ABŞ Dövlət Departamenti Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli və riskli ölkələr siyahına salıb. Azərbaycan hakimiyyəti bundan əsəbiləşib. Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun dililə deyiblər ki, bu, ABŞ-ın böhtanıdır, bəzi dairələrin Azərbaycana qarşı informasiya müharibəsidir. Novruz müəllim başqa sözlər də deyib, hələlik onlara keçmədən dayanaq…
Görünür, Azərbaycan məmurları biz düşündüyümüzdən fərqli olaraq, ölkəni elə şiddətlə sevirlər ki, məhəbbət onların gözünü kor edib. O dərəcədə kor ki, məsələn, ABŞ-la Azərbaycanın ölçülərini müqayisə edə bilmirlər. Yoxsa, bu nə sözdür; ABŞ bizə böhtan atır?!
Ay qardaş, ABŞ hara, sən hara? Azərbaycanın bir dövlət kimi, supergüclərə qarşı özünü bərabər hüquqlu tərəfdar kimi aparması qürurvericidir. Amma insafınız olsun da… Bir var, bərabər hüquqluluq, bir də var bərabərgüclülük. Böhtana əksər hallarda zəiflər əl atır. Açıq danışaq, ABŞ-ı Azərbaycanın nəyi, harası narahat edə bilər ki, o, böhtana əl atsın?
“Bəzi dairələr bizə qarşı informasiya müharibəsi aparır” iddiası da gülüncdü. Birincisi, konkret olmaq lazımdır, bəzi dairələr nədir? Qurumun adı üstündədir – ABŞ Dövlət Departamenti!
Novruz müəllimə buradan demək istəyirəm ki, həqiqətən Azərbaycan kimi diz üstə güclə duran dövləti ABŞ-la informasiya müharibəsi həddinə gətirib çıxarmısınızsa, sizə daha nə deyim? “Lənət olsun” desəm, bayram ərəfəsidir, ayıb olar.
Azərbaycan ABŞ kimi super güclə informasiya müharibəsindədirsə, daha bizə nə nağıl oxuyursunuz? Nə 2020-ci il planları qurursunuz? Daha deyin ki, gedib qəbrimizi qazıb kəfənimizi hazırlayaq da…
Və gələk mövzunun əsl mahiyyətinə. Azərbaycan həyat üçün təhlükəli və riskli ölkədirmi? Əlbəttə, belədir. Guya, ABŞ Dövlət Departamenti bunu deməsəydi, sanki reallıq dəyişəcəkdi? Bəli, ola bilər ki, Azərbaycan Əfqanıstan kimi riskli ölkə deyil, amma elə onun kimi təhlükəli ölkədir.
Əfqanıstandan bu ölkənin hansı üstünlüyü qalıb ki? Orada dinc insanları qaçaq-quldur öldürür, burada generallar, polkovniklər… Budur fərq…
Əfqanıstanda insanlar terrorçulardan qaçıb gizlənir, bizdə polisdən, prokurorluqdan… Buna görə biz risksiz ölkə sayılmalıyıq?
Sevinc Babayeva dəhşəti yaşanan ölkədə ümumiyyətlə, gərək Novruz Məmmədovlar “təhlükəsizlik” sözündən pəhriz saxlasınlar. Təkcə, dünən-srağagün deyil ki… Azərbaycan hökuməti baş-beynimizi neçə illərdir aparır ki, guya, ölkədə dəhşətli dərəcədə təhlükəsizlik var, hər şey nəzarətdədir və s.
Bəs baş verənlər nədir? Sevinc Babayeva cinayət törətməkdə şübhəli bilinirdi, özü də xeyli ağır cinayət! Amma o, istintaqdan yayınıb ölkədən qaça bildi…
Bu halda…
Bir: Sevincin qaçmasına hakimiyyət özü şərait yaradıbsa, deməli, mərhumun ölümünü ürəkdə-filanda axtarmaq lazım deyil. Onu elə ölkədən qaçmağa şərait yaradanlar öldürüb;
Iki: Sevinc hüquq-mühafizə orqanlarının xəbəri olmadan ölkədən qaçıbsa, onda bizim təhlükəsizliyimizə bir “quş”!
Sevinci nəzarət altında saxlaya bilməyən hökumət erməni kəşfiyyatına, min bir təxribatçıya heç nə edə bilməz.
Yenə sağ olsun o təxribatçılar, düşmənlər ki, ölkədəki münbit cinayətkarlıq mühitindən istifadə edib hər gün anamızı ağlatmırlar…