Daha bir etiraz aksiyası keçirdik. Bəzi yeni adamlardan dəstək alsaq da, yenə əsas ağırlıq “facebook” əhlinin də tanıdığı fədakarların üzərinə düşmüşdü.
Aksiya alındı. Demirəm rejimin belini qırdıq, qələbənin bir addımındayıq və s. Ancaq hamı razılaşar ki, aksiyamız xeyli insanda ruh yüksəkliyi yaradıb.
Xüsusilə dünya mediasının aksiyamıza marağı Əliyevlər rejimini el-aləmdə bir daha ifşa etdi, xalqımızın bu mandat alverçilərinə nifrətini bir az da artırdı.
Aksiyaya hamı, iştirak etməyənlər də dəstək verir və belə bir vaxtda üzdə (guya) müxalifət düşərgəsinə aid bəzi adamlar müzakirənin, qınağın ünvanını dəyişməyə cəhd edirlər.
Bəs sən demə bu adamları dərd götürüb ki, aksiyaya müxalifət liderləri şəxsən qatılmayıblar. Guya onlar aksiyaya qatılsaydı, xalq meydana axın edəcəkdi…
Əzizlərim, siz bu nağılları mübarizə təcrübəsi olmayanlara danışıb baş qata bilərsiniz, amma sıra bizə gələndə, bağışlayın, keçməyəcək…
Əvvəla şəxsən mənə bəzi başqa partiyaların üzvlərindən fərqli olaraq bu barədə danışmaq çox rahatdır. Çünki mənim üzv olduğum partiyanın sədri 1994-cü ildən (yeri gəlmişkən, hələ də o mitinqdə Əli bəyə qarşı açılmış cinayət işinə xitam verilməyib və ona pasportu bu bəhanə ilə vermirlər) 2005-ci ilədək “N” qədər razılaşdırılmamış mitinqdə iştirak edib, bizim kimi döyülüb də, həbs də olunub, amma nə millət meydanlara axışmayıb, nə də xalq xilas olmayıb.
Indi də əminəm ki, daha həlledici məqamlarda liderimiz mübarizənin önündə olacaq. Mənə çox maraqlı gəlir, necə olur ki, bu mübarizənin bütün ağırlığını çiynində daşıyan, hər cür fədakarlıq edən insanların öz liderlərinə etimadı tamdır, onlardan bir nəfərə də rast gəlməmişəm ki, liderləri indi mitinqə çağırsınlar. Əksinə, sizə etiraf edim ki, bizlər bunu heç istəmirik.
Niyəsini də deyim.
Liderlər mitinqə gəlsə, hökumət itli-pişikli bütün qüvvələrini ora səfərbər edəcək ki, hamının qarşısında liderlərimizə əl qaldırsınlar. O zaman biz də məcburən liderlərimizi qorumaq üçün polislə əlbəyaxa olacağıq, biz az olduğumuza görə sonda bu döyüşü uduzacağ, yaxşıca da döyüləcəyik. Indi bəzən qaçıb aradan çıxırıq, onda bunu özümüzə yaraşdırmayacağıq.
Bu bizə lazımdır? Qəti deyirəm ki, yox.
Ümid edirəm, liderlərimiz də qərar qəbul edəndə heç vaxt özü real mübarizə aparmamış, məhrumiyyət, repressiya yaşamamış, hansısa şübhəli məqsədli ekspertəri yox, ömrünü meydanlarda keçirən və gerçək qələbə arzulayan bizləri eşidəcək.
Almanları ağlatdım
Azərbaycana 30 yaxın alman heyəti gəlib. Çoxu jurnalist və sosioloqdur. Srağagün Şahvələd bəylə məni şam yeməyinə dəvət edəndə dostlarıma dedim ki, inşallah, onlar AzTV-nin təsvir etdiyi alman krizisindən çıxmaq üçün bizdən çarə soruşmağa gəlməyiblər.
Görüş baş tutdu, Azərbaycan həqiqətləri barədə doyunca danışdıq. Almanların sifətində xoşbəxtlik ifadəsini görən kimi toxdadım, əmin oldum ki, hər şey AzTV-nin göstərdiyi kimi deyil. Alman qardaşlar hələ deyib güləcək qədər taqətlidirlər.
Alman yoldaşlar bizim iş şəraitimiz, maaşlarla maraqlandılar. Bu bahalı şəhərdə necə yaşayırsınız? Elə cavab verdim, ürəklərini tutdular. Əlbəttə ki, qəsdən elə ağlaşma qurmuşdum. Çünki istəmirəm böhran girdabında məhv olan Almaniya vətəndaşları Odlar Yurduna mühacir kimi üz tutub buranı zay etsinlər, boğazımıza şərik olsunlar. Məncə, istəyimə çatdım. Onlar bura bir də çətin gələ.