Turan Yazgan itkisi üzərinə
Türk Dünyası Araşdırmaları vəqfinin başqanı, professor Turan Yazgan barədə son illərdə aldığım xəbərlər onun qətlinə verilmiş fərman xarakterində idi; həbs edilmə təhlükəsindən son anda qurtulan Turan xocanın vəqfinin bir çox mal-mülkünə əl qoyulmuş, vəqfə 500 min dollar cərimə kəsilmişdi.10 ildən bəri xərçəng xəstəliyi ilə çarpışan bir adamın son illərdə yaşadığı müsibətlər onun xəstələyindən daha təhlükəli olmuşdu. 22 noyabrda gələn ölüm xəbərinə əslində özümüzü müəyyən müddətdən bəri hazırlamışdıq.
Professor Turan Yazganla heç vaxt bir araya gəlmək imkan və fürsətim olmasa da, o, mənim üçün də bir əfsanə idi: Türk dünyasının bir çox yerində məktəblər və fakültələr açdığını bilirdim.
Türk dünyasının başqa guşələrində açdığı məktəb və fakültələri bir tərəfə qoyaq, onun 1992-də Azərbaycanda açdığı Atatürk litseyi və idarəçilik fakültəsi vətəndaşlarımızın eybəcərləşmiş təhsil sistemimizdən əlini üzdüyü vaxtlarda övladlarına yaxşı təhsil vermək istəyənlər üçün ümid qapısı oldu.
Professor Yazgan Azərbaycan mətbuatına verdiyi müsahibələrdə Türk dünyasındakı məktəb və fakültələrinə böyük ümid bəslədiyinə diqqəti cəlb edərək o məktəb və fakültələrdə təhsil alan şagird və tələbələrin 10-15 ildən sonra ölkələrində önəmli vəzifələr tutacağını, böyük şirkətlərdə işləyəcəyini və Türkiyəylə münasibətləri daha yüksək səviyyəyə çıxarmaq üçün əllərindən gələni əsirgəməyəcəyini vurğulayırdı. Onun barəsində düşünərkən kəçən əsrin əvvəllərində və xüsusilə Azərbaycanın öz milli dövlətini elan etməsindən sonra təhsilə misilsiz dərəcədə önəm verən iş adamları, siyasətçilər, xeyriyyəçilər gözümün önünə gəlird.
Xatirələrdən öyrənirik ki, milli dövlətimiz qurulandan sonra Hacı Zeynalabdin Tağıyev təhsilə daha çox önəm vermiş, qurduğu xeyriyyə cəmiyyətlərinin keçirdiyi gecələrdə milli təhsilə kömək etmək üçün varlı iş adamlarını bilavasitə özü təşviq edirdi.
1919-cu ildə Bakı dövlət universitətinin açılışında çıxış edən Tağıyev sevincdən göz yaşlarını tuta bilməmiş və “Torqovı” küçəsindəki pasajının gəlirini ilk univərsitətimizə bağışlamışdı. Professor Turan Yazgan iş adamı dəyildi, alim idi,o,təhsilə sərmayəni fabrik və zavodlarından qazandığı puldan yox, çıxardığı jurnallar, çap etdiyi kitablardan əldə ətdiyi gəlirdən və Türk dünyası araşdırmaları vəqfinə bəzi xeyriyyəçilər tərəfindən edilən az miqdardakı yardımlardan qoya bilirdi. Ölümündən sonra onun barəsində yazılanlardan öyrənirik ki, 18 ildə Bakıdakı Atatürk litsəyindəki təhsilə professor Yazgan təxminən 10 milyon dollar pul xərcləyib.
İşə təhsilin prizmasından baxanda insan müqayisə aparmadan keçib-gədə bilmir: bir tərəfdə alın təriylə qazandığı pulu son quruşuna qədər Türk dünyasında təhsilə xərcləyən professor Turan Yazgan, o biri tərəfdə isə hardan gəldiyi bəlli olmayan (əslində bəlli olan ancaq “qara pul” olduğuna görə açıqlanmayan) pulları Parisin muzey və kilsələrinə xərcləyən Heydər Əliyev fondu. Gördüyü işlərə baxanda professor Turan Yazganın təhsil nazirimiz Misir müəllim üçün də ən yaxşı örnək olduğunu deməliyik.
Təkcə Misir müəlliməmi? Bir neçə il qabaq ali məktəb tələbələri arasında keçirilən rəy sorğusunda cəmisi 16 ali məktəb müəlliminin tələbədən rüşvət almadığı meydana çıxmışdı. Sizcə, gördüyü işlərlə professor Turan Yazgan ölkəmizin ali məktəb müəllimlərinə ən gözəl örnək deyilmi?
Professor Turan Yazganın dəfn mərasiminə dair xəbərləri TV-dən izləyərkən onun nə qədər böyük aydın olduğunu bir daha gördüm: onun dəfni siyasətüstü bir mərasim oldu: Türkiyə Böyük Millət Məclisinin sədri də professor Yazganın cənazə namazını qlıanlar arasındaydı, ana müxalifət lideri də, hökumətin bir neçə naziri də, parlaməntin o biri müxalifət partiyasının lideri də. İstanbulun Fatih məscidində qılınan cənazə namazından o görüntülər bir daha təsdiqlədi ki, aydın olmaq, ömrünü təmənnasız şəkildə millətin təhsilinə vəqf ətmək- istənilən siyasətçidən yuxarıda durmaq deməkdir.
Ölümüylə bu gerçəyi bizə bir daha xatırladan Türk dünyası araşdırmaları vəqfinin başqanı Turan Yazgan xocama Tanrıdan rəhmət diləyərkən Türk dünyası açdığı qiymətli təhsil ocaqlarının əsrlər boyu yaşamasını arzulayıram.
Natiq Güləhmədoğlu