Heydər Əliyev Mərkəzindəki yanğının tüstüsü çəkildi. Indi bəzi şeyləri aydın görməyin zamanıdır.
Sirr deyil ki, bu yanğın xalqın geniş təbəqələrinin sevincinə səbəb oldu. Belə baxanda, “Jalə” şirələri ilə bəslənən siyasətçilərin və yazarların təəccübü əsaslı görünür: necə olur, dövlətin milyonları bahasına başa gələn bina yansın, amma vətəndaşlar buna sevinsin?
Sevinənlərə nə ad verildi, bilirsinizmi? “Jalə” şirəsinin kəramətinə bələd olanlar onları “Vətən xaini” adlandırıb.
“Jalə”liləri “yandıran” Mərkəzin hədər olması deyil. Sadəcə, onlar yanğından öz ağaları üçün qazanc götürmək istəyirlər. Belə olmasaydı, “vətən xainlərinə” həsr olunan ən müxtəlif tipli yazılarda yanğınsöndürənlərin “fövqəladə” bacarığı dönə-dönə vurğulanmazdı.
Bəli, yanğını söndürən zəhmətkeş insanlara təşəkkür düşür. Amma illah da Kəmaləddin Heydərovu tərifləmək üçün nə Heydər Əliyev Mərkəzinin yanmasını gözləmək lazım idi, nə də müxalifət cəbhəsini “vətən xaini” adlandırmaq.
Yazının əvvəlindəki suala qayıdaq: niyə vətəndaşlar faciəyə sevindilər?
Ağılları varsa, bu sual üzərində düşünməlidirlər, daha insanların ülvi hisslərinə diş qıcıtmamalıdırlar.
Yoldaşlar, illərdir dediyimiz problem də budur: dövlət aparatı ilə xalq arasında ciddi uçurum var. Azərbaycanda hakimiyyət və xalq yağla su kimidir, bir yerdədilər, amma birgə deyillər. Hakimiyyətin mənbəyi xalq olmadığından, xalq hər gün “dövlət” adlandırılan qurumun istismarına məruz qaldığından, bu iki subyektdə eyni olay ayrı-ayrı hisslər yaradır.
“Axı tikinti, aparılan təmir büdcədən ödəniləcək, xalqın cibindən çıxacaq” kimi fikirləri mən də yazaram. Ancaq bu sözlər çox pafosludur, reallığı əks etdirmir. O baxımdan ki, xalq büdcəni öz cibi saymır. Dövlətin büdcəsi bizdə çoxdan Ilham müəllimin xəzinəsi kimi başa düşülür. Insanlar bu düşünlərində heç yanılmırlar da.
Faciəyə sevinməyi nadanlıq adlandırırlar. Olsun. O zaman zəhmət çəkib bu suallara da cavab yazsınlar.
Azərbaycan Dövlət Neft Akademiyasında fidan kimi gənclik terror qurbanı ediləndə, Sabirabadda Kür daşqınları insanları fəlakətə salanda, bir gənc suda boğulub öləndə onların cəsədi soyumamış “Gül bayramı” keçirmək nadanlıqdır, yoxsa müdriklik?
Deyirlər, Heydər Əliyev Mərkəzi Bakının yeni simasıymış, tarixi bina imiş, bu səbəbdən də onun qəzasına sevinmək vandalizmə şərik olmaqdır. Necə də gözəl sözlərdir…
Görəsən, Azərbaycan hakimiyyəti və onun “Jalə”li simaları nə zamandan tarixi abidələrin qayğısına qalan olub?! Illərdir beynəlxalq aləm də Əliyevçi hakimiyyəti insanların mülkiyyətini qəsb etdiyinə, dağıtdığına görə tənqid etmirmi? Yoxsa, bu tənqidləri heçmi oxumadılar?
Içəri şəhərdə hakim ailənin söküb dağıtdığı qala divarları mədəniyyət hadisəsidirmi?! Yoxsa, “Qış bulvarı” adlanacaq yerdə qədim binaları traktorla dağıtmaq idi yüksək mədəniyyət?!
Camaatın evini başına uçurub anasını necə ağlar qoymuşdunuzsa, indi də sizin mənəvi atanızın adını daşıyan obyektin yanması o göz yaşlarının kompensasiyasıdır.
Mən “Jalə”li yazıları oxuyub özüm-özümə şükür etdim: nə yaxşı ki, Azərbaycan hələ Şilami Koreyaya çevrilməyib. Orada rəhbərin ölməyinə ağlamayanlara həbs cəzası verirdilər. Bu adamlardan olsa, Heydər Əliyev Mərkəzinin yanmasına ağlamayanları odda yandırardılar.
Xülasə, dövlət vətəndaşlara hansı münasibəti göstəribsə, indi də onun cavabını alıb. Hesab “1:1″dir.