham edib, hətta indiki müxalifəti muzeylik antikvar adlandırıb…
Bunları niyə yazdım? Əsla, nə o zaman, nə də indi bu adamların hakimiyyətin təəssübkeşi olduğunu düşünməmişəm. Sadəcə, o zaman bu dostların hakimiyyətlə mübarizədəki yanaşmalarını qəbul etməmişəm.
Zərdüşt bəy (Əlizadə) kimi demək istəmirəm ki, bax görürsünüzmü, mən deyənə gəldiniz. Yox, bu, mənasız təşəxxüs olardı. Sadəcə, bu məktubları qismən ictimailəşdirməklə göstərmək istədim ki, ölkəmizdə vətəndaş qarşıdurmasının, insanların bir-birinin qanına susamasının tək bir səbəbkarı var – o da Ilham Əliyev, onun idarəetmə üsuludur.
Müxalifət radikal-filan deyil.
Ölkədə radikal müxalifət olsaydı, Əliyevlərin ömrü 1 ildən çox çəkməzdi. Heydər Əliyevin heykəllərinin daşı-daş üstə qalmazdı.
Ölkədə insanları radikalizmə təhrik edən heydərçi bir qüvvə var. Onu tanıyın, onu lənətləyin, onun dəyişməsi üçün fəryad edin!
Daha bir köhnə palan içi töküm…
Qənimət Zahidin türmədə olan vaxtları idi. O vaxt 10 nəfərə qədər jurnalist həbsdə idi. O vaxt ictimai fəallığın yerin dibi ilə süründüyü çağlar idi. Jurnalistlər ölkədə baş verən talan və yalana münasibət bildirməyə çıraqla adam axtarırdılar, tapmırdılar. Yalnız 5-10 siyasətçi vardı ki, müqaviməti davam etdirirdi.
Hə, o günlərin birində məni yolladılar Şeyx Əbdül Mahmudbəyovla müsahibəyə. “Azdram”ın önündəki bir çay evində söhbətləşdik. Min bir fənd qurdum, bu adama rejimin əleyhinə sual verdim, ölkəni başına alan ədalətsizlik, özbaşınalıq barədə bir söz demədi. Əsas dəlili də bu idi ki, Həccə gedəndə siyasətlə məşğul olmamaq barədə and içib.
Şeyx ayrılanda da mənə dedi: “Qardaşoğlu, bunu qəzetə deməsəm də, biləsən, hökumət də elə pis deyil, yaxşı işlər görür. Bax, odur e, mənim evim, yaman gündəydi, bir dənə məktub yazdım Fövqəladə Hallar Nazirliyindən gəldilər, qəşəng təmir eləyib getdilər”.
Hə, yoldaşlar, indi qəzetdə oxuyuram ki, Şeyx hökuməti söküb-yığır, onlara nifrin yağdırır. Neyçün?
Heç nə. Hörmətli Hacıbala Abutalıbov onu da evindən qəddarcasına çölə atır.
Nə demək olar?
Bir: Sağ ol, Hacıbala müəllim!
Iki: Həqiqətən Allahın zopası yoxdur.
Ölən təkcə əsgərdimi?
Yenə də əsgər ölümü xəbəri aldıq. Artıq iş o yerə gəlib çatıb ki, döyüş olmadığı halda, hansısa həftə əsgər ölümü xəbəri gəlməyəndə çaşırıq.
Azərbaycan Müdafiə Nazirliyi indi ölkə vətəndaşlarının müdafiə olunması gərəkən təhlükəli mənbəyə çevrilib.
Bu ordu düşmənə qənim kəsilmək üçün qurulmuşdu, tərsinə oldu.
Əsgər ölər də, öldürər də.
Hökumətdəkilər elə qaraçılıq edir ki, guya, əsgər ölümlərinə etiraz edənlər Əzrayılla savaşmalıdılar, daha onları qınamalı deyillər, yamanlamamalıdılar. Guya ölüm-qalım işi taledir, üstəlik, hərb varsa, ölüm də sürpriz sayılmamalıdır…
Bunu deyən avamlar bilməlidir ki, problem bizim ölkədə, ancaq və ancaq məzlumların, kasıb-füqəranın balaları əsgərlikdə ölür. Bu da haqlı olaraq geniş xalq kütlələrində hiddət doğurur.
Bir anlıq düşünün, işğal olunan dövlətin ali baş komandanı – Ilham Əliyev və ya əlaltılarından hansısa Seyid Nasrullah kimi oğlunu vətən üçün şəhid versəydi, indi bizim qəzəbimiz bu qədər kükrəyərdimi? Əsla. Deyərdik, ellə gələn bəladır: şah üçün də var, gəda üçün də…