ATƏT-in Bakıda keçirdiyi polis və kütləvi aksiyaları işıqlandıran jurnalistlər mövzusunda seminardan qeydlərim var. Bu seminardan aldığım təəssürat budur: Azərbaycanda polislər və tənqidçi media sinfi düşmənlərdir. Bu hal necə yaranıb, ciddi təhlil aparmayacağam.
Azərbaycan polisinin tənqidçi medianı görməyə gözü yoxdur, əlacı olsa, əminəm ki, bir gecədə jurnalistlərin hamısını ət maşınından keçirər.
Polislərin tədbirdə mənə verdiyi sual, ittihamlar əsasən belə idi: Jurnalistlər ancaq polisin mənfi cəhətlərini yazır, niyə bir dəfə də olsun, müsbət işlərimizdən yazmırsınız?
Heç cür izah edə bilmədim ki, medianın əsas işi tənqiddir. Polisin yaxşı iş görməyi hadisə deyil, çünki bu, onun vəzifəsidir. Bunun üçün ona tərif demirik, amma büdcədən maaş ayrılmasına razılaşırıq.
Mənim başqa sualım da oldu, dedim: Siz müsbət yazı deyəndə nələri nəzərdə tutursunuz, polis haqqında yaxşı yazı necə olmalıdır? “Azadlıq” kimi müxalif qəzet polisin keçirdiyi əməliyyatlar barədə hər gün məlumat yayır: filan yerdə cibgir yaxalandı, filan yerdə qatil tutuldu və s. Bu işləri polis görür və onlar polisin gördüyü yaxşı işlərdir, onu da yazırıq. Daha yaxşı yazı necə olmalıdır; jurnalistlər polislərimizin bədii, musiqi zövqlərinin, geyim stillərinin, telefon markalarının yüksək səviyyədə olması barədə sicilləmə yazmalıdırlar?
Seminarda biz ATƏT-in məruzəçisinin M.Saakaşvilinin polis islahatları barədə söylədiklərini dinlədik. Mən fikir verdim, polislərimizin əlləri ağızlarında qalmışdı.
O məlumatların bəzilərini burada bölüşməyi faydalı bilirəm. Oxuyandan sonra siz də əmin olacaqsınız ki, “regionun lider dövlətiyik” deməklə iş bitmir, bu sözlərə layiq olmaq üçün ortada əməl olmalıdır.
Gürcü polisini haqda bunları bilirsinizmi?
Saakaşvilinin islahatları başlayanadək (2004) Gürcüstanda polisin sayı 65 min olub. Polis başdan ayağa korrupsiyaya qurşanıb. Əhalinin ancaq 10 faizi polisə etimad göstərib.
O zaman polis əməkdaşlarının orta aylıq əməkhaqqısı 68 dollar imiş.
Islahatlar nəticəsində ilk növbədə polisin keyfiyyətinə önəm verilib, kəmiyyətinə yox. 68 minlik heyət 27 minə endirilib.
16 minlik Dövlət Yol Polisi tamamilə buraxılıb. Polisin yeni heyəti açıq müsabiqə yolu ilə formalaşdırılıb. Islahatlardan sonra polisdə orta aylıq əməkhaqqı 1000 dollara yüksəlib.
Islahatlara qədər Gürcüstan ərazisində olan 200 “vor-zakon”un yarısı həbsə atılıb, yarısı isə onlar üçün münbit olan yerlərə – Rusiyaya-filana gediblər.
Cinayətkarlıq 37 faiz;
Qətllər 40 faiz;
Silahlı basqın 68 faiz;
Oğurluq 59 faiz;
Avtomobil oğurluğu 75 faiz azalıb.
Gürcü cəmiyyətinin kilsədən sonra ən çox etimadı polisə yaranıb – 84 faiz.
Islahata qədər gürcü polisi bizə yad olmayan ayamalarla çağırılıb: ment, it və s.
Islahatlardan sonra ancaq 2 faiz bu leksikona sədaqətini saxlayıb. Hər kəs polisi yüksək epitetlərlə yad edib.
Göründüyü kimi, nəticə səbəblərə bağlıdır. Vəzifəni layiqincə yerinə yetirəcəksənsə, hər kəs səninlə hesablaşacaq. Hər kəsdən də olmasa, əksəriyyətdən qiymətini alacaqsan.
Yoxsa, halva-halva deməklə iş bitmir. Azərbaycan polisi imicinin dəyişməsinin qayğısına qalırsa, yeni velosiped icad etməyə ehtiyac yoxdur. Ortadakı nümunədən bəhrələnsinlər.
Balta və qadın
Ana vətənimizdə iki gün əvvəl ağır qətl hadisəsi baş verdi.
Bir kişi həyat yoldaşını və qızını baltalayıb öldürdü. Bəli, ürəyimiz ağrıdı. Dəhşət idi.
Hadisədən təsirlənərək bir qrup xanım ictimai fəal Ilham müəllimə məktub yazdılar ki, əlahəzrət, vəziyyət kötüdür, məişət zorakılığı artır, tədbir gör!
Bəli, ilk baxışdan xoşməramlı bir hadisədir. Lakin mən hər şeyin arxasında siyasət görən biri kimi düşündüm: Bu möhtərəm xanımlar məişətdəki zorakılığa qarşı olduqları kimi məişətdən kənar zorakılığa da qəzəblidirlərmi? Məsələn, onlar Azərbaycan polisinin aksiyalarda xanımlara qarşı vəhşi davranışına, zorakılığına niyə susqundular?
Yoxsa gözləyirlər ki, polislər aksiyaçı xanımları baltalasın, sonra səslərini ucaltsınılar?
Kişinin qızını, arvadını, sevgilisini döyməsi pisdir, lənətləyirik.
Bəs kişi cinsindən olan yad bir polisin azadlıq və demokratiya istəyən qadınları döyməsi, söyməsi, sürüməsi gözəl və məqbuldurmu?