Bayramı yola verdik, bu günlərdə xoşagəlməz söhbətlər də çox oldu.
Onlardan biri də budur: “Azadlıq” qəzeti niyə dövlətdən 95 min manat pul alıb?”
Həyatımın önəmli hissəsi bu qəzetə bağlıdır. Qəzetin məhrumiyyətləri, necə ağır durumda olduğunu sizə xüsusi şəkildə anlatmağa gərək yoxdur. Il boyu başımıza gələnləri bilirsiniz. Nə qədər bayağı və şablon olsa da, “Azadlıq”da işləmək çətin və şərəfli işdir, yazmalıyam.
Bunlar heç. Gələk narahatlıq kimi göstərilən məqamlara. Qəzet niyə dövlətdən pul alıb? Bu satılmaqdırmı? Bu dönüklükdürmü? Bu pul qəzetin həqiqətlərdən yan keçib Ilham Əliyev həzrətlərinə üz tutmasına vəsilə, səbəb olacaqmı?
Birinci məqam ondan ibarətdir ki, verilən bu pulun 60 mini layihə əsasında (qrant kimi) alınıb. Yəni, bu, birinci hal deyil. Neçə ildir ki, əksər qəzetlər, eləcə də “Azadlıq” layihələrə görə dövlətdən pul alır. Və əsas sual budur: bu layihələr “Azadlıq” qəzetinin dəst-xəttinə, əsaslı da demirəm, zərrə qədər xələl gətiribmi?
Mən “qətiyyən” sözünü yazmıram. Təklif edirəm ki, kim bu barədə şübhəlidirsə, buyursun, arxivə gedək, hakimiyyətin “dəyirmanına su tökən” bir məqaləni qəzetdə tapsın, ondan sonra mən “pas”. Əksinə, bu layihə yazıları getdiyi müddətdə “Azadlıq”da Ilham Əliyevi ifşa edən silsilə yazılar dərc olunub: Turqut Ərin kitabından tutmuş, Ramin Nağıyevin MTN daxili məqalələrinə, Elşad Abdullayevin videolarına qədər…
Ikinci məqam: “Azadlıq” qəzeti necə ayaqda qalmalıdır? Sualın cavabı çətin deyil: qəzet satılmalıdır, qəzetə reklam verilməlidir. “Azadlıq” isə illərdir ki, reklam üzünə həsrətdir. Şirkətlər “Azadlıq”ın adını çəkməyə qorxur, qalmışdı reklam vermək…
Satışımıza hökumətin yaratdığı çox ciddi problemlər vardı. Söhbət hesabımıza həbs qoyulduğu, yayım şirkətlərinin pulu vermədiyi günlərdən gedir. O zaman şəxsən ürək qızdırdığım insanlara müraciət etdim. Internetdə onlara məktub yazdım ki, “dostlar, demirəm, ianə verin (halbuki, üz tutduğum adamların buna imkanı yetərincə idi), heç olmasa, üzləşdiyimiz bu çətinliyi dünyaya çatdırın. Statuslar yazın, çağırışlar edin”. Bu həyəcan dolu çağırışıma cavab verməyən insanlar indi baxıram ki, sağdan-soldan “eyvah ”Azadlıq” satılır” nidaları qoparır. Dostlar, ayıb deyilmi? Hesab edirəm ki, çox böyük ayıbdır.
“Azadlıq” qəzetinə bu qədər önəm verirsinizsə onun ayaqda qalmasına da bir az can yandırın. Bəli, normal dövlət olsaydı, heç bir qəzet oxucusundan belə fədakarlıq tələb etməzdi. Oxucunun nə vecinə ki, sənin redaksiyanda normal işıqlanma belə yoxdur… Görənlər, bələd olanlar yaxşı bilir ki, biz qəzeti hansı ağır şəraitdə ərsəyə gətiririk. Hər zaman dəstəyə ehtiyacımız var, gizli deyil ki, sizlər olmasanız, diz üstə durmaq çətindir…
“Azadlıq” qiymətli qəzetdir, yoldaşlar!
“Azadlıq”da işləyən insanları ora cəlb edən məqam pul, varlanmaq olsaydı, çoxdan “haqqın yolunu” tapmışdılar.
“Azadlıq”ın qayğısına qalmaq üçün onu sadəcə, diqqətlə oxumaq lazımdır. Ət yeyən quş dimdiyindən, satılmış qəzet manşetlərindən tanınır. Barı manşetlərə baxın…