Ondan başlayaq ki, bu gün Azərbaycanda müstəqil medianın cəsarət nümunəsi Elmar Hüseynovun qətlinin növbəti ildönümüdür.
Bu, o Elmardır ki, ölümdən az əvvəl “Azadlıq” qəzetinə müsahibəsində “Heydər Əliyevdən fərqli olaraq, Ilham Əliyev barədə çox ciddi tənqidi məqalələr yazmaq fikrində olmadığını” demişdi. Təxminən bu cür: “Ilhama 2-3 yazı bəsdir. Çox yazsaq, o özü də ciddiləşəcək. Ciddi söhbətlər, təhlillər Ilham Əliyev üçün deyil. O həm də yazı predmeti kimi primitivdir”.
Elmar mənim nəzərimdə şəhiddir. Nə qədər ki, onun qatilləri tapılıb ədalət məhkəməsi önündə dayanmayıb, Elmarın qanının Ilham Əliyev üsul-idarəsinin üzərində olduğunu kimsə dana bilməz.
Azərbaycandakı vəhşi rejim çox igidin ömrünü vaxtsız bitirib. Amma Elmar onlardan fərqlənir. Çünki o, vaxtsız ölümdən yayınmaq istəmədi, dəfələrlə “öldürərik” təhdidi alsa da, vecinə olmadı, düz bildiyini yazdı.
Elmar bizim hələ də gizli qalan xəzinəmizdir. Hər il onun anım tədbirlərində kəsilə-kəsilə qalıram. Deyirəm, axı bura yığılan bu Elmarsevərlər niyə onun yazılarının yenidən dərcinə heç təşəbbüs göstərmir?
Bəli, Elmarın yazıları 2 cilddə rus dilində kitab kimi çıxdı. Amma bir məqama diqqət yetirmək gərəkdir; Elmarı narahat edən problemlərə biganə olmayan rusdilli təbəqə onsuz da onun əksər yazıları ilə tanışdı. Bəs bu gün Elmarın idealları uğrunda mübarizəyə qalxan gənclik onu ölümə aparan yazılarla tanışdırmı? Şübhə edirəm.
Halbuki, indi heydərizmlə mübarizədə gəncliyin əlinin altında qılınc kimi kəsən ədəbiyyata, materiala hava-su kimi ehtiyac var. Bu ehtiyacı isə Elmarın yazıları ödəyə bilər.
Elmar indi Azərbaycan dilli gənclərin dilində sadəcə, bəzi sitatları ilə qalıb. Məsələn: “Novruz bayramı – nevroz bayramı”, “Azərbaycanın hər şeyi var, bir gələcəyi yoxdur” və s.
Halbuki, onun Əliyev rejiminin anatomiyasını çəkən məqalələrilə tanış olmaq gərəkdir.
Elmar “Monitor” jurnalını çıxarırdı…
Illər öncə Əli Kərimli maraqlı bir müşahidəsini danışdı: “Bir də görürdüm ki, yanıma insanlar gətirirlər, onları müxtəlif parametrlər üzrə təqdim edib, axırda da deyirdilər ki, Əli bəy, bu filankəs bəy ”Monitor” da oxuyur”.
Əli Kərimli bunu cəsarət simvolu kimi Elmarın rolunu dəyərləndirərək danışırdı. Yəni, insan necə məqalə ərsəyə gətirir ki, onu oxuyanlar belə, özlərini qəhrəman sayır.
Səyyar qəzet satanları danışdırmaq imkanınız olsa, onlardan “Monitor”u soruşun. Mən onlarla çox danışmışam. Deyirlər ki, bu jurnalı səhər saat 9-dək satıb qurtarırmışlar. Özü də necə? Jurnallar bir başa evlərə gedirmiş. Konkret alıcılara…
“Monitor” tək-tük bəxtəvər nəşrlərdəndir ki, nə qədər vətəndaş onu evində arxivləşdirib. Mən, hətta kəndlərdə “Monitor” arxivi görüb heyrətlənən adamlardanam.
Elmarı unutmayaq, onun qatillərini isə heç unutmayaq. Elmar bizim şəhidimizdir…
Bir neçə il əvvəl RATI-nin rəhbəri Emin Hüseynov Elmarın adını əbədiləşdirmək üçün bir iş gördü. Iş də bundan ibarət idi ki, mərhum jurnalistə Bakıda abidə qoyulması üçün imza toplayıb Ilham Əliyevə müraciət etdik. O imzaya görə indi çox peşmanam. Tək təsəllim budur ki, Ilham Əliyev ənənəsinə sadiq qalıb, ictimaiyyətdən gələn bütün təkliflər kimi, bizimkini də vecinə almadı. Nə yaxşı ki, almadı. Təsəvvür edirsinizmi, biz Ilham Əliyevə Elmarın məsuliyyətindən uzaq qalmaq üçün çox gözəl bir pas ötürmüşdük. Allah eləməmiş, Ilham Əliyev Elmara bir abidə qoyub, sonra da gəlib o abidənin açılışında iştirak edərək azad söz, jurnalistika haqqında bir neçə dahi fikir işlətsəydi, başımıza haranın daşını tökərdik?
Bir yandan rejimi Elmarın qatili olmaqda ittiham elə, o biri yandan da ondan tələb elə ki, Elmara abidə qoy. Belə olmaz. Ya qatil ittihamından əl çəkilməlidir, ya da qatildən mərhəmət ummaq tədbirlərindən.
Ruhun şad olsun, Elmar bəy!