Sabirabad polisinə çağırıldığımı bəziləriniz bildi. Rəsmi səbəb bu idi: Ictimai Palatanın ITV qarşısında keçirdiyi razılaşdırılmamış aksiyada iştirak etməklə, ictimai qaydanın pozulmasına, vətəndaşların istirahət hüququna mane olmuşam- filan, buna görə məndən izahat alınmalı, profilaktik söhbətə tutulmalıyam.
Dərhal yazım ki, bu aksiyada reportyor olmuşam, reportaj hazırlamışam. DIN-nin müşahidəçi olduğum aksiyaya görə bir günümü və xeyli pulumu tələf etməsini özümə qarşı qərəz, ictmai rəydə xof yaratma cəhdi kimi qiymətləndirirəm. Qərəzi inkar etsələr, onda bu çağırışın bir adı var, naşılıq, qeyri-professionallıq.
Hadisənin məğzini keçmədən üzdə olan sadə detallarla Azərbaycan polisinin nə qədər peşəkarlığa yad olduğunu göstərək. Mənim bərəkətli Muğan topraqlarından – Sabirabaddan ayrılmağım bu günlərdə 7 ilə keçəcək. Üzdə olan adam sayılıram, hər gün qəzetdə yazılarım gedir, iş yerim, internet ünvanım apaydın ortada. Yaxşı, tutaq ki, mənlə bağlı doğrudan da hansısa söhbətə ehtiyac var, neyçün bunu Bakıda yox, Sabirabadda etməliyəm?
Sabirabad polisinin izahına görə, Bakıda qeydiyyatda dursaydım, rayona çağırılmazdım. Inandırıcı deyil. Məqsəd təkcə izahat yazdırmaq, söhbət etməkdirsə, bir telefon zəngi yetərdi: Vətəndaş, filan saatda filan bölmədə ol.
Ancaq haqqını yeməyək, Sabirabad polisinin sözlərində də haqq var. Şəxsən mən Bakıdakı aksiyalarda saxlananda faktiki yaşadığım yeri gizlədirəm, demirəm. Təbii səbəbdən. O dəqiqə kirayə yaşadığın evin sahibini məngənəyə salıb evdən adamı qovdururlar. Bunu polisə dedim, “taaa bu qədər də olmaz” dedi. O elə deyir, siz oxucular ki bilirsiniz, olur belə şeylər.
Azərbaycandakı polis çox mürəkkəb şəxsiyyətdir. Onlarda ciddi şəxsiyyətin haçalanması prosesi gedir. Bizim polisin qabağında azacıq yazıq göründün, dişləri sənə batdısa, qanın getdi. Yox, hiss etdilər ki, sənin mövqeyin Ingilis bayrağı-filan deyil, olurlar qayğıkeş vətəndaş. Hamımızın bir vətəni, bir dini, bir dərdi kimi söhbətlərinin biri bir qəpik olur.
Məni dindirən Seyran adlı polis zabiti də üstümə “Barbarossa” planıyla gəldi:
– Işin-gücün yoxdur, aksiyada nə işin var?
– Mənim işim həm də budur. Ölkədə avtoritarizmlə mübarizə, demokratiyanı qurmaq həm də sizin işinizdi.
– Mən öz işimi görürəm, ulu öndəri, onun layiqli davamçısını dəstəkləyirəm. Onun uğurlu siyasətinə mane olanları şiddətlə qınayıram…
Polis zabiti AzTV-dən əzbərlədiyi qısa nitqi bitirmək məqamında ona dedim ki, axı qanun sizə siyasətlə məşğul olmağı qadağan edib, niyə qanunu pozursunuz, məni siyasi cəhətdən təlimatlandırırsınız?
Polisin cavabı sizi çətin təəccübləndirər: “Indi sən məni şərləyirsən, səni elə şərləyərəm, əlli-ayaqlı gedərsən!!”.
Mən şəhadət gətirdim ki, polisimizin adam şərləmə qabiliyyəti ilə qələt edib rəqabət edərəm, onların bu sahədə danılmaz üstünlüyü var. Bundan sonra polisin tövrü düzəldi.
Daha sonrakı söhbətimizdə mən uzun və təsirli çıxışlarla polisi başa salmağa çalışdım ki, bizim başımız xarab deyil, savad və bacarığı yerində olan adamlarıq. Çünki polisə elə gəlirdi ki, mən və dostlarım ecahannıqdan, həyatda yer və məşğuliyyət tapmadığımızdan müxalifətçilik kimi riskli işlə məşğuluq. Diplomum haqqında məlumatlanandan sonra polis lap çaşqın duruma düşdü. Əksər polislər kimi o da oxumuş adamların “başını aşağı salıb çörəyini ye” ehkamına boyun əyənlərdən idi.
Polis mənə “silahımı yerə qoyub o tərəfə keçməyi də” dostyana təklif etdi. Bunu edənlərin olduğunu da xatırlatdı. Bir daha aydın oldu ki, milli polis öz vəzifəsi ilə yox, siyasi komissarlıqla məşğuldur. Bu fakt siyasi hakimiyyətin nə qədər gücsüz, arqumentsiz olduğuna dəlil deyilmi?
Əlində nəhəng dövlət aparatını, resursunu cəmləyən bir siyasi komanda, bütüm imkanlardan məhrum etdiyi rəqibləri ilə qarşılaşmağa qorxur; televiziyada, mətbuatda debatdan qaçır, arqument savaşına girməkdən yayınır; cəmiyyətdə özünə tərəf cəlb etməyə heç nəyi yoxdur. Əlac qalıb siyasi rəqibləri dünyanın gəliş-gedişindən bixəbər qalan polisin şəri ilə qorxutmağa…
Hallarına acımıram.