Bizim ölkədə çox dəyər, anlayış hörmətdən salınıb. Onlardan biri də tolerantlıqdır, xoşgörüdür.
Indi bir az yaxşıdır; 3-4 il əvvələ qədər Bakıda “qandilərin”, “lüter kinqlərin”, “mandelaların” əlindən tərpənmək olmurdu.
Bu adamlar çox səbrli görükər, qanımızı sovuran hökumətə qarşı uca səslə yox, həlim, bir az da təbəssümlə davranmağı vacib bilirdilər.
Onlara görə, Əliyevlərin müxaliflərə, tənqidçi mediaya qaba, kobud davranışında elə ikincilər günahkarmış. Guya hökuməti sərt üslubda tənqid etmək qıcıq, aqressiya yaradır, problemlərin həllinə təşəbbüsü öldürür.
Çox şükür, qısa müddət ərzində hökumət bu düşüncədə olanları peşiman etdi. Dilindən Ilham Əliyev sözünün “I”-si çıxmayanları hətta ezop dilində tənqidlərinə, narazılığına görə türməyə saldı, işdən çıxardı, qara PR-a tuş etdi. Kim ki, səmimi olaraq müxalifətin üslubunda xəta görürdülər, bu hadisələrdən sonra yanıldıqlarını dərk etdilər; onlar ya öz üslublarını dəyişdilər, ya da sadəcə olaraq əvvəlki bayatılarını uca səslə daha təkrarlamadılar.
Amma susmayanlar da var. Məsələn, Fazil Mustafa.
Adı böyük bir partiyaya sədrlik edən Fazil Mustafa səlahiyyətli şəxslərdən, məmurlardan danışanda dizləri əsir; onlara qarşı yumşaq ifadələr, tikansız cümlələr qurur. Əsaslandırması da var: xoşgörü-filan.
Bu üslub müxalifətdən söz gedincə elə unudulur ki. Fazil Mustafanın son günlər yazdıqlarını görürük, sözün əsl mənasında gözünü yumub, ağzını açır. Təhqirin biri bir qəpik, şər, böhtan…
Bu ikiləşmənin adı nədir, mən riyakarlıq deyərdim, ancaq bu çox yumşaq ifadə olar.
Fazil Mustafa hələ nə boyda xətalara yol verdiyini anlamır.
Elçibəy adına xəyanət etdiyinə görə ana təbiətin belə lənətlədiyi bu adam düşünür ki, sağa-sola söyüş yağdırmaqla hörmətini artıracaq.
Fazil indi hamı ilə söz güləşdirməyə hazırdır, bircə rejimin özü ilə yox. Adam müxalifətdir, amma işi gücü müxalif yazarlar, etirazçı insanlardır. Hökumətin bir məmurunun adını çəkib tənqid etmək qorxusu yaşayan F.Mustafa artıq gənc müxalif etirazçılar səviyyəsində davaya başlayıb.
Indi də o gənc fəal Rəşadət Axundovu şərləmək, gözdən salmaq istəyib.
Fazil Qəzənfəroğlu yazır ki guya Rəşadətə onun dostlarından biri köməklik edib Macarıstana oxumağa göndərib. Amma Rəşadət oxuyub geri dönəndən sonra o adama salam da verməyib, deyib ki, iqtidara yaxınsan.
Rəşadət bu hadisəni təkzib edir və biz, əlbəttə, saxta deputata yox, vicdanlı Rəşadətə inanırıq.
Lakin olay Fazil Mustafanın yazdığı kimidirsə belə, Rəşadətin əlini sıxmaq lazımdır. Bu hadisə mənim yadıma Nəriman Nərimanovu salır.
N.Nərimanov milyonçu Tağıyevin pulu ilə Odessada oxuyur. 15 avqust 1906-cı il tarixində Bakıda Qafqaz müsəlman müəllimlərinin I-ci qurultayına qatılır. Qurultayda o, Hacının müdafiə etdiyi üsul-idarəni inqilabı tezislərlə tənqid edir. Qurultayın növbəti günündə Hacı, onun qul qaravaşları Nərimanova qarşı kampaniya başlayır. Müəllimlərə tənə edirlər ki, siz nə səviyyədəsiniz ki, cibində qara qəpiyi olmayan Nərimanovaun sözü ilə oturub durursunuz.
Kürsüyə qalxan Nərimanov fazillərin hələ indi də başa düşmədiyi fikirləri səsləndirir: “Başqalarının nəinki açıq danışdığı, hətta çar istibdadına qarşı azadlıq yolunda öz qanlarını tökdükləri bir zamanda, mən heç kəsə ixtiyar verməmişəm və imkan vermərəm ki, mənfur qızılın gücü ilə məni susdursun. Mən zəmanəmizin zalımlarından xilas olmaq üçün, gələcək nəsillərin özünü mənfur qızıla satmaması üçün bütün qurultay qarşısında cənab Tağıyevin təqaüdündən məmnuniyyətlə imtina edirəm”.
Hər şeyi pulla ölçmək, pulla qiymətləndirmək: Fazil Mustafa da Ilahm Əliyevin bu metodunu, bərakallah, yaxşı məimsəyir. Bunlar elə bilir ki, hamını pulla alıb, istədikləri kimi istifadə edə bilərlər. Yanılırlar, yanılacaqlar da.
Günün sualı
YAP-çı deputat Mübariz Qurbanlı qurd ürəyi yeyibmiş ki…
Müsahibəsin oxudum. Müxbir ondan soruşub: parlamentdə ən zövqlə geyinən xanım kimdi? Bahar Muradova, demiş.
Bəs birinci ledi, Mehriban xanım?! Əcəba Mübariz müəllim onu deputat saymır, yoxsa zövqünə şübhə edir?